Stepan Bandera: milli azadlıq mübarizi, yoxsa terrorçu? (2)

645

20Ömürlük həbs cəzasına məhkum edilən Stepan Bandera və yoldaşlarını həbsxanada ən ağır vəziyyətdə saxlayır, onların qaçırılmasından ehtiyat edərək, tez-tez yerlərini dəyişdirirdilər. Həbsxanada olarkən Bandera Ukrayna milli ideoloqu Dmitri Dontsovun məqalələri ilə tanış oldu. Bu məqalələr ona böyük təsir göstərdi. Stepan Bandera UMH-nin kifayət qədər inqilabi mübarizə aparmadığı və bəzi səhvləri buraxdığı qənaətinə gəldi. Bu əsasda da hələ həbsxanada ikən UMH-nin gələcək fəaliyyət istiqamətlərini müəyyən edən yeni mübarizə metodları hazırladı. 1937-ci ildə Bandera və həbsdə olan dostları üzərində nəzarət daha da sərtləşdirildi. Məhkumlara evdən bağlama almaq qadağan edildi. Buna etiraz edən Bandera və dostları həbsxanada aclıq aksiyasına başladılar. 16 gün davam edən aclıq aksiyasından sonra həbsxana rəhbərliyi güzəştə getməyə məcbur oldu. Həmin dövrdə Banderanı məhkum dostlarından ayıraraq,

əvvəlcə, “Sventı Kşij”, sonra isə Poznan şəhərindəki Bronki həbsxanasına apardılar. Lakin polis UMH üzvlərinin Banderanı həbsdən azad etmək üçün əməliyyata baş vuracaqlarından xəbər tutaraq onu Brest qalasındakı həbsxanaya saldılar. Burada məhkumlar üzərində nəzarət daha sərt idi və belə demək mümkünsə, ən cüzi  bir işə keşikçilərə nifrətlə baxmağa, nəzərdə tutulduğundan yavaş addımlamağa, nəzarətçinin çağırışına dərhal cavab verməməyə görə sərt şəkildə onları cəzalandırır, karserə salır, yerli-yersiz döyürdülər. Ona görə də Bandera bu özbaşınalıqlara görə yenidən aclığa başladı. Həmin dövrdə ömürlük həbs cəzasına məhkum edilənlərin əksəriyyətini gedər-gəlməz hesab edilən Beryoza-Kartuzsk ölüm düşərgəsinə göndərirdilər. Lakin bəxti üzünə güldüyündən Banderanı bu ölüm düşərgəsinə göndərmədilər. 1939-cu il sentyabr ayının 1-də Almaniya Polşaya hücum etdi. Sentyabrın 13-də isə Brest həbsxanasının komendantı və mühafizəçiləri şəhəri tərk etməyə məcbur oldular. Bunun ardınca yerli əhali həbsxananın qapılarını açdılar. Nəticədə Bandera və digər məhkumlar azadlığa çıxdılar. Azadlığa çıxandan sonra bir qrup tərəfdarı ilə Lvova gələn Bandera burada UMH-nin rəhbərliyi ilə əlaqə yaratdı. Qərbi Ukraynanın SSRİ tərəfindən işğalı ilə bağlı vəziyyəti analiz edən Stepan Bandera bütün diqqətin bolşeviklərə qarşı mübarizəyə yönəldilməsi qərarına gəldi.

 

