Süfrə başında söhbət səmimiyyəti artırır

0
580
Ailənin süfrə başında yığışıb yeyib-içməsi təkcə ehtiyac deyil, həm də mədəniyyətdir, sevgi qaynağıdır, qarşılıqlı hörmətdir. Ona görə də, xalqımız hələ qədimdən bəri ailənin süfrə başında yığışmasına xüsusi əhəmiyyət verib. Çünki süfrədə ailənin həm səliqəsi görünüb, həm səmimiyyəti üzə çıxıb, həm də tərbiyəsi nəzərə çarpıb.
Bilənlər bilir, əvvəllər yerdə oturardılar və süfrə ailənin iki başçısının arasında “körpü” olardı. Yuxarı başda ata, aşağı başda ana əyləşərdi. Ana aşağı başda əyləşərdi, çünki qazan onun əlində olardı. O, yeməkləri qablara çəkib süfrəyə verərdi. Bir növ oradan hər kəsə “nəzarət” edərdi.

İlk çəkilən yemək atanın qarşısına qoyulardı. Əslində, heç bunu deməyə də ehtiyac yox idi. Ana hər kəsin nə qədər yeyəcəyini və nə yeyəcəyini yaxşı bilərdi. Ona görə də, yeməyi “adamına uyğun” çəkərdi. Hər kəsin qarşısına yemək gəldikdən sonra ata “Bismillah” deyib əlini çörəyə uzadardı və bu, həm də başlamaq üçün “start” işarəsi idi.

Yemək vaxtı uşaqlardan hansısa danışsa, ana yüngülcə işarə verərdi. Yəni, “Atandan ayıbdır!” Uşaq da özünü yığışdırardı. Ancaq ata uşaqlarını danışdırardı. Nə iş gördüyünü və ya nə iş görəcəyini soruşardı. Uşağa tapşırıq verib, sonra da bu tapşırığın nətcəsini soruşmaq atanın peşəsidir, ancaq süfrə başında həmişə xoş şeylərdən danışılardı. Bəlkə də, böyüklər ona görə bu qədər həssas davranıblar ki, bizdə çörəyə həmişə hörmət olub. Ona görə də, süfrə başında sərt davranmaq, kiminsə qəlbini qırmaq (lap günahı olsa belə) yaxşı qəbul olunmayıb.

Süfrə həm də xeyir-bərəkət yeri olub. Yemək “Bismillah”la başlayıb “Əlhəmdülillah”la qurtarıb. Yeməkdən sonra ailə başçısı əlini açıb dua edib. Demək olar ki, yaşı qırxdan artıq olan hər kəs bu və buna bənzər mənzərənin şahidi olub. Ailə başçısı dua edib, digərləri də ya səsli, ya da ürəklərində “amin” deyiblər. Yəni, yemək mərasimi həm də dua mərasiminə çevrilib. Səmimiyyətin, şükür hissinin, qarşılıqlı hörmətin hakim olduğu ailələr kasıb olsalar belə, onların yuvası bir cənnət guşəsinə bənzəyib…

Bəli, hörmətli oxucular! Bizim zəngin və çox gərəkli süfrə mədəniyyətimiz var və bu mədəniyyət ailə müəssisəsinin sarsılmazlığını, xoşbəxtliyini təmin edən əsas amillərdən biri olub. Bu mədəniyyəti yaşatmağa çalışın, əmin olun ki, həm maddi, həm də mənəvi baxımdan böyük faydalar görəcəksiniz…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here