“Sülhdən hələ çox uzaqdayıq”

“Minsk razılaşmaları Donbassdakı münaqişənin sülh yolu ilə nizamlanma mərhələsinə daxil olacağına ümid yaradır”.
 Bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko Milli Qvardiyanın “Novıye Petrovtsı” təlim bazasındakı çıxışında deyib. Lakin o, sülhdən hələ çox uzaq olduqlarını söyləyib: “Mən istəyirəm ki, heç kim hər hansı illüziyaya qapılmasın, eyni zamanda mənim haqqımda sadəlövh insan təsəvvürü yaranmasın. Biz sülhdən hələ çox uzaqdayıq. Minsk razılaşmalarındakı şərtlərin yerinə yetiriləcəyinə qəti əminlik heç kimdə yoxdur. Sadəcə olaraq, ümid var ki, gərginlik azalmağa başlayacaq. Atəşin dayandırılması, ağır silahların geri çəkilməsi ümid edirəm ki, bizi sülhə aparan yol olacaq”. P. Poroşenko bəyan edib ki, sülh diplomatik müstəvilərdə yox, ön cəbhədə və səngərlərdə əldə olunur: “Bizim düşmənimiz Minsk danışıqlarına çox ciddi hazırlaşmışdı. Məhz bu səbəblə son günlər və həftələr bütün təmas xətti boyunca bizim mövqelərimizə hücumlar etdilər. Təəssüf ki, bu amansız hücumlar sülh sazişinin imzalanmasından sonra da davam edir. Nə üçün? Məqsəd o idi ki, müdafiəmizi yarsınlar və Minskə vəziyyətin hakimi olaraq gəlsinlər. Lakin bu plan sizin və on minlərlə Ukrayna döyüşçüsünün sayəsində fantaziya olaraq qaldı”.