SSRİ-ni kosmos dövlətinə çevirən azərbaycanlı (1)

575
Onun adı bir vaxtlar gizli saxlanılırdı. İş yoldaşlarından başqa, heç kimə onunla təmasa girməyə icazə verilmir, atdığı hər addım diqqətlə izlənilir, ailəsi və özü SSRİ dövlət rəhbərləri səviyyəsində güclü şəkildə mühafizə olunurdu.
 Zahirən ruslara heç də bənzəməyən hündürboylu, qarayanız, olduqca gülərüz olan bu insan ilk andan qarşısındakında xoş bir təəssürat oyadırdı. Rus dilində təmiz və ləhcəsiz danışdığından bəziləri onu yəhudiyə, digərləri isə ruslaşmış qafqazlıya bənzədirdilər. Amma onun hansı millətə mənsub olduğunu ətrafındakıların çoxu belə bilmirdi və bu da o dövrdə SSRİ xüsusi xidmət orqanları tərəfindən sirr kimi qorunurdu. Tanışları, iş yoldaşları üçün, sadəcə olaraq, Kərim Əliyeviç idi. Amma o dövrdə milli mənsubiyyəti belə, gizli saxlanan Kərim Əliyeviç SSRİ adlı bir imperiyanın kosmosu fəthi uğrunda həyata keçirdiyi qlobal layihələrə rəhbərlik edən iki məsul şəxsdən biri idi. Həmin şəxslərdən biri, Sergey Korolyovu sovet kosmonavtikasının anası, onu isə atası adlandırırdılar. O dövrdə onun razılığı və icazəsi olmadan kosmosa peyk göndərmək mümkün deyildi. Bu məsələdə son sözü o deyirdi. Kosmosun fəthi uğrunda SSRİ-nin ABŞ-la soyuq savaşa girdiyi bir vaxtda ölkə rəhbərləri ona zəng edərək birbaşa tapşırıq verir və onun məsləhətlərinə rəğbətlə yanaşırdılar. 25 il ərzində o, Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasına rəhbərlik etdi. Kosmonavtlar uçuşun gedişi barədə yalnız ona raport verirdilər. O daim Korolyov ilə birgə idi və kosmosa uçuşla bağlı bütün problemləri ikilikdə həll edirdilər. Korolyov ölümündən bir az əvvəl onu bu vəzifədə yalnız bu böyük insanın əvəz edə biləcəyini demişdi. Bu böyük insan azərbaycanlı, Sosialist Əməyi Qəhrəmanı, Lenin, Stalin və SSRİ Dövlət mükafatları laureatı general-leytenant Kərim Kərimov idi. Amma bu naməlum qəhrəmanın azərbaycanlı olmasını uzun müddət heç kim bilmədi. Yalnız 1986-cı ildə Azərbaycan Xalq artisti, rejissor Vasif  Babayev xoş bir təsadüf nəticəsində SSRİ kosmonavtikasına rəhbərlik edən bu böyük insanın azərbaycanlı olduğunu üzə çıxardı…Bakıdan kosmosun fəthinə uzanan yol

Kərim Abbasəli oğlu Kərimov 1917-ci il noyabr ayının 14-də Bakıda neft mühəndisi ailəsində anadan olub. Atası Abbasəli Kərimov dövrünün tanınmış ziyalılarından biri idi. O, Sankt-Peterburqda ali texniki məktəbi bitimişdi. Təhsilini başa vurduqdan sonra vətənə qayıdan Abbasəli bir müddət neft mədənində işləmişdi. Azərbaycan bolşeviklər tərəfindən işğal olunandan sonra o, neft sənayesində mühəndis kimi çalışmışdı. Gələcəkdə SSRİ kosmonavtikasının rəhbərlərindən biri olacaq Kərim hələ orta məktəbdə oxuyarkən texniki elmlərə xüsusi həvəs göstərirdi. O dövrdə Azərbaycanda radio təzə-təzə yayılmağa başlamışdı və obrazlı şəkildə desək, bu sirli qutu balaca Kərimi maqnit kimi özünə cəlb edirdi. Yeri gəlmişkən onu da xatırladaq ki, Azərbaycanda ilk dəfə radio verilişlərini qəbul etməyə və onu dinləməyə imkan verən radioqüllə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fransa mütəxəssisləri tərəfindən Gəncədə quraşdırılmışdı. Azərbaycan bolşeviklər tərəfindən işğal olunandan sonra Moskva radiodan təbliğat vasitəsi kimi istifadə etmək qərarına gəldi və bu məqsədlə 1926-cı ildə Bakıda ilk radioqəbuledici quraşdırıldı. Radioya olan böyük maraq Kərimi bu sahəni öyrənməyə sövq etdi. Hələ orta məktəbdə oxuyarkən atasının da yardımı ilə Kərim bir neçə radioqəbuledici yığaraq işlətməyə başlamışdı. Orta məktəbi bitirdikdən sonra, 1936-cı ildə Kərim Azərbaycan Sənaye İnstitutuna daxil oldu. Radio sahəsində xüsusi bacarığını və biliyini nəzərə alaraq, tələbə ikən onu Azərbaycan radiosunda işə götürdülər. Burada bir müddət işlədikdən sonra Kərimi Mərdəkan radio qovşağının rəhbəri vəzifəsinə təyin etdilər.

