SSRİ-ni kosmos dövlətinə çevirən azərbaycanlı (4)

779
Kosmosa ilk gəmi göndərilməsindən ruhlanan Korolyov və ətrafındakılar isə öz tarixi missiyalarını uğurla həyata keçirməkdə idilər. Yuxarıda qeyd etdiyimiz kimi 1961-ci ilin avqust ayında SSRİ “Vostok-2” kosmik gəmisini yerətrafı orbitə çıxardı. Bu dəfə gəmidə olan Titov öz adını ikinci kosmonavt kimi SSRİ və dünya kosmonavtikası tarixinə yazdırdı.
SSRİ də kosmosa yeni peyklər göndərilməsi sonrakı illərdə də davam etdirildi. Belə ki, 1962-ci il avqust ayının 11-də  “Vostok -3” gəmisində iki kosmonavt yerətrafı orbitə çıxarıldı. Bu kosmos tarixində yerətrafı orbitə çox heyətli ilk uçuş idi.  Sonrakı illərdə  “Vostok -4” və “Vostok -5” və “Vostok -6” gəmiləri kosmosa göndərildi.

 İlk kosmonavat qadın

Ötən əsrin 60-cı illərinin əvvəllərində məlum oldu ki, ABŞ kosmosa ilk qadın göndərmək istəyir. Bunu görən SSRİ rəhbərliyi bu sahədə də birinciliyi ələ almaq üçün Korolyova və Kərim Kərimova  ABŞ-ı qabaqlayaraq yerətrafı orbitə qadın göndərilməsi barədə göstəriş verdi. Təcili şəkildə bununla bağlı seçim başlandı və sonda Valentina Tereşkovanın üzərində dayanıldı. Bununla bağlı Kərim Kərimov deyir: “Tereşkova digər namizədlərlə müqayisədə bir o qədər də inamlı və qətiyyətli təsir bağışlamırdı. Amma onun tərcümeyi-halı və keçdiyi həyat yolu sovet ideologiyasına uyğun gəlirdi. Ona görə də, SSRİ rəhbərliyi sonda məhz Tereşkovanın üzərində dayandı”.

Yeri gəlmişkən onu da deyək ki, Korolyov özü də Valentina Tereşkovanın kosmosa göndərilməsini istəmirdi. O, digər namizədin üzərində dayanmışdı. Ancaq  həmin namizədin tərcümeyi-halı və keçdiyi həyat yolu Tereşkovanınkı kimi zəngin deyildi.

“Kərim Kərimov bununla bağlı: ”Korolyov SSRİ rəhbərliyinin ilk qadının kosmosa uçmasından təbliğat vasitəsi kimi istifadə edəcəyini bilirdi. Ona görə də, özünün seçdiyi digər namizədlə bağlı rəhbərliklə münaqişəyə girmədi. Amcaq bu uçuş Tereşkova üçün çox ağır keçdi. Belə ki, Tereşkova gəminin idarə edilməsini ələ ala bilməmişdi. Korolyov ondan yerdə soruşurdu: “Çayka” ( Teşekovanın şərti adı) siz uçuş tapşırığını yerinə yetirirsinizmi?” O isə cavabında: “Hələki yox”-deyə cavab vermişdi. Korolyov bundan bərk əsəbiləşmişdi. Amma sonrakı mərhələdə Tereşkova özünə gələrək gəmini idarə etməyə başladı və hətta daha 3 sutka kosmosda qalmağı xahiş etdi. Amma enmə zamanı ehtiyatsız hərəkət nəticəsində Tereşkovanın sifəti  zədələnmişdi”,- deyir.

Uğursuzluq zolağı

Onu da deyək ki, Kərim Kərimov o dövrdə uğursuzluqlara da düç ar olmuşdu. Belə ki, ötən əsrin 60-cı illərinin ortalarında SSRİ-də dalbadal kosmik gəmi qəzaları baş verdi. Onlardan bəzilərinə Kərim Kərimov mətbuata verdiyi açıqlamalarda aydınlıq gətirib. Məsələn, o, kosmonavt Komarovun ölməsi ilə bağlı belə deyib: “Komarov uçuşu uğurla həyata keçirdikdən sonra yerə enərkən paraşüt konteynerdən çıxmamışdı. Buna səbəb isə konteynerin qapağının texnoloji qaydaların pozulması əsasında hazırlanması olmuşdu. Bu da konteynerin qapağının avtomatik qaydada açılmasına və Komarovun ondan istifadə edərək paraşütlə yerə enməsinə imkan verməmişdi. Nəticədə qəza baş vermiş və o dünyasını dəyişmişdi”.

