Sumqayıtda 119 uşaq infeksiya ehtimalı ilə xəstəxanaya daxil olub

537

Son üç gündə Sumqayıtda 119 uşaqda infeksiya ehtimalı ilə xəstəxanaya müraciət edilib. Bunu apa-ya Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev bildirib.

Onun sözlərinə görə, həkimə müraciət edənlər 2-5 yaş arası uşaqlardır: “Ayın 7-dən bəri Sumqayıtda 119 uşaqda infeksiya ehtimalı ilə əlaqədar xəstəxanaya müraciət olunub. Hazırda şəhər Uşaq Xəstəxanasında 54 uşağın müayinəsi davam edir. Yəqin ki, günün sonuna kimi onların da böyük əksəriyyəti evə buraxılacaq. Həkimə müraciət edənlərin əksəriyyətinə kəskin bağırsaq infeksiyası diaqnozu qoyulub. Onlarda əsasən baş ağrısı, ürək bulanma, qusma, halsızlıq müşahidə olunur”.

 

İ. Abdullayev, həmçinin qeyd edib ki, bütün uşaqlardan nümunələr götürülüb: “Bu nümunələrin nəticələri məlum olandan sonra biz dəqiq səbəbləri biləcəyik. Hazırda bizim işimiz bu infeksiyanın mənbəyini axtarmaqdır. İnfeksiya sudan da düşə bilər, qidadan da. Ona görə də əməkdaşlarımız su idarəsində olacaq və içməli sudan da nümunələr götürüləcək”.