1941-ci ildə Kərim Kərimov Azərbaycan Sənaye İnsititutunun elektromexanika fakültəsini bitirdi. Ancaq ali məktəbdə oxuyarkən texniki elmlərə, xüsusən də radiotexnika sahəsinə böyük maraq göstərməsi və özünü bu sahənin mahir bilicisi kimi göstərməsi SSRİ xüsusi xidmət orqanlarının diqqətini özünə cəlb etdi. Ona görə SSRİ xüsusi xidmət orqanlarının tövsiyəsi ilə Kərim Kərimovdan hərbi sahədə istifadə etmək barədə qərar qəbul edildi. Bu məqsədlə onu hərbi zavodlardan birinə işə göndərdilər. Burada işlədiyi qısa müddətdə onun texniki sahədəki qeyri-adi istedadı hərbi sahə rəhbərliyinin də diqqətini cəlb etdi. Ona görə də müharibənin qızğın çağında, cəbhədə SSRİ-nin taleyinin həll edildiyi ağır bir vaxtda – 1942-ci ildə Kərim Kərimovu Dzerjinski adına Artilleriya Akademiyasına oxumağa göndərdilər. Onu burada birbaşa V kursa qəbul etdilər. 1943-cü ildə burada təhsilini başa vuran Kərim Kərimovu hərbi zavodlardan birinə almanları vahiməyə salan və məhəbbətlə “Katyuşa” adı ilə tanınan “BM-13” atəş qurğusu üzrə mütəxəssis kimi işləməyə göndərdilər. Kərim Kərimova burada mərmilərin istehsalına nəzarət etmək tapşırılmışdı. Zavodda işlədiyi müddətdə Kərim Kərimov  “Katyuşa”ların daha da təkmilləşdirilməsi ilə bağlı bir neçə təklif verdi. Onun təklifləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi. O vaxtdan da Kərim Kərimov raket texnikası üzrə istedadlı mühəndis kimi hərbi sənaye rəhbərliyinin diqqətini cəlb etdi və onu raket texnologiyaları hazırlayan konstruktor bürosunda işə dəvət etdilər. Bundan sonra Kərim Kərimov həyatını raket texnologiyalarının hazırlanmasına həsr etdi və bu da onun şöhrət zirvəsinə gedən yolunun əsasını qoydu.

Üstündən xeyli illər ötəndən, təqaüdə çıxandan sonra  Kərim Kərimov “Novaya qazeta”nın müxbiri Orxan Camala verdiyi müsahibəsində (14 may, 2003) o dövr haqqında belə demişdi: “Bizim mütəxəssislər, o cümlədən Korolyov və Qluşko qırıcı təyyarələrimizin reaktiv mühərriklərlə işləməsinin daha məqsədəuyğun olacağı və bunun  havada düşmən üzərində üstünlüyümüzü təmin etməyə imkan verəcəyi qənaətinə gəlmişdilər. Onlar bununla bağlı Stalinə müraciət edərək, qırıcı təyyarələrimizin reaktiv mühərriklərlə təmin edilməsinə icazə verilməsini xahiş etmişdilər. Amma Stalin bunu yersiz təklif hesab edərək, onların hər ikisini həbs etdirmişdi. Həmin vaxt mən Dzerjinski adına Artilleriya Akademiyasını təzə bitirmişdim. İş elə gətirmişdi ki, məni də raket texnologiyaları ilə məşğul olan zavoda göndərmişdilər. O vaxt bu raketlər ağır yanacaqla işləyirdi və bəzi hallarda ondan istifadə edilməsinə şübhə ilə yanaşırdılar. Ancaq məhz bu raketlər əsasında əfsanəvi “Katyuşa”ların istehsalına başlanıldı. “Katyuşa”lar cəmi 30 kilometr məsafəyə qədər uça bilirdi. Əslində “Katyuşa”ların hazırlanmasında Korolyovun böyük rolu olmuşdu. Amma onunla institut rəhbərliyi arasında xoşagəlməz münasibətlər mövcud idi və bu da onun Stalinə yazdığı məktuba görə həbs edilməsində mühüm rol oynadı. Amma tale elə gətirdi ki, Stalin Korolyovu həbsdən çıxararaq,  rəhbər vəzifəyə təyin etməyə məcbur oldu”.

Qeyd edək ki, 1943-cü ildə SSRİ kəşfiyyatı Almaniyanın uçuş məsafəsi 300 kilometr olan yeni raket hazırladığı barədə məlumat almışdı. 1 ton trotil götürməyə qadir olan bu raketlərlə – məşhur FAU-2 ilə Hitler mütəmadi olaraq Londona raket zərbələri endirirdi. Sonralar bu raketlər amerikalıların əlinə keçmişdi. Mütəxəssislərin dediklərinə görə, bir FAU-nun mühərrikinin gücü Dnepr Su- Elektrik Stansiyasını hərəkətə gətirən turbinin gücünə bərabər idi. SSRİ-də hazırlanan “Katyuşa”larla müqayisədə FAU-2-lər maye yanacaqdan istifadə edirdilər. Stalin bunu eşitdikdə SSRİ-nin raket istehsalında Almaniyadan geri qaldığını anladı. Ona görə Korolyovun həbsdən azad edilərək yenidən raket texnologiyası ilə məşğul olmağa göndərilməsi qərarına gəldi. Kərim Kərimovun Korolyovla ilk tanışlığı da o dövrdən başladı. Bütün bunlara baxmayaraq, SSRİ raket texnologiyaları sahəsində ABŞ və onun müttəfiqlərindən geri qalmaqda davam edirdi. Korolyovun da dediyi kimi, SSRİ subyektiv səbəblər üzündən öz düşmənlərindən bu işdə xeyli geridə qalmışdı.  ƏZİZ MUSTAFA