Sumqayıt hadisələri: təxribatçı ermənilər biri-birilərini tanımaq üçün üzərində xüsusi işarələr olan qara plaşlar geyirdilər

0
327

1988-ci il fevralın 27-29-da Sumqayıtda erməni millətçiləri tərəfindən törədilən təxribat nəticəsində 32 nəfər öldürüldü. O zaman “Exo Sumqayıta” qəzetinin baş redaktoru işləyən Əməkdar jurnalist Eyruz Məmmədov 31 ildir ki, həmin hadisələrin tədqiqatı ilə məşğuldur. Professor Ramazan Məmmədovla birgə yazdığı “Sumqayıt, 1988. Cinayət və cəza” adlı kitabı Azərbaycan, türk, rus, ingilis, ispan dillərinə tərcümə olunaraq, dünya ictimaiyyətinə çatdırılıb. AEyruz Məmmədovun Sumqayıtda baş verən kütləvi iğtişaşların ildönümü ərəfəsində 1988-1993-cü illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıt şöbəsinin sədri işləmiş Vladimir Nazaroviç Lebedevdən aldığı müsahibədə bəzi məsələlərə aydınlıq gətirilir.

Bu barədə danışan E.Məmmədov deyib: “V.Lebedev bildirib ki, 1980-ci illərin əvvəllərində Amerikanın Kaliforniya ştatında və Fransanın Paris şəhərində yaşayan erməni oliqarxları Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün ilk addımı ədavət yaradacaq bir kitabın çap olunmasında görür və bunun üçün müəllif axtarışına çıxırlar. Onlar sovetlər birliyində qatı millətçiliyi ilə seçilən və az-çox ittifaqda tanınan, “Literaturnaya qazeta”nın Ermənistan üzrə xüsusi müxbiri Zori Balayanın üzərində dayanırlar. Bu, azərbaycanlılara, türklərə nifrət edən erməni lobbisinin ürəyincə idi. “Ocaq” kitabının müəllifi Zori Balayan olsa da, onun ideyası, kitabın əsas konturları ABŞ-da cızılıb. Qalmışdı onu sistemləşdirib kitab halına salmaq. Z.Balayan bu işin öhdəsində bacarıqla gəldi və “Ocaq” kitabı Amerikada rus dilində çap olundu. Bu, kitab erməni oliqarxlarının maddi dəstəyi ilə ayrı-ayrı vaxtlarda 4 dəfə, müxtəlif dillərdə çap olundu, dünyada geniş təbliğ edilməyə başlandı. Həyata keçiriləcək məkrli planda Sumqayıt hadisələri də yer alırdı…”

Müsahibədən məlum olur ki, 1988-ci ilin ortalarında DTK-nın polkovniki Poponinin rəhbərliyi ilə Moskvadan Sumqayıta 30 əməkdaş gəlib. Onların təşkilatçılığı ilə erməni millətindən olan 40-dan çox ekstremist qrup Sumqayıtda gələrək qan töküb. Lebedevin “Sumqayıtda baş verən hadisələrdə Eduard Qriqoryanın əlindəki siyahını ona kim verib” sualına cavabı belə olub: hüquq-mühafizə orqanlarının arxiv materiallarında göstərilib ki, Qriqoryan 1988-ci ilin fevral ayının ortalarında iki dəfə Xankəndində olub, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla görüşüb və siyahını da ondan alıb. Sumqayıtda qətlə yetirilən ermənilər “Krunk” cəmiyyətinə üzvlük haqqından imtina edən vətəndaşlar idi.

“V.Lebedevin dediyinə görə, Ermənistanın rəhbərliyi Moskva vasitəsilə Qriqoryanı Azərbaycandan alıb Stavropol vilayətinin Budyonovsk şəhərində yerləşən cəzaçəkmə məntəqəsinə aparıb. Ona orada gözəl şərait yaradılıb. Amerikadan Qriqoryana ayda bir dəfə ərzaq və bəzi məişət əşyalarından ibarət böyük bir bağlama gəlirdi. Həyat yoldaşı Rita ayda iki dəfə onun yanında qalırdı. Vladimir Nazaroviç müsahibədə maraqlı bir məsələyə də toxunub. Sumqayıtda baş verən hadisələr zamanı qara plaş geyinmiş insanların təxribatlarını ciddi araşdırdıq. Bir neçəsini sorğu-sual etdik və onları Moskvaya ekspertizaya göndərdik. Məlum oldu ki, İkinci Dünya müharibəsində almanlar təxribat törətmək üçün ermənilərdən ibarət xüsusi təyinatlı dəstələr hazırlayıblar. İşarə vermək, uzaqdan biri-birilərni tanımaq üçün qara plaşların üzərində xüsusi işarələr tikilmişdi. Müharibədən sonra erməni terrorçuları həmin qara plaşlardan öz mənfur məqsədləri üçün istifadə etməyə başladılar. Qara plaşlar bir növ parol, işarə idi. Sumqayıt hadisələrində də erməni təxribatçıları bundan məharətlə istifadə etdilər. Buradan belə nəticə çıxartmaq olar ki, erməni millətçiləri faşist ideologiyasının daşıyıcılarıdır və 60-70 il ərzində dünyanın müxtəlif ölkələrində törədikləri təxribatlar, diplomatlara, dinc əhaliyə qarşı terror aktları, həmçinin Türkiyə səfirliklərində partlayışlar da bunu sübut edir”, – deyə Eyruz Məmmədov bildirib. azərtac