Su resurslarından istifadə sahəsində yeni yanaşma olmalıdır

39

Hazırda dünya üzrə su təchizatı ilə bağlı statistika heç də xoşagələn deyil. Bu da son illər baş verən iqlim dəyişiklikləri və onun canlı aləmə təsirinin getdikcə daha çox hiss olunması ilə əlaqədardır. Bu səbəbdən müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Buna görə də ölkəmiz öz daxili potensialından bəhrələnərək su təminatı ilə bağlı meydana çıxan aktual çağırışları önləməyə çalışır. Bu prosesdə müasir texnologiyaların tətbiqinə də  diqqət yetirir.

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Fermerlər Şurasının üzvü, “Tərəqqi” medallı  İldırım Məmmədov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, ölkəmizdə əkin sahələrinin, demək olar ki, əksəriyyəti suvarılan torpaqlardır. Bu isə o deməkdir ki, kənd təsərrüfatının inkişafında meliorasiya və su təsərrüfatı xüsusi önəm daşıyır. Odur ki, cənab İlham Əliyev  hər zaman meliorasiya və su təsərrüfatı sahəsinə diqqət və qayğı göstərir. Yəni fermerləri, sahibkarları stimullaşdırmaq üçün çox böyük proqramlar icra edilir. Hətta dövlətimizin başçısının “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 15 aprel tarixli Sərəncamına əsasən ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə komissiya da yaradılıb. Şübhəsiz, bu diqqət  və qayğı, həmçinin ölkəmizdə həyata keçirilən islahatlar iqtisadiyyatımızın mühüm və ayrılmaz bir parçası olan meliorasiya və su təsərrüfatının da dayanıqlı inkişafına xidmət edir. Məhz bunun sayəsində respublikamızda mövcud meliorasiya və irriqasiya sistemlərinin istismarı xeyli yaxşılaşıb. Nəticədə məhsuldarlıq artıb. Təkcə bir faktı qeyd edim ki, bəzi iri fermer təsərrüfatlarımızda, taxılçılıqla məşğul olan təsərrüfatlarda məhsuldarlıq bir hektardan 50, 60, hətta 70 sentnerə çatıb. Bu da o anlama gəlir ki, dövlətin yaratdığı imkanlar hesabına xaricdən gətirilən yeni suvarma sistemləri  su itkisinin qarşısını almaqla yanaşı, məhsuldarlığa da öz müsbət təsirini göstərir.

Buna baxmayaraq, bu sahədə müəyyən çatışmazlıqlar var ki, onlar da aqrar sahəyə müəyyən ziyan vurur. Məsələn, sovet vaxtında çəkilmiş kanalların böyük əksəriyyəti torpaq kanallar olduğu üçün suyun istənilən həcmdə ötürülməsinə imkan vermir, nəticədə  iktilər torpağın şoranlaşmasına da gətirib çıxarır. Ona görə də biz canımızı torpaq kanallardan qurtarmalıyıq. Bu da yalnız müasir texnologiyaların tətbiqi ilə mümkündür. Unutmayaq ki, aqrar sahədə yüksək məhsuldarlıq modern su təchizatı sisteminin yaxşılaşdırılmasından keçir. Dünya praktikasında bu kimi problemlər müasir texnologiyalar vasitəsilə öz həllini tapmaqdadır. Meliorasiya və su təsərrüfatı sistemlərinin modernləşdirilməsinə həmişə xüsusi diqqət göstərən Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu məsələni bir daha gündəmə gətirdi. Bildirdi ki, bu gün əsas vəzifəmiz idarəetmədə müasir yanaşmanın tətbiq edilməsi, müasir texnologiyaların ölkəmizə gətirilməsi olmalıdır: “Dünyanın bu sahədəki aparıcı şirkətləri ilə sıx təmaslar qurulmalıdır, iqlimi bizim iqlimimizə oxşar olan ölkələrin təcrübəsindən faydalanmalıyıq. Elə ölkələr var ki, orada su resursları bizimkindən də azdır, ancaq məhsuldarlıq qat-qat çoxdur. Ona görə bütün bunlar gərək dəqiq araşdırılsın, düzgün fəaliyyət planı tərtib edilsin, lazım olarsa, Dövlət Proqramı qəbul olunsun ki, biz bundan sonrakı illərdə meliorasiya və suvarma sahəsində dünyanın ən müasir prinsiplərini ölkəmizdə tətbiq edək”. Bir sözlə, Prezident İlham Əliyev bəyan etdi ki, biz bundan sonra meliorativ tədbirləri dədə-baba üsulu ilə apara bilmərik. Odur ki, dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməli və onların sayəsində sudan səmərəli istifadə edilməlidir. Yəni burada da yeni yanaşma olmalıdır,  özü də müasir tələblərə uyğun yanaşma. Şübhəsiz, Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin yeni təyin olunan sədri bütün bu kimi  məsələləri qısa müddət ərzində bir daha təhlil edəcək və konkret təkliflər paketi ilə çıxış edəcəkdir. Şübhə etmirəm ki, yeni sədr öz fəaliyyəti ilə bu kimi problemləri yoluna qoyacaq və cənab Prezidentin ona göstərdiyi etimadı doğruldacaqdır.”

Qvami Məhəbbətoğlu, “İki sahil”