SSRİ-nin Əfqanıstana hücum sirləri (2)

Kirpiçenkonun dediklərini 1989-1991-ci illərdə DTK kəşfiyyatına rəhbərlik edən general Leonid Şabarşin də  təsdiq edir: “SSRİ-nin Əfqanıstana qoşun yeritməsi və Hafizulla Əminin devrilməsi ilə bağlı qəbul edilən qərarla bağlı sənədlər DTK arxivində yoxdur. Mən bunun səbəbi ilə maraqlananda həmin sənədlərin Yuri Andropovun göstərişi ilə məhv edildiyini bildirdilər”.
Nə üçün SSRİ müdafiə nazirliyi tərəfindən Əfqanıstan qurban seçilmişdi? Bu suala birmənalı cavab vermək çox çətindir. Sonralar SSRİ Əfqanıstanı biabırçı şəkildə tərk etməyə məcbur olandan sonra bəzi yüksək rütbəli hərbçilər yazdıqları memuarlarda bunun üstündən sükutla keçdilər.Özü də sonralar Əfqanıstan barədə ən çox danışan keçmiş DTK əməkdaşları idilər. Amma hiss olunurdu ki, onlar da həqiqəti özləri bildikləri kimi yozur və bununla da üstündən illər ötəndən sonra belə Əfqanıstana hərbi müdaxiləyə haqq qazandırmaq istəyirlər. Onların Əfqanıstanla bağlı yazdıqları memuarlarda həqiqəti təhrif etmələri aydın şəkildə nəzərə çarpırdı. Ona görə də, məsələ ilə bağlı Əfqanstan avanturasında iştirak edən generalların açıqlamalarına ehtiyac duyulurdu. Lakin onlar DTK əməkdaşlarından fərqli olaraq susmağa üstünlük vermişdilər. Əslində Əfqanıstana hərbi müdaxilənin əsas səbəbkarı SSRİ-nin iki böyük qurumu olan müdafiə nazirliyi və Dövlət Təhlükəsizliyi Komitəsi idi. Ancaq Əfqanıstana hərbi müdaxilədən daha çox zərər çəkən DTK deyil, məhz hərbçilər oldular. Digər tərəfdən də Əfqanıstana hərbi müdaxilə ilə bağlı sonralar bu işdə xüsusi rolu olan hərbçilərin susmalarını da təsadüfi hesab etmək olmaz. Belə ki, həmin dövrdə Əfqanıstana hərbi müdaxilə ilə bağlı bütün hallarda nəinki ölkənin ali dairələri, həm də hərbçilər arasında fikir ayrılıqları mövcud idi. Məsələn, SSRİ müdafiə nazirliyi Baş Qərargahının rəisi marşal Nikolay Oqarkov, Baş qərargahın operativ idarəetmə idarəsinin rəisi ordu generalı Valentin Varennikov, Quru qoşunları komandanı ordu generalı İvan Pavlovski, general-leytenant Lev Qorelov və digərləri Əfqanıstana hərbi müdaxilənin əleyhinə çıxmışdılar. Amma onların Əfqanıstana müdaxilənin təhlükəli ola biləcəyi və bu işin yaxşı heç nə vəd etmədiyi barədə xəbərdarlıqları nəzərə alınmadı.  Həmin dövrdə Baş qərargahda işləyən aviasiya general-leytenantı Vasili Makarov yazmışdı ki, Ustinov Əfqanıstana hərbi müdaxilə ilə məğlub edilməz qızıl ordunun nəyə qadir olduğunu bütün dünyaya, o cümlədən ABŞ-a sübut etmək istəyirdi. Lakin o bilmirdi ki, Əfqanıstana hərbi müdaxilə məsələsində israr etməklə ABŞ tərəfindən qurulan yeni oyuna cəlb edilir və bunun sonu da biabırçılıqla bitəcək. Bütün hallarda hərbçilər arasında Əfqanıstana müdaxilə ilə bağlı narazılıqlar böyüməkdə idi. Marşal Oqarkov məsələ ilə bağlı Ustinova kəskin etirazını bildirərək, onu Əfqanıstana hərbi müdaxilə  fikrindən daşındırmağa cəhd etmişdi. Amma Ustinov sərt şəkildə Oqarkova: “Sən Siyasi Büronun Əfqanıstana hərbi müdaxilə barədə qəbul etdiyi qərarına qarşı çıxırsan. Sizin yeganə borcunuz əmri yerinə yetirməkdir”,-demişdi.

