Sulu qəlyanlar xəstəlik mənbəyi imiş

511
Azərbaycanda sulu qəlyanlardan istifadə son vaxtlar gənclər arasında, sözün həqiqi mənasında, dəb halını alıb. 
Hətta məsələ o qədər ictimailəşib ki, müştəri cəlb etmək istəyən iaşə obyektləri sulu qəlyanı da “təmtəraqla” müştərilərə təqdim olunan xidmətlər siyahısına daxil ediblər. Bu, təkcə Bakıda fəaliyyət göstərən kafe və restoranlara aid deyil, elə regionlarımızda, hətta bəzi ucqar kəndlərimizdə də eyni vəziyyətdir. Ticarət mərkəzlərində satış qiyməti böyüklüyünə və kiçikliyinə görə 20-100 manat arasında dəyişən sulu qəlyanlar, kafe, çayxana, restoran və digər ictimai iaşə obyektlərində müştərilərə müxtəlif qiymətə təklif edilir. Məsələn, əgər rayonlarda çayxana və kafelərdə sulu qəlyanlar müştərilərə birdəfəlik istifadə üçün 5 manata təklif olunursa, paytaxtda 20 manata təklif edilən yerlər də var. Bu qiymət  obyektin prestijinə görə müəyyən edilir.

Sulu qəlyanlardan ilk dəfə Hindistanda istifadə edildiyi bildirilir. Daha sonra ondan ərəblər istifadə etməyə başlayıblar. Dünyada ən bahalı sulu qəlyanların da məhz Hindistanda istehsal edildiyi bildirilir. Təəssüf ki, bir çoxları artıq sulu qəlyanları Şərq mədəniyyətinin nümunəsi kimi qələmə verməyə çalışırlar. Əksər ərəb şeyxlərinin evlərində isə hətta qızıldan hazırlanmış sulu qəlyanların olduğu bildirilir.

Sovet dövründə Azərbaycanda sulu qəlyanlardan istifadə indiki kimi geniş yayılmayıb. Amma ölkəmiz müstəqillik əldə etdikdən sonra bir çox yeniliklər kimi, sulu qəlyanlardan istifadə ənənəsi da cəmiyyətimizə ayaq açıb. Qəribədir ki, hazırda Azərbaycanda sulu qəlyandan istifadə siqaret çəkməyənlər arasında da populyardır.

 “Zərərlidir və orqanizmə çox güclü mənfi təsirə malikdir”

Sadə insanlar, yəni bu sahədən tibbi biliyi olmayanlar düşünürlər ki, sulu qəlyanlardan ardıcıl istifadə edilmədiyi üçün onun aludəçisi olmaq mümkün deyil. Üstəlik, cəmiyyətimizdə belə bir fikir hakimdir ki, sulu qəlyanlar insan orqanizmi üçün təhlükəsizdir. Amma Türkiyədə aparılan bir araşdırma nəticəsində məlum olub ki, sulu qəlyanlar, sözün həqiqi mənasında, xəstəlik mənbəyi imiş. Məlumat üçün bildirək ki, qardaş ölkədə də sulu qəlyandan istifadə geniş yayılıb. Orada da gənclərin çoxu sulu qəlyanlardan istifadənin orqanizm üçün təhlükə törətmədiyini düşünürlərmiş. Amma həkimlərin apardığı araşdırmalar tamamilə fərqli bir nəticəni ortaya çıxarıb. Türkiyənin Tütün Məhsullarına Nəzarət üzrə Çalışma Qrupunun üzvü, professor dr. Oğuz Kılınç araşdırma apardıqlarını və sulu qəlyanda istifadə edilən tütünün 5 qutu siqaret qədər zərərli təsirə malik olduğunu söyləyib. O verdiyi yazılı açıqlamada bildirib ki, sulu qəlyandan 1 saatlıq istifadə təxminən ard-arda 100 ədəd siqaret çəkilmiş qədər insan vücuduna mənfi təsir göstərir. Onun sözlərinə görə, sulu qəlyan siqaret çəkmək yolunda bir qapı rolu oynayır: “Bəziləri elə sanır ki, sulu qəlyan ziyanlı deyil, amma araşdırmamız bunun əksini göstərir, zərərlidir və orqanizmə çox güclü mənfi təsirə malikdir”.

“Tüstünü içinizə çəkdiyiniz zaman xərçəng riski başlayır”

 

Sulu qəlyanlar təklif edən obyektlərdə çalışanlar da bilər-bilməzə müştərilərə tüstünün sudan keçdiyi üçün zərərli olmadığını bildirirlər. Halbuki professorun sözlərinə görə, tüstünün sudan keçməsi və ya ətirli olması bu zərərlərin qarşısını almır, tədricən aludəçilik yaradır.

Sulu qəlyanlardan istifadə edən insanlarda başda tuberklyoz xəstəliyi olmaqla, ağciyər xəstəliklərinə tutulma ehtimalı da çox yüksəkdir. Bundan başqa, sulu qəlyanlardan çox istifadənin ağciyər xərçənginə səbəb olduğu da xüsusi vurğulanır. Belə ki, sulu qəlyanların tüstüsündə təkcə siqaretin tərkibində mövcud olan zərərli maddələr deyil, ağır metallar, kimyəvi maddələr də var. Necə deyərlər, tüstünü içinizə çəkdiyiniz zaman xərçəng riski başlayır. Qırtlaq xərçəngi, ağıziçi xərçəng xəstəliklərinə tutulma riski də yüksəkdir. Sulu qəlyanın suyu tüstünü təmizləmir, sadəcə, soyudur.

“Bu onların öz seçimidir, onlara müdaxilə edə bilmərik”

Həkimlərin diqqətindən qaçan bir məqamı da biz vurğulayaq. Söhbət ondan gedir ki, sulu qəlyanlar istifadədən sonra ictimai iaşə obyektlərində, demək olar ki, ya ümumiyyətlə, ya da yetərincə təmizlənmir. Təsəvvür edin, eyni sulu qəlyandan hər gün onlarla tanıdığımız və tanımadığımız insanlar istifadə edirlər. Bunların arasında xəstə insanlar da ola bilər, sağlam insanlar da. Sulu qəlyanların başlığı, yəni ağıza qoyulub tüstünün sovurulan hissəsi mikrob mənbəyidir. Müştərilərə sulu qəlyan təklif edən çayxanalardan birinin əməkdaşı Qalib Əzizov deyir ki, onlar bunu nəzərə alaraq, müştərilərə sulu qəlyanların üstündə istifadə olunmamış başlıq təklif edirlər: “Qəlyanın tüstü sovurmaq üçün ağıza qoyulan hissəsinə taxılan bu başlıqlar birdəfəlik istifadə üçündür. Müştəri özü birbaşa sellofandan çıxarıb istifadə edir. Amma sizin fikrinizlə o mənada razıyam ki, bəzi müştərilər tüstü yaxşı sovurulsun deyə həmin başlıqlardan, ümumiyyətlə, istifadə etmirlər. Bu isə onların öz seçimidir, onlara müdaxilə edə bilmərik”.

Belə. Bütün hallarda sulu qəlyandan istifadə etməməyiniz məsləhət görülür. Necə deyərlər, ucunda xəstəlik var…

NİCAT İNTİQAM