SSRİ-nin Əfqanıstana hücum sirləri (1)

937
35 il bundan əvvəl, 1979-cu il dekabr ayının 25-də SSRİ tarixində II Dünya müharibəsindən sonra ən böyük işğalçılıq əməliyyatlarından biri həyata keçirildi. Belə ki, 1979-cu il dekabr aynın 25-də SSRİ qoşunları Əfqanıstana hücum edərək Kabula doğru irəliləməyə başladılar.
Dekabrın 27-də isə SSRi Müdafiə nazirliyi Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı dəstələri gözlənilməz hücumla Əfqanıstan Prezidenti Hafizulla Əminin iqamətgahını ələ keçirdilər. Bunun ardınca onlar SSRİ Dövlət Təhlükəsizlik  Komitəsinin sədri  Andropovun əmri ilə Əmini güllələdilər. Eyni zamanda SSRİ Hərbi  Hava qüvvələrinə məxsus desant hissələri ölkənin ali idarələrini ələ keçirdilər. Kabul ələ keçirildikdən sonra SSRi orada öz adamı hesab edilən Babrək Karməli hakimiyyətə gətirdi. Hafizulla Əminin adı isə guya Əfqanıstanı ABŞ-a satmaqda günahlandırıldı. Əslində həmin dövrdə SSRİ Əfqanıstanı demək olar ciddi itki vermədən işğal etmişdi və bu, Moskvada SSRİ rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilmişdi. Əfqanıstanın işğal edilməsində rolu olan bütün hərbçilər yüksək fəxri adlara layiq görülmüşdü. Əslində Əfqanıstanın işğal edilməsi barədə qərarın qəbul edilməsi heç də asan olmamışdı. Bununla bağlı rəylər müxtəlif idi. Həmin dövrdə bəzi Siyasi Büro üzvləri Əfqanıstana müdaxilənin əleyhinə çxaraq bunun SSRİ-yə yaxşı heç nə gətirməyəcəyini,  beynəlxalq aləmdə onun nüfuzuna ciddi zərbə vuraraq sosializmə meyl edən insanlar tərəfindən xoşagəlməz qarşılanacağını bildirmişdilər. Ona görə də, 1979-cu il dekabr ayının 12-də Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun ən gizli iclaslarından biri keçirildi. İclasda Əfqanıstana müdaxilə məsələsi qızğın müzakirələrə səbəb oldu. Həmin iclasda iştirak edən Müdafiə nazirliyinin yüksək səviyyəli rəsmiləri, o cümlədən SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Yuri Andropov Əfqanıstana müdaxiləni müdafiə edirdilər. Onları buna haqq qazandırmaq üçün Əminin ABŞ-ı Əfqanıstana  dəvət etdiyini və Pentaqonun (ABŞ müdafiə nazirliyi) yaxın günlərdə Əfqanıstan hökumətinin xahişi ilə ora hərbi qüvvələrini yeridəcəyini  bildirdilər. ABŞ-ı qabaqlamaq üçün təcili şəkildə Əfqanıstana SSRİ-nin müdaxiləsi və Əmini hakimiyyətdən götürərək yerinə öz adamlarını gətirməyi təklif edirdilər. Nəticədə iclasda iştirak edən SSRİ rəhbərliyi Əfqanıstana müdaxilə barədə qərar qəbul etdi. Beləliklə, 1979-cu il dekabr ayının 25-də SSRİ qoşunları Əfqanıstana daxil oldular.