Lakin Oqarkov da ona borclu qalmayaraq bildirmişdi ki, Əfqanıstana hərbi müdaxilənin gətirdiyi ağır xərcləri, onun vurduğu mənəvi və maddi zərəri bizim nəvələrimiz, övladlarımız ödəməli olacaqlar. Hər halda sonralar marşalın uzaqgörənliyi özünü doğrultdu və SSRİ II Dünya müharibəsindən sonra Əfqanıstanda özünün ən böyük məğlubiyyətini aldı. Bir sözlə Əqanıstana hərbi müdaxilə qızıl ordunun məğlubedilməzliyi barədə əfsanələri heçə çıxararaq, SSRİ-nin mənəvi baxımdan dağılmasının əsasını qoydu.

Müdaxilə tərəfdarları günahlarını ört-basdır edirlər

Əfqanıstana hərbi müdaxilənin səhv olduğunu ilk günlərindən DTK əməkdaşları hiss etmişdilər. Ona görə də, onlar özlərini sığortalamaq üçün Əfqanıstana hərbi müdaxilə ilə bağlı bütün sənədlərin, o cümlədən şəxsi gündəliklərin məhv edilməsi barədə göstəriş verdilər. Əfqanıstana hərbi müdaxilənin ilk günlərindən bu əməliyyatlarda birbaşa iştirak edən general-leytenanat Vadim Kirpiçenko bununla bağlı sonralar yazmışdı: “Əfqanıstanda hərbi çevriliş yolu ilə hakimiyyəti dəyişdirən DTK xüsusi təyinatlılarına göstəriş verilmişdi ki, hərbi əməliyyatın gedişini unutsunlar və bununla bağlı  yazdıqları gündəliklərini məhv etsinlər. Eyni zamanda hərbi əməliyyatla bağlı bütün sənədlər də məhv edildi”.

Kirpiçenkonun dediklərini 1989-1991-ci illərdə DTK kəşfiyyatına rəhbərlik edən general Leonid Şabarşin də  təsdiq edir: “SSRİ-nin Əfqanıstana qoşun yeritməsi və Hafizulla Əminin devrilməsi ilə bağlı qəbul edilən qərarla bağlı sənədlər DTK arxivində yoxdur. Mən bunun səbəbi ilə maraqlananda həmin sənədlərin Yuri Andropovun göstərişi ilə məhv edildiyini bildirdilər”.

Əfqanıstana hərbi müdaxilə ilə bağlı gizli sənədlərin məhv edilməsi əslində təsadüfi deyil. Çünki Əfqanıstana hərbi müdaxilə nəticəsində SSRİ-nin ağır zərbə almasının əsas günahkarları buna görə tarix qarşısında cavab  verməli idilər. Onlar, Ustinv və Andropov isə özlərinin günahkar olmasını ört-basdır etmək üçün gizli sənədləri məhv etmək yolunu seçdilər.  Sonralar məsələyə münasibət bildirən daha bir keçmiş DTK şefi Vladimir Kryuçkov yazır: “Əfqanıstana hərbi müdaxilənin vacibliyinə Brejnevi inandırmaq üçün ona adıçəkiən ölkənin SSRİ ilə sərhəd zonalarına ABŞ, İngiltərə və Almaniyanın xüsusi maraq göstərdiyini bildirmişdilər. Qeyd edilmişdi ki, bunun qarşısını isə yalnız Əfqanıstana hərbi müdaxilə ilə almaq olar”.

Kryuçkov daha sonra yazır ki, onlara Əfqanıstanda Qərb ölkələrinin fəallaşması ilə bağlı məlumatlar müntəzəm olaraq daxil olurdu. Nəhayət Kryuçkov Əfqanıstana hərbi müdaxilə məsələsində Hafizulla Əmin amilinin də rol oynadığını xatırlayıb. Onun sözlərinə görə, DTK rəhbərliyi Əminin SSRİ-ni ABŞ-a sata biləcəyindən şübhələnmişdi. General Kirpiçenko isə yazır ki,  həmin dövrdə DTK-da Andropovdan sonra ikinci şəxs olan Kryuçkov 1979-cu ilin noyabr ayında onu yanına çağıraraq Əminin öz xalqının cəlladına çevrildiyini və onun Amerikaya meyl etdiyini bildirmişdi.