UMH-də parçalanma

Lvovda Stepan Bandera iki həftə gizli şəraitdə yaşadı və UMH-nin liderləri, o cümlədən Qərbi Ukrayna üzrə əlaqələndirici  Vladimir Tımçiy ilə görüşərək, onlarla gələcək fəaliyyət planını müzakirə etdi. Bandera UMH-nin bütün Ukrayna ərazisində şöbələrinin yaradılmasını və sovet hökumətinə qarşı mübarizənin genişləndirilməsini təklif etdi. Həmin ilin oktyabr ayında Bandera gizli şəkildə sərhədi keçərək Krakov şəhərinə getdi. Burada o, UMH-nin yenidən təşkilatlanması və bolşeviklərə qarşı Ukraynada silahlı mübarizəyə başlaması barədə plan hazırladı. Buradan  da Bandera Slovakiyaya gedərək, orada bir müddət revmatizmdən müalicə olundu. Sonra Vyanaya səfər edərək, UMH rəhbərləri ilə bir sıra görüşlər keçirdi. Stepan Bandera və onun yaxın silahdaşı Vladimir Tımçiy Romaya gedərək, 1939-cu ilin avqust ayında keçirilən UMH-nin II Böyük Toplantısında Rotterdamda qətlə yetirilən Yevgeni Konovaltsın varisi elan edilən Andrey Melnik ilə görüşdü. Qeyd edək ki, həmin dövrdə  UMH-də rəhbər vəzifələrdə təmsil olunan bir qrup, Melnikin Konovaltsın varisi olmasının əleyhinə çıxmışdı. Onlar varis kimi Stepan Banderanı görmək istəyirdilər. Bu da əsassız deyildi. Reallığı düzgün qiymətləndirən Bandera dönə-dönə qeyd edirdi ki, onlar Ukraynanın müstəqilliyinə öz gücləri ilə nail ola bilərlər, bu işdə kənardan yardım gözləməyə dəyməz. Çünki xarici güclər, o cümlədən Almaniya Ukraynanın müstəqilliyini qəbul etmək istəmir. Ona görə də Bandera: “Almaniyanı məcbur etmək lazımdır ki, Ukraynanın müstəqilliyini tanısın”, – demişdi.

Melnik isə, əksinə, bu məsələdə Almaniyadan dəstək alınmasına tərəfdar idi. Melnik buna görə ukraynalılardan ibarət gizli silahlı dəstələr yaradılmasının əleyhinə çıxırdı. Bu da, öz növbəsində, UMH-nin parçalanmasına gətirib çıxardı.

 

Bandera UMH-nin rəhbəri seçilir

1940-cı ildə Krakovda UMH-nin bəzi liderləri, daha doğrusu, Banderanın tərəfdarları özlərini Konovaltsın varisləri elan edərək, UMH-nin İnqilabi Əlaqələndiricilər Təşkilatını yaratdılar. 1940-cı ilin aprel ayının 5-də Bandera Melnik ilə görüşdü. Bandera Melnikdən faşist Almaniyası ilə əlaqələrini kəsməsini xahiş etdi. O isə bunu rədd edərək, Banderanı UHM-nin  son uğursuzluqlarında günahlandırdı. Nəticədə UMH iki yerə- Banderaçı UMH (b) və Melnikçilərə UMH ( M)  parçalandı. 1941-ci ilin aprel ayında keçirilən UMH-nin III Böyük Toplantısında Stepan Bandera yekdilliklə UMH-nin rəhbəri seçildi. Hələ 1940-cı ildə tezliklə SSRİ və Almaniya arasında müharibənn başlayacağı barədə ətrafındakılara məlumat verən və onları bundan Ukraynanın müstəqilliyini əldə etmək üçün yararlanmağa çağıran Bandera gizli şəkildə Lvovda, və Kiyevdə silahlı dəstələrin yaradılması barədə planını həyata keçirməyə başladı.

II Dünya müharibəsinin başlaması ərəfəsində isə Bandera Ukrayna Milli komitələrini düşmənlə mübarizəyə səfərbər edərək, Almaniya ordusu nəzdində Ukrayna Milli legionerlərinin və Ukrayna millətçilərinin drujinalarının  yaradılması barədə göstəriş verdi. Bu plan əsasında Almaniya ordusu nəzdində “Naxtiqal və “Roland” batalyonları yaradılması nəzərdə tutulmuşdu. Banderanın məqsədi bu yolla gələcəkdə Ukrayna ordusunun yaradılmasının əsasını qoymaq idi. Bandera yazırdı: “Məqsədimiz bolşevik Moskvasına qarşı mübarizə aparmaq və Ukraynanın müstəqilliyinə nail olmaqdır”.