 

SSRİ-nin müdaxiləsi ərəfəsində

Əfqanıstanda siyasi vəziyyət

Əslində SSRİ hələ ötən əsrin 60-cı illərindən başlayaraq Əfqanıstanda baş verənləri diqqətlə izləyirdi. SSRİ rəhbərliyi Amerika qitəsindəki Kubanın timsalında olduğu kimi, Asiyanın cənubunda sosializmə dayaq olan ölkələrin sırasını genişləndirmək niyyətində idi. Bu məqsədlə Əfqanıstan və Hindistan seçilmişdi. Lakin ötən əsrin 60-cı illərinin sonlarında məlum oldu ki, Hindistan SSRİ ilə nə qədər dost münasibətdə olsa da, sosializm qurmaq niyyətində deyil. Hindistan rəhbərliyi həmin dövrdə SSRİ-dən böyük həcmdə hərbi və iqtisadi yardım almışdı. SSRİ-nin yardımları ilə Hindistan öz iqtisadiyyatını sürətlə inkişaf etdirə bilmişdi. Ölkədə SSRİ-nin birbaşa yardımları ilə yüzlərlə yeni sənaye müəssisələri işə salınmışdı. Lakin məsələ siyasi müstəviyə gələndə Hindistan rəhbərləri açıq şəkildə Moskvaya bildirmişdilər ki, Hindistan xalqı sosializmi qəbul etməyə hazır deyil və bu istiqamətdə atılan istənilən addım xalqın hökumət əleyhinə  ayağa qalxmasına gətirib çıxaracaq. Belə bir vəziyyətdə SSRİ rəhbərliyi Əfqanıstanı sosializmin bölgədəki forpostlarından birinə çevirmək qərarına gəldi.  Ötən əsrin 70-ci illərinin əvvəllərində, daha dəqiq desək, 1973-cü il iyul ayının 17-də Əfqanıstnda Zahir şah devrildi. Onun yerinə isə ölkəni Məhəmmd Daud idarə etməyə başladı. Əfqanıstan respublika elan edildi və bir çox siyasi partiyalar, o cümlədən SSRİ xüsusi xidmət orqanları tərəfindən yaradılan və maliyyələşdirilən Əfqanıstan Xalq Demokratik Partiyası azad şəkildə fəaliyyət göstərməyə başladı. Bölgədə yaranan yeni siyasi vəziyyət isə SSRİ-yə tədricən Əfqanıstanda möhkəmlənmək imkanı verdi. Daud ölkədə avropasayağı islahatlar keçirmək üçün bəzi addımlar atdı. Bu is Dauda qarşı xalq arasında etirazların artmasına gətirib çıxardı. 1978-ci ilin aprel ayında bu etirazlar açıq müstəviyə keçdi və bundan istifadə edən  Əfqanıstan Xalq Demokratik Partiyası hakimiyyətə gəldi. Əfqanıstan Demokratik respublika elan edildi.  Yeni hökumətin başçısı Nur Məhəmməd Təraki, İnqilabi Şuranın sədri isə Hafizulla Əmin oldu. Tərakinin ölkədə həyata keçirmək istədiyi sosializm yönümlü islahatlar isə əhali tərəfindən yeni narazılıqlara səbəb oldu. Nəticədə Əfqanıstan Demokratik Partiyası iki yerə, xalq və parçam fraksiyalarna bölündü. Buna paralel olaraq ölkədə vətəndaş müharibəsi başladı və hakimiyyət uğrunda gedən mübarizədə Təraki özünün siyasi rəqibi Əmin və tərəfdarları tərəfindən öldürüldü. Onun yerinə isə özünü SSRİ-yə münasibətdə daha loyal göstərməyi bacaran Hafizulla Əmin seçildi. Amma Əminin ölkəni idarə etməyə başlamasından az sonra yeni prezidentin hər addımını izləyən və şəxsi telefon danışıqlarını xüsusi nəzarət altında saxlayan SSRİ kəşfiyyatı ondan şübhələnməyə başladı. Belə ki, SSRİ ilə sıx əlaqədə olan Əmin eyni zamanda ABŞ-la da isti münasibətlər qurmağa cəhd edirdi. Bu isə Moskvada həyacanla qarşılanırdı.

