Su xətti olmayan bina

479

Yevlax şəhərindəki Qamboy Quliyev küçəsi, 14 saylı binanın sakinləri həmişə su problemi ilə üz-üzə qalır. Yaxınlıqdakı, indi fəaliyyətdə olmayan bazarın içərisindəki subartezian quyusundan sakinlər özləri binaya su xətləri çəkiblər. Onlar binanın layihəyə uyğun su xətti olmadığından bu texniki sudan istifadə edirlər. Hazırda 5 gündür ki, quyuda qəza baş verib və sakinlər susuz qalıblar. Maraqlı bir məsələ də var. Binanın qarşısı, arxası, bir sözlə, harasını gəzsəniz,  dəmir qutulara rast gələrsiniz. Bu dəmir qutuların hamısı kilidlə bağlanıb. İçindəki isə su motorlarıdır. Bu binada hər ailənin su motoru var və hər ailə öz mənzilinə  su çəkdirib. Həmçinin bir neçə bina girişinin üstündə su çəni də qoyulub.  Eləsi var ki, binanın arxasında elə pəncərinin ağzına krant da qoydurub. Onları qınama da olmur. Çünki  bu binanın normativlərə uyğun su xətti olmayıb, yəni mənzillərə layihəylə su xətti çəkilməyib.  Sakinlərdən Əliağa Umarov  deyir ki, 5 gündür ki, ortaya çıxan qəza səbəbindən yayın günü susuz qalmışıq. Hələ bu azmış kimi biz hər ay su pulunu da ödəyirik .

Onu da qeyd edək ki, hansı sakini danışdırırsansa, su borularının, su motorlarının, su çənlərinin əlindən təngə gəlib, uşaqların oynamağa yeri olmadığını deyirlər. Sakinlər bu vəziyyətlərinə görə aidiyyatı qurumlardan kömək gözləyirlər.

Yevlax Su Kanal İdarəsinin rəisi Sabir Həsənov məlumat verdi ki, həqiqətən də, qeyd olunan problem var və  həmin subartezian quyusunda artezianın motoru təzələnir.

…Bir neçə saatdan sonra isə sakinlərə su veriləcək xəbəri  verildi.

Esmira Hidayətova.