Sumqayıt Dövlət Dram Teatrı “Ölülər”ə müraciət etmək niyyətindədir

400

“Hazırda Sumqayıt Dövlət Dram Teatrı martın 18-də Sumqayıt şəhərində keçiriləcək Novruz şənliklərinə ciddi hazırlaşır. Tədbir Dənizkənarı parkda təşkil olunacaq. Tədbirə teatrın, demək olar ki, bütün yaradıcı heyəti cəlb olunub”. Bu barədə saytımıza ölkəmizdə öz dəst-xətti ilə seçilən rejissor, Əməkdar artisti, “Qızıl Dərviş” mükafatı laureatı, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov məlumat verib. Onun sözlərinə görə, məqsəd Sumqayıt sakinlərinə daha da xoş ovqat bəxş etməkdir.

Daha sonra digər sualımızı cavablandıran Firudin müəllim bildirdi ki, Sumqayıt Dövlət Dram Teatrında Süleyman Ələsgərov və İsi Məlikzadənin birgə yazdığı “Subaylarınızdan görəsiniz” komediyası əsasında hazırlanan tamaşa da (Bu əsərə Firudin Məhərrəmov quruluş verib) hazırlanıb. Onun gələn ayın əvvəlində təqdim olunması gözlənilir: “Tamaşada əsas rollar Xalq artistləri – Afaq Bəşirqızı və Valeh Kərimova həvalə olunub. Yəni sumqayıtlılar komediyadakı Səməni və Seyfi obrazlarında bu sevilən aktyorları görə biləcəklər”. “Bunu tanınmış aktyorların Sumqayıt Dövlət Dram Teatrına qayıdışı kimi qiymətləndirmək olarmı?” sualına isə o belə cavab verdi: “Olar…”

Yeri gəlmişkən, onu da deyək ki, bu tamaşa ötən əsrin 90-cı illərinin əvvəlində elə Firudin Məhərrəmov tərəfindən Sumqayıt Teatrında tamaşaya qoyulub.

Firudin müəllim həmçinin vurğuladı ki, kollektivimiz tamaşaçıların istəyinə əsasən Cəlil Məmmədquluzadənin “Ölülər”inə də müraciət edəcək. “Sumqayıt Dövlət Dram Teatrı uşaqları da unutmayıb”, – sözləri ilə söhbətini davam etdirən həmsöhbətimizn dedi: “Onlar üçün “Əhmədin xoruzu” tamaşası hazırlanır. Bu tamaşa xalq nağılları əsasındadır”.

Qeyd edək ki, Sumqayıt Dövlət Dram Teatrı bu il daha bir neçə tamaşa Turqut Özakmanın “Ocaq”əsərini, yazıçı Əfqanın “Atilla” tarixi dramını da səhnələşdirəcək. Lakin rejissor onlarla işə nə vaxt başlanacağı barədə dəqiq məlumat vermədi.

Qvami