“Sultan Kösən ilə görüşmək istəyirəm”

626

Beyləqanın mərkəzi küçəsində taksi sürücülərindən Aqil Sadıqzadəni soruşdum. Təbii ki, ad və soyadından heç kim onu tanımadı. “O, Azərbaycanın ən uzun adamıdır”,-deyəndən sonra taksi sürücüsü dərhal kimi axtardığımı başa düşdü. O, bizi Beyləqanın mərkəzindən, haradasa 18 kilometr məsafədə yerləşən Birinci Aşıqlı kəndinə apardı. Azərbaycanın ən uzun adamı adına sahib olan Aqil bu kənddə yaşayır. Bizi Aqil özü qarşıladı. 2 metr 20 santimetr boyu var qəhrəmanımızın. Sonuncu dəfə boyunu 2010-cu ildə ölçdürüb. “Son 4 il ərzində niyə boyunu ölçdürməmisən?” sualımıza onun cavabı belə oldu: “Boyumu ölçdürməkdən qorxuram, deyirəm birdən yenə də uzanmış olaram”. Suallarımıza səmimi şəkildə cavab verən Aqil özündən başqa, 3 bacısının olduğunu və onların boylarının normal olduğunu bildirdi: “2010-cu ildə həkimlər mənə dedilər ki, sənin boyun daha uzanmayacaq. Anamın babası da hündür olub. Deyilənə görə, onun boyu 2 metr olub. Belə düşünürəm ki, boyumun bu qədər hündür olmasının səbəbi ya irsiyyətlə bağlıdır, ya da qohum nikahla. Çünki atamla anam qohumdurlar”.

Bizimlə söhbətində Aqil Sadıqzadə boyunun uzun olmasından əvvəllər narahatçılıq yaşamadığını bildirdi. Dediyinə görə, 11-ci sinfi bitirənə kimi orqanizmində boyu ilə bağlı elə də ciddi bir dəyişiklik baş verməyib. Buna sübut kimi məktəb şəkillərini bizə göstərdi. Ancaq məktəbi bitirəndən sonra boyu sürətlə uzanmağa başlayıb və müalicə olunsa da boyunun uzanmasının qarşısını ala bilməyib. Müsahibimiz dedi ki, boyunun uzun olması onu bir çox çətinliklərlə üz-üzə qoyub. Belə ki, hündür boyu ilə iş tapmaq Aqilin həyatında müşkül məsələyə çevrilib. Tapdığı işdə isə ən çox iki gün işləyə bilib. Bunun səbəbini isə Aqil belə izah etdi: “Fiziki baxımdan çətinlik çəkdiyimə görə kənd təsərrüfatı işləri görə bilmirəm. 2010-cu ildə marketlərin birində işə düzəldim, ancaq iki gün işləyə bildim. Gördüm bərk ağrıyıram, işdən çıxdım. Ondan sonra belə qənaətə gəldim ki, fiziki işlər mənlik deyil”. Hazırda 50 manat müavinət alan Aqil Sadıqzadə bu məbləğin çox az olduğunu bildirdi: “Bir aya 50 manat mənə bəs etmir. Deyirlər ki, get işlə, sağ-salamat adamsan. Bu sözü mənə deyənlər özləri mən boyda olsalar, işləyə bilərlər, görəsən? Çox istərdim ki, mənə verilən müavinətin məbləği artırılsın”.

Geyim məsələsində də Aqil çətinliklər yaşayır. O, bütün paltarlarını tikdirir: “Beyləqanda paltar tikdirə bilmirəm. Mənim üçün paltarları yalnız Bakıda tikə bilirlər. Bakıya gəlmək isə başqa problem olur, avtomobildə oturmağa çətinlik çəkirəm. Maşında gedərkən yalnız ön oturacaqda əyləşirəm və oturacağı sona qədər arxaya çəkməyə məcbur oluram”.

25 yaşlı Aqilin sözlərinə görə, 2 metr 20 santimetr boyu ona çətinlik yaratsa da, hərdən bu boy ilə bir çox çətin işlərin öhdəsindən asanlıqla gəlməyi bacarır. Belə ki, ağacların ən hündür yerlərindən meyvələri heç bir çətinlik çəkmədən dərir.

Aqili ayaqqabı ilə artıq bir neçə ildir ki, Bakıdakı “Protez-Ortopedik Bərpa Mərkəz”i təmin edir. Ayaqqabı ölçüsünü dəqiq bilməyən Aqilin atası həyətlərində, toyuq-cücə, mal-qara saxlamaqla ailəsini dolandırmağa çalışır. Geyim problemi olduğu üçün Aqil yalnız yağmursuz günlərdə atasına kömək edə bilir. Bundan başqa, o, çarpayıya da həsrətdir: “Uzun illərdir yatağını yerdən salırlar”.

“25 yaşın var, evlənmək yaşın çatıb, niyə evlənmirsən?” sualımıza Aqil Sadıqzadə belə cavab verdi: “Beyləqanda mənim boyuma uyğun qız tapa bilmirəm. Demirəm ki, boyu mənim kimi olsun. Bilirəm ki, bu mümkün deyil. İstəyirəm ki, axtardığım qızın boyu 1 metr 70 santimetrdən hündür olsun. Hələ ki belə qız tapa bilməmişəm”.

Aqil Sadıqzadədən ən böyük arzusunun nə olduğunu da soruşduq: “Ən böyük arzum Türkiyənin və dünyanın ən uzun adamı Sultan Kösən ilə görüşməkdir. İnşallah, bu arzum gerçəkləşər”.

Əsgər Hüseynov