Komarovun qəza nəticəsində ölümünün səbəblərini araşdıran komissiya da eyni nəticəyə gəlmiş və günahkarlar cəzalandırılmışdı. Təbii ki, bu işdə Kərim Kərimovun və digərlərinin də günahının  olduğu şübhəsiz idi. Ona görə də günahkarlara sərt şəkildə xəbərdarlıq edilmişdi. Buna baxmayaraq, ötən əsrin ortalarında SSRİ kosmosda sanki uğursuzluq zolağına düşmüşdü. Belə Komarovun ölümündən sonra SSRİ kosmonavtikası daha bir ağır itki ilə üzləşdi. Bu da Dobrovolski, Patsayev və Volkovdan ibarət heyətin kosmosdan yerə qayıdarkən faciəli şəkildə dünyalarını dəyişməsi oldu.

Kərim Kərimovun sözlərinə görə, qəzaya səbəb yenə də gəmidə olan nasazlıq olmuşdu. Belə ki, gəmi geri dönərkən enmə əsnasında avtomatik şəkildə açılması nəzərdə tutulan klapan vaxtından əvvəl  xeyli yüksəklikdə havasız yerdə açılmışdı. Bu da havasız şəraitdə qalan kosmonavtların boğularaq ölməsinə gətirib çıxarmışdı. Kərim Kərimovun sözlərinə görə, əgər kosmonavtlar oturduqları stoldakı kəməri vaxtında aça bilsəydilər, onda klapanı əllə bağlamaq mümkün olacaqdı. Amma çəkisizlik şəraitində buna vaxtları çatmamış və onlar boğulmuşdular.

Gülməli hadisələr də baş verirdi.

Kərim Kərimovun dediklərinə görə kosmosa göndərilən kosmonavtlarla bağlı gülməli hadisələr də baş verirdi. Onlardan biri Bolqarıstandan olan kosmonavt Kakalovla bağlı idi. Bununla bağlı Kərim Kərimov üzündə xoş təbəssüm baş verən hadisəni belə anladır:” Beynəlxalq ekipajdan ibarət kosmik heyətin  yerətrafı orbitə göndərilməsinə üç gün qalmış mənə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsindən -Kremldən zəng etdilər. Belə zənglərə, adətən, öyrəşdiyim üçün əvvəlcə uçuşun gedişi ilə bağlı məndən məlumat istəyəcəklərini düşündüm. Ona görə də özümü yığaraq dərhal onlara uçuşa hazırlığın gedişi ilə bağlı məlumat vermək istədim. Lakin zəng edən səsimi kəsərək: “Bu Kakalov kimdir, bu familiya haradan çıxdı?”-deyə sərt şəkildə soruşdu. Mən əvvəlcə heç nə anlaya bilmədim. Çünki Kakalov familiyalı kosmonavtın kosmosa göndəriləcəyi onun tərcümeyi- halı barədə yuxarılara dəqiq məlumat çatdırmışdıq. Buna baxmayaraq, mən Kakalov barədə zəng edənə əlavə məlumat vermək istəyəndə o biri başdan mənə danışmağa, sözümü deməyə imkan vermədilər: “Sən necə bilirsən, sabah TASS dünyaya məlumat verəcək ki, Kakalov soyadlı birisi kosmosa göndərilib, onda bizə gülməyəcəklərmi? Axı Kakalov soyadını səsləndirmək belə bizə, milyonlarla bu adı eşidənə ayıb olacaq”. Mən sözün düzü məsələnin bu yerə çatacağını və Kakalov soyadının belə eybəcər səsləndirilə biləcəyini və buna yuxarıların pis məna verəcəklərini ağlıma belə gətirməmişdim. Ona görə də, ona nə cavab verəcəyimi bilməyərək ani olaraq vəziyyətdən çıxış yolu axtarmağa başladım. Amma mənə fikirləşməyə imkan vermədilər. Zəng edən: “Kakalov  bundan sonra İvanov oldu və onu bu adla da kosmosa göndərin, razı olmasa, onu digəri ilə əvəz edin”,-deyə əmr etdi.

