“Sumqayıt”ın kapitanı: “Çempion olmağa potensialımız var”

485

Premyer Liqanın 4 turu artıq geridə qaldı. Aktivində 9 xal olan “Sumqayıt” gözlənilmədən turnir cədvəlinə başçılıq edir. Komandanın müdafiəçisi və kapitanı Ruslan Poladov “Sumqayıt”ın və çempionatın hazırkı səviyyəsi ilə bağlı danışdı. Təcrübəli futbolçu müsahibə zamanı çempionluqdan belə, dəm vurdu.

– Öncə “Araz Naxçıvan”la oyunu dəyərləndirərdin…

– “İnter”ə 1:5 hesablı məğlubiyyətdən sonra komandada motivasiya bir az aşağı səviyyədə idi. Buna baxmayaraq, baş məşqçinin tapşırıqlarını yerinə yetirərək, özümüzdə güc toplayıb azarkeşlərimizin dəstəyi ilə qələbə qazanmağı bacardıq. Bu qələbə bizə çox lazım idi, çünki evdə oynayırdıq. “Araz Naxçıvan”ı məğlub etməklə birinci pilləyə yüksəldik. Həm də evdə qələbə qazanmalı idik. Ona görə də, var gücümüzü sərf edərək, meydançada əlimizdən gələni etdik.

– Rəqib komanda onları hakimlərin köməyi sayəsində məğlub etdiyinizi iddia edir. Həqiqətən də, hakim köməkliyi hiss etdinizmi?

– Hakim köməkliyindən söhbət gedə bilməz. Elə bir şey yox idi, ola da bilməzdi. Hava küləkli idi, oyunumuza mane olurdu. Belə bir vəziyyətdə hakim bizə nə kömək edə bilər ki?! Biz meydançaya oyunumuzu göstərməyə çıxırıq.

– 52-ci dəqiqədə Vurğun Hüseynov qırmızı vərəqə aldı və təxminən 40 dəqiqə azlıqda çıxış etdiniz. Səncə, belə bir vəziyyətdə hakimlikdən siz şikayətçi olmalısınız, yoxsa rəqib?

– Bəli, Vurğun Hüseynov qırmızı vərəqə alandan sonra uzun müddət 10 nəfərlə oynadıq. Şikayətçi olmağa heç bir əsas olmadığına inanıram. Biz meydançaya qələbə qazanmağa çıxırıq.

– İlk 4 turdan sonra aktivinizdə 9 xal var və lidersiniz. Bunu gözləyirdinmi?

– Əlbəttə, bu nəticə bizim üçün yaxşıdır. Gözləməkdən əlavə, biz komanda olaraq meydançaya qələbə qazanmaq istəyi və həvəsi ilə çıxırıq. Hər bir komanda meydana qələbə üçün çıxırsa, yüksək nəticə olması da çox normaldır. Sadəcə olaraq, qələbəyə inanıb, bunun üçün mübarizə aparmaq lazımdır.

– Səncə, hazırda lider olmağınız qanunauyğunluqdur?

– Sırf “Qarabağ”la oyunun nəticəsini hesab etsək, bu da reqlamentə əsasən verilmiş xaldır. Düzdür, məğlub olduq, lakin texniki məğlubiyyət də futbol qaydaları çərçivəsindədir. Bu nəticə əlbəttə qanunauyğunluqdur. Bizim komandamızın qanundan kənar heç bir işi olmayıb, hər şey normaldır. “Xəzər Lənkəran” və “Araz Naxçıvan” üzərində layiqli qələbə qazanmışıq. Turnir cədvəlində lider olmağımız ədalətlidir.

– Əslində 4 oyundan 2-də məğlub olmusunuz. Özü də böyük hesabla. Bu, hələ də komandanın istənilən səviyyədə olmadığına işarə deyilmi?

– Mən deməzdim ki, komandamız istənilən səviyyədə deyil. 2-3 təcrübəli futbolçuları çıxmaq şərtilə “Sumqayıt” gənclərdən qurulmuş komandadır. Ona görə də futbolçuların bir-birinə uyğunlaşması bir az vaxt alır. İnanıram ki, getdikcə daha yaxşı oyunlar sərgiləyəcəyik.

– “Simurq”da da kapitan olduğundan, eyni vəzifəni “Sumqayıt”da da yerinə yetirmək sənə çətin olmamalıdır. Yeni komandanda kapitanlıq necə gedir?

– Allaha şükür, hər şey öz qaydasındadır. Hörmətlə yanaşırlar, sağ olsunlar.

– İlk 4 tura əsasən Premyer Liqanın cari mövsümdəki səviyyəsi barədə nə deyə bilərsən?

– Çempionatımızın səviyyəsini oyunlara baxdıqda görmək olur. Hamı bir-birindən xal ala bilir. Heç bir komanda zəif deyil, hamısı lider olacaq səviyyədədir. Cəmi 4 tur keçməsinə baxmayaraq, demək olar ki, klublar özlərini göstəriblər. Qələbə qazanmağı ən çox istəyən komanda arzusuna çatır və layiq olduğu yeri tutur. Gələcəkdə necə nəticələr olacaq, bu, məşqlərin sayəsində müəyyənləşəcək.

– Sənin çempionluğa əsas favoritin kimdir?

– Əlbəttə “Sumqayıt” çempionluğa əsas favoritimdir. Çünki mən hansı komandada oynayıramsa, həmin klubda çempionluq üçün çalışıram. Kənardan elə görünə bilər ki, bu komandanın potensialı müəyyən yerə qədərdir. Lakin futbolçunun öz hədəfi böyük olmalıdır, istəyi olmalıdır. General olmaq istəməyən əsgər, əsgər deyil. Futbolçunun məqsədi də odur ki, oynadığı klubu ən yüksək səviyyəyə çatdırsın.

– Bəs “Sumqayıt”ın potensialı bu yarışda çempion olmağa imkan verir?

– İnanıram ki, bizim çempion olmağa potensialımız var. Bundan əlavə, futbolçu formasını geyindiyi klubun hansı səviyyədə olmasına baxmayaraq, hədəfi böyük olmalıdır. Hara qədər gedə biləcəyik, onu Allah bilər. İnşallah, uğurlu çıxışa davam edərik.

RASİM MƏMMƏDLİ