 

Əfqanıstana hücum planının

pərdəarxası gizlinləri

Əfqanıstanda Hafizulla Əminin istənilən an SSRİ-ni ABŞ-a satacağını kəşfiyyat məlumatları da təsdiq edirdi. Bu isə SSRİ-nin Əfqanıstanı sosializmin bölgədəki forpostuna çevirmək istəyən Moskvanı ciddi şəkildə narahat etməyə başlamışdı. Belə bir vəziyyətdə Moskvada vəziyyətdən çıxış yolunu axtarmağa başladılar. Yaranmış vəziyyətdə Hafizulla Əminin devrilməsi yeganə çıxış yolu hesab edilirdi. Bununla bağlı 1979-cu ilin mart ayının 17-də SSRİ müdafiə naziri Ustinov ətrafındakılarına bildirmişdi ki, Əfqanıstana hücum planı hazırdır. Onun sözlərindən məlum olmuşdu ki, plana əsasən, bir gün ərzində Əfqanıstanın  işğal edilməsi nəzərdə tutulub və bununla bağlı plan ölkə rəhbərliyinə təqdim edilib. Lakin Ustinovun bu planı həmin dövrdə SSRİ-ni idarə edən Leonid  Brejnevin xoşuna gəlməmişdi. O Ustinovun Əfqanıstana müdaxiləni nəzərdə tutan planı ilə tanış olduqdan sonra əsəbiləşərək:” Əfqanıstanda ordu dağılır deyə biz onların yerinə niyə döyüşməliyik”,-demişdi. Brejnevə cavabında isə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Yuri Andropov Hafizulla Əminin  ümidləri doğrultmadığını, onun özünün bütün siyasi rəqiblərini kütləvi şəkildə güllələtdiyini söyləmişdi. Əminin bu hərəkətləri Siyasi Büronun tanınmış üzvlərindən olan Kirilenkonu da əsəbiləşdirmiş və o, Əfqanıstandakı vəziyyətlə bağlı Brejnevin yanında keçirilən xüsusi müşavirədə: “Əminin ölkədə kütləvi şəkildə minlərlə günahsız insanları güllələtməsi yolverilməzdir. O, özünə haqq qazandırmaq üçün deyir ki, vaxtı ilə Lenin də onun  kimi hərəkət edib və inqilab düşmənlərindən ölkəni təmizləyib.  Baxın görün günümüzdə necə marksist tapılıb?  Əminin  bu hərəktləri Əfqanıstanda sosializmi gözdən salır. Buna qarşı tədbir görülməsi hökmən lazımdır”,-demişdi.

Brejnevin etirazlarına baxmayaraq, SSRİ Müdafiə Nazirliyi və SSRİ Baş Kəşfiyyat İdarəsi Əfqanıstana müdaxilə məsələsindən geri çəkilmək niyyətində deyildilər. Bu müstəvidə də 1979-cu il iyul ayının 7-8-də olduqca gizli şəkildə  Baqrama 105-ci hərbi hava desant diviziyasının 111-ci paraşüt desant polku yeridildi. Bunun ardınca isə yenə də çox gizli şəkildə SSRİ  Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları Kabula yeridildi. Onlar Hafizulla Əminin sarayını nəzarətdə saxlayırdılar. Bununla bağlı onlara tapşırıq verilmişdi ki, lazım olan anda Əminin sarayını ələ keçirməyə hazır olsunlar. Bir sözlə o dövrdə artıq Əfqanıstana qarşı hərbi müdaxiləyə hazırlıq gedirdi. Qəribəsi o idi ki, Əfqanıstana hərbi müdaxiləyə qarşı çıxan Brejnev də gözlənilmədən geri addım ataraq əvvəlki fikrindən dönmüşdü. Ola bilsin ki, Brejnev Dmitri Ustinov və Yuri Andropovun Əfqanıstana hücumla bağlı təkidlərinin qarşısında tab gətirə bilməmişdi. Bütün hallarda Əfqanıstana hərbi müdaxilədə ilk növbədə müdafiə naziri Ustinov və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Yuri Andropov maraqlı idilər.  Çox güman ki, onlar Əfqanıstanın işğal edilməsi planını reallaşdırmaqla özlərinə yeni bir şöhrət qazanmaq istəyirdilər.ƏZIZ MUSTAFA