“Sumqayıt” hamıya qan uddura-uddura gedir”

412

Yay fasiləsində heyətində köklü dəyişikliklər edən “Qəbələ” Avrokubokda mübarizəni erkən dayandırdı. Premyer Liqanın da ilk oyununda “İnter”ə böyük hesabla məğlub olan şimal təmsilçisi getdikcə özünü topladı və 5 oyundan 3-də qalib gəldi. Hazırda liderdən cəmi 3 xal geri qalan “Qəbələ” 9 xalla 4-cü pillədə qərarlaşır. Komadanın təcrübəli futbolçusu Cavid Hüseynov  müsahibəsində həm ilk 5 turdakı çıxışı dəyərləndirdi, həm də cari mövsümlə bağlı hədəflərindən söz açdı.

– Çempionatın ilk 5 turu hədəflədiyiniz kimi keçdi?

– Xeyr, hədəflədiyimiz kimi olmadı. Planımızda olmayan xal itkilərinə məruz qaldıq.

– “İnter”ə səfərdə böyükhesablı (0:4) məğlubiyyət və AZAL-a evdə (1:2) uduzmaq sizin üçün gözlənilməz olmadı?

– “İnter”ə məğlubiyyəti haradasa qəbul etmək olar, çünki ilk oyun idi. Bizim heyətimizdə dəyişiklik çox olub. Amma istənilən halda AZAL-a evdə məğlub olmamalıydıq.

– Səncə, komanda ilk 5 turda neçə xal toplamalı idi?

– AZAL üzərində qələbə qazanaraq 12 xalla 1-ci sırada olamlı idik. Yəni 5 oyunun 4-də qələbə qazanmalıydıq.

– Öncə evdə AZAL-a məğlub oldunuz, növbəti turda isə çətin Zaqatala səfərində “Simurq”a qalib gəldiniz. Bu ziddiyyətli çıxışı nə ilə bağlamaq olar?

– AZAL-a uduzsaq da, “Simurq” daha güclü komandadır. AZAL-la matçda sadəcə, bəxtimiz gətirmədi, çox qol şansımız oldu, dəyərləndirə bilmədik. Zaqatalada isə oyunumuzu göstərə bildik və qalib gəldik. Yaxşı komandamız var, getdikcə daha yaxşı oyunlar göstərəciyik. Baş məşqçi də bizə inanır. Ümid edirik ki, qarşıdakı turlarda daha yaxşı olacaq.

– İlk 5 tura əsasən çempionatın səviyyəsi barədə nə deyə bilərsən?

– Sizin də gördüyünüz kimi, Premyer Liqada da qeyri-stabil oyunlar gedir. Zəif komanda artıq yoxdur. Matçların hesabları gözlənilməz olur. Çempionat təzə başladığı üçün hələ nəsə demək tezdir. Birinci dövrə bitəndən sonra müəyyən fikir yürütmək olar.

– “Qəbələ” bu uzun marafona tam hazırdırmı və nəyə iddia etmək gücündədir?

-3-4 turdan sonra tam hazır olcağıq. Təbii ki, biz də çempionluğa oynayırıq.

– Heyət, demək olar ki, tamam dəyişilib. Futbolçular bir-birlərinə artıq tam uyğunlaşıblar?

– Sizin də dediyiniz kimi, komandamız yenidir. Hələ tam uyğunlaşma olmayıb. İstənilən səviyyədə olmağımız üçün bizə vaxt lazımdır.

– Bu mövsüm özünüzə ən ciddi rəqib kimi hansı komandaları görürsən?

– Çempionatımızda zəif komanda yoxdur. Hamsı ciddi rəqibdir. “Neftçi”, “Qarabağ” güclü rəqiblərdir. “Sumqayıt” hamıya qan uddura-uddura gedir (gülür), birinci pillədədir. Çempionatın liderinin heyətində də dəyişikliklər olub, amma yaxşı oynayırlar. Bu onu göstərir ki, zəif rəqib yoxdur. Heç bir komandaya qarşı boşalmaq olmaz. Meydançaya çıxanda ad rol oynamır, yaxşı oyun nümayış etdirmək lazımdır.

– Həftəsonu “Neftçi”ni qəbul edəcəksiniz. Azarkeşləri necə bir oyun gözləyir?

– Azarkeşlərimizi çox maraqlı oyun gözləyir. Komandamızda əhvali-ruhiyyə çox yüksəkdir. Ümid edirik ki, yaxşı oyun keçirərək, qalib gələrik. RASİM MƏMMƏDLİ