Supermarketlərin “super” qazancı

759
Alıcıların marketlərdə aldadılmaları ilə bağlı mətbuatda yayılan məlumatlardan təəssüf ki, nəticə çıxaranlar azdır. Alıcılar şikayətlənir, mətbuat gündəmə gətirir, bir müddət düzəlir, sonra yenə eyni vəziyyət. 
Hər halda belə qənaətə gəlmək olar ki, market sahibləri asan qazanc yollarından əl çəkməkdə maraqlı deyillər. Məsələn, bir müddət öncə qəzetimizdə iri marketlərdə malın vitrində göstərilən qiyməti ilə kassada vurulan qiyməti arasında fərq olması barədə yazı dərc olunmuşdu. Məlum olmuşdu ki, bu, təkcə bir marketdə müşahidə edilən hal deyil, bir çox marketlərdə artıq ənənə halını alıb. Bu yazımızda isə iri marketlərin alıcılara qaytarmalı olduqları, amma qaytarmadıqları qəpiklər hesabına külli miqdarda qazanc əldə etmələrindən bəhs edəcəyik…

 

Müştərinin ikiqat aldadılması

Bu mövzu barədə yazmaq qərarına qəfil gəldim, daha doğrusu, bir marketdə üzləşdiyim və təəccübləndiyim bir hadisə səbəb oldu. Belə ki, səhər işə gələrkən böyük marketlərin birindən şirniyyat almaq qərarına gəldim. Üstünə 77 qəpik yazılmışdı. Satıcıya 1 manat uzatdım, 80 qəpik çıxdı. Açığı, düşündüm ki, yəqin o, 3 qəpiyin əvəzinə mənə birdəfəlik istifadə olunan çay paketi təklif edər. Lakin satıcı mənə baxdı, mən də satıcıya, gördüm bir tərpəniş yoxdur, marketdən çıxdım. Əslində söhbət o 3 qəpikdən, 5 qəpikdən getmir, məsələn, bilsən ki, sənə çatmalı olan o xırda pullar yığılır və ayın sonunda hansısa bir xeyriyyə məqsədi ilə xərclənir, sevinərsən. Amma elə deyil. Təsəvvür edin, iri marketlərə hər gün yüzlərlə müştəri gəlir, hər dəfə müştərilərdən çox məbləğdə “artıq qalır”, amma başqa vaxt alış-veriş edəndə elə həmin alıcının pulu çatışmayanda aləm dəyir bir-birinə…

İri marketlər var ki, orada rəhbərliyin tapşırığı ilə xırda pullar müqabilində müştərilərə paket çay və ya kibrit verilir. Amma bəziləri buna lüzum görmür və həmin pulu əlavə qazanca çevirir…

Bəzi market sahibləri bu yolla müştərini ikiqat aldatmış olurlar. Birincisi, vitrində mal ucuz görünür, ikincisi, həmin qalıq alıcıya verilmir.

Təbii ki, dövlət kiçik nominasiyalı qəpikləri dövriyyəyə ona görə buraxıb ki, hesablaşmalarda şəffaflıq, dürüstlüyə əməl olunsun. Amma indiki halda bu kimlərəsə sərf eləmir. Unutmaq olmaz ki, bütün pul nişanları, o cümlədən xırda pul nişanları respublika ərazisində qanuni ödəniş vasitəsi hesab olunur…

 

Mallara yuvarlaq qiymət qoyulmur və…

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu”nda qeyd olunur ki, istehlakçının tələbinə qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir. Bəli, haqqında danışdığımız marketlər alıcıya kassa çeki verirlər, amma o çekdə qiymət məhz özlərinə sərf edən formada yazılır.

Yazının girişində bir marketdən misal gətirib, qiyməti 77 qəpik göstərilən şirniyyatın 80 qəpiyə satıldığını bildirdim. Təbii ki, həmin alış-verişə görə satıcı mənə çek verdi, amma orada qiymət məhz 77 qəpik göstərilir. Deməli, alıcıdan alınan artıq pullar bununla həm də ümumi dövriyyədən yayındırılır. Kiçik mağazalarda isə, adətən, malların qiyməti yuvarlaq qoyulur…

 

Xidmət: “Anonim müraciətlərə baxılmır”

Mövzu ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək üçün İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etdik. Xidmətdən bildirdilər ki, əgər satış mərkəzlərində edilən alış-veriş zamanı müştəriyə qaytarılmalı olan qəpiklər qaytarılmırsa, bu, istehlakçının hüquqlarının pozulması deməkdir. Xidmətdən onu da əlavə etdilər ki, bu halla üzləşən hər bir vətəndaş, ilk növbədə, mağazanın satıcısına, daha sonra rəhbərliyə iradını bildirməlidir: “Belə hallarla üzləşən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə də müraciət edə bilərlər”.

Qurum bildirir ki, bu zaman vətəndaş öz adını, soyadını bildirməli, əlaqə telefonunu söyləməli və marketin adını, ünvanını mütləq qeyd etməlidir: “Xidmətə edilən müraciətlərin hər biri araşdırılır, ancaq anonim müraciətlərə baxılmır”.  Bu vəziyyətlə üzləşən vətəndaşlar 012-498-15-01, 012- 498-15-04 nömrələrinə zəng vurmaqla İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət ünvanlayıb, araşdırma aparılmasını və tədbir görülməsini tələb edə bilərlər.