Mən məsələni uçuşa məsul olan şəxslərə deyəndə onları  gülmək tutdu və uzun müddət qəhqəhələrini saxlaya bilmədilər. Nə isə məsələni çətinliklə də olsa, Kakalova deyərək ona yuxarıların  göstərişini söylədik. O da əvvəlcə məsələnin mahiyyətini anlaya bilmədi, amma sonra söhbətin nədən getdiyini dərk edərək qıpqırmızı qızardı.  Onun yuxarıların əmri ilə İvanov olmaqdan başqa çarəsi qalmamışdı. Ona görə də, istəməyə-istəməyə İvanov adı ilə kosmosa göndərilməsinə razılıq verdi.  Çünki əks halda onun əvəzinə kosmosa əvəzedicisi göndəriləcəkdi. Sonralar yerə qayıdandan sonra Kakalovun ailəsində bu hadisə böyük qalmaqala səbəb olmuşdu. Xüsusi ilə, həyat yoldaşı məsələdən bərk əsəbiləşərək az qala məsələni boşanmaya qədər aparıb çıxaracaqdı. Yalnız yuxarıların təpinməsindən sonra İvanovun (Kakalovun) həyat yoldaşı fikrindən daşınmışdı”.

Brejnevə etiraz

Kərim Kərimovu fərqləndirən bir xüsysiyyəti də onun öz fikirlərini axıra kimi müdafiə etməsi idi. Düzdür o, hərbiçi idi və hərbi dillə desək yuxarıdan verilən əmri müzakirə etmirdi. Bu əmr müzakirəsiz yerinə yetirilməli idi və Kərim Kərimov da həmişə bu prinsipə sadiq idi. Ancaq qeyd etdiyimiz kimi o, fövqəladə, taleyüklü məsələlərin həlli zamanı özünün fikirlərini müdafiə etməyi bacarırdı. Məsələn, 1967-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi Leonid İliç Brejnevin iştirakı ilə toplantı keçirilirdi. Toplantıda çıxış edən Brejnev “Vosxod” kosmik gəmisinin yerətrafı orbitə çıxarılmasının təxirə salınmasından öz narazılığını bildirmişdi.

Baş katib təhdidedici şəkildə: “Bütün bunlar bizim kosmos dövləti olduğumuzu şübhə altına alır və beynəlxalq aləmdəki imicimizə zərbə vurur”,- demişdi

Onun bu sözləri qarşısında SSRİ kosmonavtikasına rəhbərlik edənlər deməyə söz tapa bilməmişdilər. Amma gözlənilmədən Kərim Kərimov söz alaraq: “Hörmətli baş katib, ortada insan taleyi var. Kosmik gəmi tam uçuşa hazır olmadan onu yerətrafı orbitə çıxarmaq, kosmonavtları göz görə-görə ölümə göndərmək olmaz”,-demişdi. Bununla da kosmik gəmilərin kosmosa göndərilməsinin gecikməsi ilə bağlı söz-söhbətə son qoyulmuşdu. Halbuki o dövrdə Brejnevin sözünə etiraz etmək olmazdı. Brejnevin susmasına səbəb isə Kərim Kərimovun kosmosun fəthi sahəsindəki böyük xidmətləri idi. Yeri gəlmişkən, onu da deyək ki, K.Kərimovun  təşkilatçılıq qabiliyyəti onun yüksək vəzifələrə irəli çəkilməsində önəmli rol oynadı. Belə ki, 1965-ci ildə o, SSRİ Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinə təyin edildi. Bir il sonra 1966-cı ildə isə məşhur konstruktor Sergey Korolyovun şəxsi təşəbbüsü və təklifi ilə Kərim Kərimovu Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri vəzifəsinə irəli çəkdilər. Bu onun istedadına və təşkilatçılıq qabiliyyətinə verilən ən böyük qiymət idi.

Ötən əsrin 60-cı illərinin sonlarında ABŞ kosmik sahədə SSRİ-ni qabaqlayaraq, Aya ilk insanını çıxardı. Bu isə SSRİ-də həyəcanla qarşılandı. Çünki o vaxta kimi SSRİ ABŞ-ı kosmosun fəthi sahəsində qabaqlayırdı. Kərim Kərimov bu uğursuzluğun səbəbini belə izah edir: “Qaqarinin kosmosa uçmasından sonra ABŞ Prezidenti Kennedinin təkidi və tələbi ilə kosmik sahədə geriliyi aradan qaldırmaq üçün Konqres 240 milyard dollar ayrılmasına razılıq verdi. O vaxt biz də bunu nəzərə alaraq, ölkə rəhbərliyinə kosmosun fəthi üçün əlavə maliyyə vəsaiti ayrılmasını xahiş etdik. Bununla bağlı Korolyov bir neçə dəfə rəhbərliyin yanında oldu. Ancaq o vaxt SSRİ rəhbərliyi kosmosun fəthi üçün əlavə vəsait ayırmaq barədəki təşəbbüs və xahişlərə məhəl qoymadı. Çünki onlar əldə edilən uğurların yenə də davam edəcəyinə əmin idilər. Ona görə də ABŞ tədricən bu sahədə bizi qabaqlaya və Aya adam göndərə bildi.