Yenidən həbsxanada

1941-ci il iyun ayının 22-də Almaniya SSRİ üzərinə hücum etdi və bununla da II Dünya müharibəsi yeni bir mərhələyə qədəm qoydu. Bu müharibəni udan dünyanın gələcəyini müəyyən edən gücə çevriləcəkdi. Belə bir vəziyyətdə almanlar sürətli hücumla iyunun 30-da Qərbi Ukraynanın paytaxtı hesab edilən Lvov şəhərini ələ keçirdilər. Alman ordusu tərkibində Lvovun ələ keçirilməsi uğrunda gedən döyüşlərdə Banderanın ən yaxın silahdaşı hesab edilən Roman Şuxeviçin komandanı oduğu “Naxtiqal” batalyonu da iştirak edirdi. Elə həmin gün, yəni Lvov azad edilən kimi adıçəkilən şəhərdə UMH(B) rəhbərliyi adından Yaroslav Stetsko “Ukrayna dövlətinin  müstəqilliyinin bərpa edilməsi barədə akt”ı bütün dünyaya elan etdi. Aktda qeyd edilirdi ki, Ukrayna dövləti tarixi ana torpaqlarının sərhədləri daxilində yaradılır və bütün qonşuları ilə dinc, sülhsevər şəraitdə yaşayacaq. Ertəsi gün isə UMH  liderləri Ukrayna İdarəetmə Hakimiyyətinin yaradıldığını elan etdilər. Bunun ardınca isə Ukrayna parlamentinin təşkilinə başlandı. Lakin bu tarixi günlərdə UMH-nin lideri, alovlu vətənpərvər və milli-azadlıq mübarizi Stepan Bandera Ukraynada deyildi. O, Polşanın Krakov şəhərində UMH-nin silahlı birləşmələrinin təşkili, Almaniya ordusu tərəfindən azad edilən Ukrayna ərazilərində yeni idarəetmə orqanlarının yaradılması və yerli gənclərin milli orduya səfərbərliyə alınması ilə bağlı məsələlərin həlli üzərində işləyirdi. Stepan Bandera iyulun ilk ongünlüyündə Lvova gəlmək və buradan şəxsən Ukrayna hökumətinə rəhbərlik etmək niyyətində idi. Lakin “Ukraynanın dövlət müstəqilliyinin bərpa edilməsi barədə akt”ın elan edilməsi Almaniya rəhbərliyini qorxuya salmışdı. Almaniya Banderanın da öncədən  uzaqgörənliklə müəyyən etdiyi kimi, Ukraynanın müstəqilliyinin əleyhinə idi və buna imkan vermək niyyətində olmayacağını nümayiş etdirirdi. Belə bir vəziyyətdə Almaniya hökuməti Stepan Banderanın Lvova gələrək müstəqil Ukrayna hökumətinə rəhbərlik etməsinə imkan verə bilməzdi. 1941-ci il iyul ayının 5-də Stepan Banderanı Almaniya hökuməti Berlinə dəvət edərək, onunla guya müstəqil Ukraynanın daxili işlərinə qarışmamaq barədə danışıqlar aparacaqlarını bəyan etdilər. Lakin Bandera danışıqlar üçün müəyyən edilən yerə gələndə onu həbs etdilər. Banderadan dərhal Ukraynanın Müstəqillik Aktından imtina edilməsi tələb olunurdu.  Bandera bu  tələbi qəbul etmədiyindən onu həbs edərək Zakzenhauzen konslagerinə göndərdilər.

 

Həbsxanadan azadlıq mübarizəsinə rəhbərlik edirdi

Zakzenhauzendə Bandera siyasi şəxslər üçün nəzərdə tutulan biradamlıq kamerada saxlanılırdı. Onun üzərində ciddi polis nəzarəti vardı və hər addımı izlənilirdi.  Bu yolla da Almaniya Banderanın azadlıqda olan UMH liderləri ilə əlaqələrini tamamilə kəsərək onu təcrid etmişdilər. Buna baxmayaraq, alman humanizmi Banderaya münasibətdə də özünü büruzə vermişdi. Belə ki, Banderaya həyat yoldaşı və övladları ilə mütəmadi olaraq görüşməyə imkan yaratmışdılar.  Bu da Banderaya həyat yoldaşı vasitəsi ilə UMH liderləri ilə əlaqə saxlamağa və baş verən prosesləri idarə etməyə imkan vermişdi. Bandera, beləliklə, 1942-ci ildə Ukrayna Milli Azadlıq Ordusunun ( UMAO) təşkilində iştirak edə bildi. Bandera prosesə həbsxanadan rəhbərlik etsə də, UMH liderləri yeni yaradılan UMAO  zabitləri və komandanlığı milli azadlıq uğrunda aparılan bütün əməliyyatları onun adı ilə bağlayırdılar. Ona görə də alman komandanlığının sənədlərində UMAO haqqında “Bandera hərəkatı” termini (Banderabewegung), sovet komandanlığı isə “banderovşina” və ya “banderovçular” ifadələri işlədilirdi. Əzız Mustafa-www.zaman.az