“Stomatoloji kabinetlərdə Hepatit C virusuna yoluxma ehtimalı var”

623
Günümüzdə bir çox insanlar Hepatit C virusundan əziyyət çəkirlər. 
Hepatit C virusu qaraciyəri zədələyir və qaraciyər sirrozunun inkişafına səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, dünya əhalisinin ən azı 4 faizi bu virusa yoluxub. Ölkəmizdə də bu xəstəlikdən əziyyət çəkən çoxlu sayda insan var. Virusun yayılmasının əsas yolu isə xəstə insanın qanı ilə təmasda olma, viruslu xəstənin qan və qan preparatlarının sağlam şəxsin qanına daxil olmasıdır. Qan köçürmə zamanı xəstə qanı ilə çirklənmiş alətlər, stomatoloji vasitələr, sterilizə olunmamış cərrahi alətlərdən istifadə Hepatit C virusuna yoluxma ehtimalını artırır. Hepatit C xəstələrinin müalicə olunduqları stomatoloji klinikalarda sterilizasiya qaydalarına əməl edilməməsi səbəbindən də bu xəstəlik yayıla bilər. Hepatit C-yə yoluxmuş insanların istifadə etdikləri dırnaq qayçısı, təraş bıçağı, diş şotkası və s. xəstəliyin yayılmasına təkan verən vasitələrdir.  Şəraiti olmayan poliklinikalar, salonlar… Mövzu ilə əlaqədar müsahibə verən həkim-qastroenteroloq Habil Hüseynov Hepatit C virusunun insana qan və qanla təmas edən alətlər vasitəsi ilə yoluxa biləcəyini bildirdi. Onun sözlərinə görə, virusa steril olmayan diş poliklinikalarında, bərbərxanalarda, qadın salonlarında yoluxma ehtimalı var: “Əgər diş kəlbətinləri və ya diş müalicəsi zamanı istifadə olunan alətlər sterilizasiya olunmadan bütün xəstələr üçün istifadə edilərsə, Hepatit C virusuna yoluxma halı baş verə bilər. Həmçinin bərbərlərin istifadə etdikləri ülgüclər, lezvalar, qadın salonundakı qayçılar, dırnaq avadanlıqları və s. steril olmayan bütün alətlər bu cür təhlükəlidirlər. Virusa yoluxma hallarının qarşısını almaq üçün diş poliklinikalarında, bərbərxanalarda və qadın salonlarında gigiyenik şərait yaradılmalıdır. İstifadə edilən bütün alətlər əgər tək istifadəlik üçün nəzərdə tutulubsa, atılmalı, çox istifadə üçün nəzərdə tutulubsa, müvafiq qaydada təyinatına uyğun şəkildə sterilizasiya olunmalıdır. Alətlər ya quru qızdırıcılarda, ya da xüsusi hazırlanmış maddələrdə steril edilməlidir.

“Virusdan qorunmaq üçün hər kəs həkimdən gigiyenik qaydalara riayət etməsini tələb etməlidir”

Habil Hüseynovun dediyinə görə, virusa yoluxma halları təkcə lisenziyasız və ya ev şəraitində fəaliyyət göstərən poliklinikalarda yox, gigiyenik qaydalara riayət olunmayan hər bir yerdə baş verə bilər. Bunun qarşısını almaq üçün isə hər bir şəxs özü həkimdən gigiyenik qaydalara riayət olunmasını tələb etməlidir”. “Qadın salonlarında, bərbərxanalarda da Hepatit C xəstəliyinə yoluxma halı baş verə bilər”,-deyən H. Hüseynov bildirdi ki, salonlarda, eləcə də bərbərxanalarda istifadə olunan kəsici, deşici alətlər, qayçı və s. bunlar müvafiq qaydada sterilizasiya olunmalıdır: “Əks təqdirdə, xəstəliyin yayılmasına şərait yaranar. Məsələn, virusa yoluxmuş bir şəxsin istifadə etdiyi alət onun bir yerini yaralayıbsa, kəsibsə, yəni alətin üzərinə qan bulaşıbsa, həmin alət xəstəliyi sağlam şəxslərə yaya bilər”.

“Ailədə xəstəliyə yoluxan varsa, ailədaxili gigiyenik qaydalara əməl olunmalıdır”

H. Hüseynov onu da əlavə etdi ki, bəzən həkimlər də ehtiyatsızlıq ucbatından virusa yoluxurlar: “Xəstəni əməliyyat edən həkimin əlinə və ya ayağına istifadə etdiyi qanlı alətlər batarsa, həkim də Hepatit C virusuna yoluxar. Buna görə mütləq bütün alətlər sterilizasiya olunmalıdır. Bundan başqa, əgər ailədə bir nəfər Hepatit C-dən əziyyət çəkirsə, bu zaman ailədaxili gigiyenik qaydalara əməl olunmalıdır. Diş fırçası, lezva, ülgüc, qayçı, dırnaqtutan, bunlar ailədaxili ortaq istifadə edilməməlidir”. Həkim sonda onu da vurğuladı ki, xəstəliyə yoluxma halları, demək olar ki, bütün ölkələrdə eynidir: “Həmişə eyni statistika ilə rastlaşırıq. Hepatit C dünyanın hər yerində eyni səviyyədə yayılmış təhlükəli xəstəlikdir”.

“Hər bir laboratoriya analiz edə bilər, ancaq keyfiyyətli cavab verə bilməz”

Mövzu haqqında ətraflı məlumat almaq üçün Mərkəzi Neftçilər Xəstəxanasının laboratoriya müdiri Eldar Əliyevə müraciət etdik. E. Əliyev müsahibəsində bildirdi ki, Hepatit C virusunun müayinəsi (analizi) hər bir laboratoriyada mümkündür: “Sadəcə, doğruluq və keyfiyyət baxımından cavablar fərqli ola bilər. Məsələn, bizdə – Mərkəzi Neftçilər Xəstəxanasında virusun analizi zamanı 3 metoddan istifadə edilir. Hər bir laboratoriya başqa bir metoddan, testdən istifadə edir. Ancaq qanda virusun yoxlanılmasının ən yaxşı metodu ELİSA (enzimin birləşmə immunsorbent reaksiyası) testi ilə anti-HCV-anticismlərin təyin edilməsidir. Bu metoda Azərbaycanda daha çox İFA (İmmuno fermentativ) metodu da deyirlər. Laboratoriyalarda işləyən istənilən savadlı həkim, laborant bu metoddan istifadə edərək, çətinlik çəkmədən virusun olub-olmadığını təyin edə bilər. Bir sözlə, hər bir laboratoriya analiz edə bilər, ancaq keyfiyyətli cavab verə bilməz”. Sonda onu da qeyd edək ki, 2010-cü ildə Ümumdünya Səhiyyə Assambleyası hepatit viruslarının qarşısının alınması və onunla mübarizə aparmaq üçün qərar qəbul edib və 28 iyul tarixini Beynəlxalq Hepatitlə Mübarizə Günü elan edib. Həmin gün hepatit barədə daha geniş anlaşmanın təbliğinə və bütün dünya ölkələrində yoluxmaya qarşı profilaktik tədbirlərin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir. Nərmin Haqverdiyeva