Onu da deyək ki, həmin dövrdə iki ölkə arasında yaxınlaşma baş verdi və nəticədə yerətrafı orbitə ABŞ və SSRİ kosmonavtlarından ibarət beynəlxalq ekipajın daxil olduğu “Soyuz-Apollon” gəmisi göndərildi.

Kərim Kərimovun sözlərinə görə, bu, daha çox siyasi məqsədlərə xidmət edirdi: “Bu təşəbbüs akademik Keldış tərəfindən ortaya atılmışdı. Keldış ölkə rəhbərliyini inandıra bilmişdi ki, bu, soyuq müharibə gərginliyini zəiflədə və iki ölkəni yaxınlaşdıra biləcək. Biz isə beynəlxalq heyətin kosmosa göndərilməsini ən yüksək səviyyədə təmin etmək üçün gecə-gündüz çalışmışdıq.

Onu da deyim ki, bu hazırlıq əsəbi bir vəziyyətdə həyata keçirilirdi. Çünki bu sırf siyasi alver niyyətlərinə xidmət edirdi və onun kosmik elmə heç bir aidiyyəti yox idi”.

Amma beynəlxalq heyətin kosmosa göndərilməsi ərəfəsində gözlənilməz maneə üzə çıxdı. Məlum oldu ki, kosmik gəminin salonunda rəngli kamera işləmir. Əvvəlcə, buna görə beynəlxalq heyətin kosmosa göndərilməsini təxirə salmaq istədilər. Lakin bu, Qərbdə SSRİ-nin kosmik sahədə geri qaldığı barədə hay-küyün qalxmasına səbəb olacaqdı. Kərim Kərimov bununla bağlı: “ Heç kəs bununla əlaqədar məsuliyyəti boynuna götürmək istəmirdi. Çünki bu uçuş siyasi xarakter daşıyırdı. Mən belə bir vəziyyətdə məsuliyyəti öz üzərimə götürərək, gəminin kosmosa göndərilməsi barədə qərar qəbul etdim. Məni maşınqayırma naziri Afanasiyev də dəstəklədi. Biz yalnız beynəlxalq heyət kosmosa göndəriləndən sonra bu kiçik nasazlıq barədə ölkə rəhbərliyinə məlumat verdik və kameranın rəngli və ya ağ-qara olmasının uçuşa təsiri olmayacağını bildirdik. Orada isə bu məsələyə bir  o qədər də məhəl qoymadılar”.

Beynəlxalq uçuş uğurla keçdi və iki ölkə arasındakı gərginliyin müəyyən qədər azalmasına gətirib çıxardı. Ötən əsrin 70-ci illərində də SSRİ ilə ABŞ arasında kosmos uğrunda rəqabət davam etdi. Korolyovun dünyasını dəyişməsindən sonra bu işdə bütün ağırlıq Kərim Kərimovun üzərinə düşmüşdü. O, Korolyovun ölümündən sonra SSRİ-də kosmik sahəyə rəhbərlik edirdi. O dövrdə “Soyuz” və çoxmodullu “Mir” kosmik gəmilərinin də yerətrafı orbitə göndərilməsində Kərim Kərimovun böyük xidmətləri oldu. Xüsusilə, “Mir” çoxmodullu orbital stansiyası,  belə demək mümkünsə, bu böyük şəxsiyyətin doğma övladı hesab edilirdi. Adıçəkilən stansiyanın yaradılması və kosmosa göndərilməsi də məhz Kərim Kərimovun adı ilə bağlıdır. Amma SSRİ dağılan ərəfədə ABŞ  “Mir”in batırılmasını təkidlə ölkə rəhbərliyindən- Qorbaçovdan  tələb etməyə başladı. Guya bu stansiya öz ömrünü baş vuraraq açıq kosmosda böyük təhlükə mənbəyinə çevrilmişdi. Halbuki stansiya hələ uzun müddət fəaliyyətini davam etdirməyə qadir idi. Amma Qorbaçov ABŞ qarşısında geri çəkilməyə və stansiyanın məhv edilməsinə razılıq verməyə məcbur oldu. “Mir” orbital stansiyasının  məhv edilməsi Kərim Kərimova olduqca pis təsir etmişdi. O: “Mir”i mənim doğma övladım hesab edənlər əslində yanılmırlar. Çünki onun yaradılmasında nə qədər böyük əziyyət çəkdiyim çoxlarına məlum idi. O, orbitdə uzun müddət işləmək üçün nəzərdə tutulmuşdu. Biz qərara almışdıq ki, vaxtaşırı onun sıradan çıxacaq detallarını dəyişərək fəaliyyət müddətini daha da artıraq. Amma ölkə rəhbərliyi biz mütəxəssisləri deyil, ABŞ-ı eşitdi və nəticədə o, məhv edildi. Bununla da SSRİ kosmik sahədə ABŞ-dan geri qalmağa başladı. Mənim bununla bağlı o dövrdəki vəziyyətimi yalnız yazıçı Turgenevin “Mumu” hekayəsinin qəhrəmanı Gerasimlə müqayisə etmək olar. Gerasim ürək ağrısı ilə öz Mumusunu çayda batırdığı kimi, mən də bu stansiyanın məhvini gözyaşlı qarşıladım”.