Sonaralar Əminin sarayına hücumda iştirak edən Valeri Kurilov yazır ki, əməliyyata rəhbərlik edən Baş Kəşfiyyat İdarəsinin zabiti polkovnik ( sonralar general-leytenant) Vasili Kolesnik xüsusi təyinatlılar qarşısında çıxışında demişdi ki, Əmin Mərkəzi Kəşfiyyat İdarəsinin casusudur.

SSRİ üçün ABŞ tələsi

Əslində həmin dövrdə ABŞ SSRİ-nin Əfqanıstana hərbi müdaxilə etməsində daha çox maraqlı görünürdü. ABŞ bu yolla SSRİ-ni əfqan bataqlığına salmaq və ona mücahidlərin əli ilə burada ağır zərbələr vurmaq niyyətində idi. Bu məqsədlə xüsusi ssenari də hazırlanmışdı.  Bununla bağlı sonralar Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş şeflərindən biri olan  Robert Qeyts öz memuarlarında yazmışdı: “ Biz həmin dövrdə Allaha yalvarırdıq ki, SSRİ Əfqanıstana hərbi qüvvə yeritsin. Bu məqsədlə də xüsusi hazırlıq işləri görürdük. SSRİ hələ Əfqanıstana hücum etməzdən bir neçə ay əvvəl əfqanlardan ibarət mücahid dəstələrini təşkil etməyə başlamışdıq”. Onun bu sözlərini ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Zbiqnev Bjezinski də təsdiq edir.  O, məsələ ilə bağlı 1998-ci ildə Fransanın “Le Nouvel Observateur” nəşrinin suallarına verdiyi cavabında: “ Biz mücahidləri hələ SSRİ Əfqanıstana hücum etməzdən əvvəl silahlandırmağa başlamışdıq. Hələ 1979-cu il iyul ayının 3-də prezident  Karter Kabuldakı sovet düşmənlərinə gizli şəkildə hərbi və maliyyə yardımı göstərilməsi barədə direktiv imzalamışdı”,-demişdi.

Bzejinskinin sözlərinə görə, onlar düşünülmüş şəkildə SSRİ-ni Əfqanıstana hərbi müdaxiləyə sövq etdilər. Bununla da SSRİ-yeni oyuna cəlb edilərək ona ağır zərbələr vurulması planı işə salındı. Onu da deyək ki, Əfqanıstan mücahidlərinə yardım məsələsi Karterin imzaladığı iyul direktivindən əvvəl gündəmə gəlmişdi. Qeytsin yazdığına görə, 1979-cu il mart ayının 28-də MKİ əməkdaşı SSRİ üzrə ekspert Arnold Qorelik adı çəkilən qurumun şefi Ternerə yazmışdı ki, Əfqanıstanda SSRİ əleyhinə düşmənçiliyin artması  Kremli oraya hərbi müdaxiləyə sövq edə bilər. Bundan bir neçə gün sonra Bzejinskinin də iştirakı ilə Əfqanıstan üzrə Xüsusi Koordinasiya Komitəsinin iclası keçirilir. İclasda SSRİ-yə qarşı regionda müqavimətin təşkil edilməsi barədə qərar qəbul edilir. Aprelin 6-da isə Bzejinskinin rəhbərliyi altında keçirilən iclasda mücahidlərin silahla təmin edilməsi, hərbi düşərgələrdə onlara təlim keçirilməsi barədə razılıq əldə edilir. Aprelin 24-də isə Qorelik Ternerə bir daha müraciət edərək, mücahidlərə təcili şəkildə hərbi yardım göstərilməsinin vacibliyini onun diqqətinə çatdırır. Nəticədə Karter iyulun 3-də  mücahidlərə yardım göstərilməsi barədə məlum direktivi imzalayır. SSRİ Əfqanıstana hərbi müdaxiləyə başlayan gün isə Bzejinski Karterə yazırdı:” Biz SSRİ-ni tələyə sala bildik. İndi onlara Əfqanıstanda Vyetnam dərsi keçəcəyik”.

Həqiqətən də, SSRİ Əfqanıstana hərbi müdaxilə etməklə ən ağır zərbələrdən birini aldı.  On il ərzində Əfqanıstanda hər gün itkilər verən qızıl ordu sarsıldı. 1989-cu ildə SSRİ Əfqanıstanı tərk edəndə ordu artıq sarsılmışdı. Əfqanıstandakı məğlubiyyət öz növbəsində  SSRİ-nin dağılması prosesini sürətləndirərək onun yerində yeni müstəqil dövlətlərin yaranmasına gətirib çıxardı. ƏZİZ MUSTAFA