“Südü olan analara da süni qidalar təklif edilir”

Azərbaycanda yeni doğulan uşaqlar arasında süni qidalarla doyuzdurulan körpələrin sayı kifayət qədərdir. Böyüklərin dediklərinə görə, əvvəllər belə hallar çox da geniş yayılmamışdı, amma indi ekologiyadandır, hər nədəndirsə, vəziyyət tərsinədir. Bu isə bir çoxları üçün qazanc mənbəyi deməkdir. Hələ bir neçə il öncə də bu mövzuda yazı yazmışdım, amma müşahidələr vəziyyətin heç də müsbətə doğru dəyişmədiyini, bundan başqa, bəzi süni uşaq qidalarının qiymətinin bahalaşdığını deməyə əsas verir.

Bu azmış kimi, bəzi doğum evlərində analara həkimlər tərəfindən süni uşaq qidaları təklif edilir. Yox, həkimlər gətirib analara uşaq qidaları satmırlar, sadəcə, hansısa qidanı reseptə yazıb, almağı təklif edirlər. Təbii ki, gənc analar da saf davranır və uşaqlarının “həyati təhlükəsini” nəzərə alıb, məhz həkimin dediyi, təklif etdiyi uşaq qidalarını alırlar. Hətta bəzi analar elə düşünürlər ki, həkim deyibsə qanundur, uşağa məhz həmin süni qida verilməlidir. Əks təqdirdə, uşağın orqanizmində hansısa xoşagəlməz hallar baş verə bilər.

Qəribədir ki, bəzi doğum evlərində pediatrlar tərəfindən reseptə yazılan süni uşaq qidaları məhz qiyməti xeyli baha olanlardır.

Qeyd edək ki, bu yaxınlarda respublikanın baş pediatrı, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev də süni uşaq qidaları ilə bağlı açıqlamalar verib. Onun sözlərinə görə, süni uşaq qidaları inək südünün bazasında hazırlanan qidalardır.

 Pediatr analara ancaq onu tövsiyə etməlidir ki…

N. Quliyev də etiraf edib ki, uşaq qidalarının satışı ilə məşğul olan distribüterlər pediatrlarla əməkdaşlıq edirlər: “Əgər pediatr uşağa süni qida verilməsini məsləhət görürsə, bu, həmin həkimin savadının aşağı olmasını göstərir. Uşağı müayinə edən pediatr analara ancaq onu tövsiyə etməlidir ki, ilk altı ayadək övladını yalnız ana südü ilə qidalandırsın. Altı aydan sonra isə ana südü ilə yanaşı, əlavə qidalar da vermək olar. Bu qidalar isə yumurta sarısı, mannı və digər sıyıqlar ola bilər. Daha yaxşı olardı ki, bu qidalar da mağazalarda satılan hazır yox, ev şəraitində hazırlanan qidalar olsun. Ağıllı analar uşaqlarına konservantlarla konserviləşdirilib uzunmüddətli istifadəyə yararlı olan qablaşdırılmış uşaq yeməkləri vermirlər”.

Baş pediatr onu da qeyd edib ki, süni uşaq qidalarının ixracı ilə məşğul olan əsas ölkələrdən biri olan Almaniyada ana südü ilə qidalanan uşaqların sayı Azərbaycandakılardan çoxdur: “Onlar süni uşaq qidaları istehsal edib, başqa ölkələrə satırlar”.

 İldən-ilə göstərici azalır?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da bu mövzuda “Zaman-Azərbaycan”a maraqlı faktlar açıqladı. Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, aparılmış hesabatlar göstərir ki, ölkəmizdə 2012-ci ildə 1 yaşına qədər əmizdirilən körpələr 38 faiz, 2 yaşına qədər əmizdirilən körpələr isə 44 faiz təşkil edib. Amma ildən-ilə bu göstərici azalmağa doğru gedir.

Eyyub Hüseynov yeni komissiya formalaşdırdıqlarını və bununla pediatrların süni uşaq qidaları satan şirkətlərin distribüterləri ilə işbirliyinin qarşısını almağa çalışacaqlarını söylədi. Müsahibimiz həmçinin bildirdi ki, sorğu keçiriblər və iştirak edən anaların 83 faizi süni qidalardan həkim məsləhəti ilə istifadə etməyə başladıqlarını açıqlayıblar: “Təəssüf ki, südləri ola-ola doğum evlərində analara süni qidalar təklif edilir”.

 Çalışacağıq ki, hətta 1-2 doğum evinin müdirinin işdən çıxarılmasına qədər gedək

AİB sədrinin dediyinə görə, 1 il ərzində süni qidalardan istifadə ailə büdcəsinə 970-2900 manat arasında zərər vurur: “AİB-ə daxil olan məlumatları ümumiləşdirsək, belə qənaətə gələrik ki, doğum evlərində anaların südü olduğu halda belə, pediatrlar analara süni uşaq qidalarından istifadəni təklif edirlər. Alternativ qidalanma olduqda anaların südünün çəkilməsi baş verir. Doğum evindən çıxıb evə gedəndən sonra da süni uşaq qidaları satan şirkətlərdən analara zənglər gəlir. Bir sözlə, pediatrlarla distribüterlərin sıx əlaqəsi var. Onlardan pul alırlar. Distribüterlər pediatrlara faiz verirlər. Bunu ölkənin baş pediatrı Nəsib Quliyev də etiraf edibdir. Biz qarşımıza məqsəd qoymuşuq ki, bayaq qeyd etdiyim komissiyanı tam formalaşdırıb süni qida distribüterləri ilə pediatrların əlaqəsini kəsək. Çalışacağıq ki, hətta 1-2 doğum evinin müdirinin işdən çıxarılmasına qədər gedək. Mən əminəm ki, səhiyyə naziri Oqtay Şirəliyev bizim konkret fakt üzrə qaldırdığımız məsələni dəstəkləyəcək”.

 “Ölkəmizdə süni uşaq qidalarının qiyməti 25 faiz bahadır”

Həmsöhbətimizin dediyinə görə, bəzi həkimlər uşağa süni qidanın hansı kriteriyalarla verilməlidir, heç onu da bilmirlər: “Bir daha xüsusi vurğulayıram – qanunla pediatrların distribüterlərlə əlbir işi qadağan olunur. Lakin buna baxmayaraq, bu iş gedir. Biz çalışacağıq ki, bunun qarşısını alaq. Azərbaycanda süni uşaq qidalarının qiyməti çox bahadır. Bir çox qonşu ölkələrlə müqayisədə ölkəmizdə süni uşaq qidalarının qiyməti 25 faiz yüksəkdir. Bunu azaltmaq üçün haqqında danışdığım işbirliyinə son qoymaq lazımdır”. E. Hüseynovun dediyinə görə, süni uşaq qidalarının qiyməti ona görə bahadır ki, həkimlərə verilən faizlər də bura əlavə olunur.

 Nicat İntiqam