2000-ci ildən başlayaraq,  Rusiya ilə Qazaxıstan arasında Baykonurdan istifadə məsələsində narazılıq əmələ gəlməyə başladı. Bununla bağlı məsələyə münasibət bildirən Kərim Kərimov deyir ki, Plesetsk kosmodromundan orbitə gəmi göndərmək Baykonurdakından iki dəfə baha başa gəlir. Ona görə də o, Rusiyanın Baykonurdan hələ uzun müddət əl çəkməyəcəyini deyib.

Onu da deyək ki, Kərim Kərimovun  kosmik sahəyə rəhbərlik etməsinə baxmayaraq, kosmonavtlar arasında azərbaycanlı yox idi. Bununla əlaqədar o deyir ki, həmin dövrdə kosmosa yalnız  xristian-pravoslavlar göndərilə bilərdi: “Mən bunu, soydaşlarımdan birinin kosmosa göndərilməsini xahiş etsəydim də, mümkün olmayacaqdı. Adıçəkilən məsələ yalnız respublika rəhbərliyinin müdaxiləsi ilə siyasi müstəvidə həll edilə bilərdi”.

General kosmosa göndərilən ilk müsəlman kosmonavt Musa Manarova gəlincə, onun uzun müddət Korolyovun əlinin altında işlədiyini və bu amilin onun yerətrafı orbitə göndərlməsində önəmli rol oynadığını bildirib.

General eyni zamanda bununla bağlı Azərbaycan Kosmik Tədqiqatlar İnstitutunun direktoru, mərhum Tofiq İsmayılovla dəfələrlə danışdığını və azərbaycanlıların kosmosa göndərilməsini müvafiq dairələr qarşısında  qaldırmasını xahiş etdiyini söyləyib: “Bu söhbətdən bir neçə il sonra yanıma Azərbaycandan bir qız gəldi. O, kosmosa uçmaq arzusunda olduğunu söylədi. Amma o, kosmosa uçmaq üçün heç bir kriteriyaya cavab vermirdi.”

Bununla belə, Azərbaycanla əlaqəni kəsməyən, Azərbaycan Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar Mərkəzinə əlindən gələn köməkliyi göstərən general bir çox azərbaycanlı alimin bu sahədə fəaliyyət göstərib, inkişaf etməsinə şərait yaratmışdı.

Onu da deyək ki, Kərim Kərimov 1991-ci ildə tutduğu vəzifədən istefa verərək, təqaüdə çıxıb. O, hələ uzun müddət bu vəzifədə işləyə bilərdi. Ancaq ölkə rəhbərliyində kosmik sahəyə biganəlik əmələ gəlmişdi və bu sahə tənəzzülə uğramaqda idi. O isə buna dözə bilmirdi və çıxış yolunu 25 il rəhbərlik etdiyi Kosmik Uçuşlar Mərkəzindən ayrılmaqda gördü. Amma vəfat edənə – 2003-cü ilə kimi bu sahə ilə əlaqəsini davam etdirdi. O, istefaya çıxandan sonra ömrünün sonuna kimi Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olub. Kərim Kərimov ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində Bakıda da olub. Uzun ayrılıqdan sonra şəhəri gördükdə o göz yaşlarını saxlaya bilməyib.

Kərim Kərimovun fəaliyyəti SSRİ rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Ona general-leytenant rütbəsi, Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilib, iki dəfə “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı”, “Qırmızı Ulduz” ordenləri ilə təltif edilib. Kərim Kərimov 2 dəfə Dövlət mükafatı alıb. O həmçinin Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir. Mərhum kinorejissor Vasif Babayev onun həyat və fəaliyyəti barədə sənədli film çəkib. Son.

Əzİz Mustafa