SSRİ dönəmində tarix yazmış kənd məktəbi

407

Azərbaycanda minlərlə orta məktəb var. Keçmiş SSRİ-də isə onların sayı yüz minlərlə olub. Amma düz 50 il əvvəl bir kənd məktəbinin idman kollektivinin bacardığını bəlkə də indiyədək heç biri bacarmayıb. Söhbət hələ də düşüncələrdə öz varlığını qoruyub-saxlayan Mingəçevir kəndinin 8 illik orta məktəbinin volleybol komandasından gedir. Köhnə tipli, İdman zalı belə olmayan bu məktəbin şagirdləri 1967-ci ildə əvvəl şəhər birinciliyinin, ardından Azərbaycan çempionatının qalibi olublar. Qazandıqları uğurların davamı olaraq 15 respublikanın və Moskva, Leninqrad kimi böyük şəhərlərinin komandalarının qatıldığı məktəblilər arasında SSRİ çempionatina yollanIblar. Burada bir diqqət çəkən məqam da var ki, bu komandanın məşqçisi Qədir Həsənov ixtisaslı idman müəllimi olmayıb. İbtidai sinif müəllimi olan Qədir müəllimin fədakarlıqla ərsəyə gətirdiyi kollektiv adını tarixə yazmağı bacarıb. Keçmiş komanda üzvlərindən biri olan Sahib Əmikişiyev “Sputnik az”ın əməkdaşına öz xatirələrini bölüşüb: “O vaxt 14-15 yaşımız vardı. Məktəbin həyətində tozlu, palçıqlı meydançada oynayardıq. Rəhmətlik Qədir müəllim dərsdən sonra evə getmirdi, özü də bizimlə bərabər oynayaraq, məşq keçirdi. Bizi yarışlara elə hazırlaşdırmışdı ki, iki dəfə ard-arda respublika çempionluğunu qazandıq. 1968-də də eyni heyət və məşqçiylə SSRİ çempionatina yollandiq. Əvvəl Qırğızıstana qalib gəldik. Ardınca Pribaltika komandaları ilə qarşılaşdıq. Balaca uşaqlar idik. Onlarda isə bizdən iki dəfə boylu- buxunlu idmançılar var idi. Səviyyə fərqi də özününü göstərdi. Taxta meydançada oynamamış bir kənd komandasının SSRİ kimi böyük bir çempionatda edə biləcəyini etdik.

8 illiyi bitirəndən sonra hərə bir məktəbə getdi. Komanda da dağıldı. Sonradan hərəmiz bir sahəni seçdik. Kimi futbola meyl saldı, kimi də instituta girdi”.

 

 

Sahib kişi sözügedən dövrdə Mingəçevirdə idmanının çox inkişaf etdiyini vurğuladı: “1967-68-ci illərdə futbol, qızların voleybol komandalarıda ard-arda respublika çempionluqlarını qazanırdılar. SSRİ-də ikinci avarçəkmə bazası Mingəçevirdə yerləşirdi. Hətta zavod-fabriklərin idman komandaları var idi ki, orada milliyə layiq idmançılar çıxış edirdilər. İş axtaranda zavod rəhbərləri bizə deyirdilər, gəl, bizim zavodda işlə, hər şeylə təmin edəcəyik təki zavodun komandasında oyna. Çox rəqabət vardi idmanda”.

İdmanın uşaqlığından onun həyat tərzinə çevrildiyindən danışan 64 yaşlı Sahib Əmikişiyev evində, demək olar ki, bütün idman qurğularını yerləşdirdiyini, televizorda isə nəvələri ilə birgə yalnız idman verilişlərini izlədiyini dedi.

Hətta bir müddət taleyinə həbsxana həyatı da düşdüyünü nəql edən həmsöhbətimim orada da idmanın ona çox kömək olduğundan söz açdı: “Kolona təzə girəndə gördüm voleybol oynayırlar. Qabağıma çıxan kəndçimizə dedim ki, mən də oynamaq istəyirəm. Gülüb dedi ki, hələ bir yatacağın, qalacağın yeri müəyyənləşdir, sonra gəlib oynayarsan. Üç il həbsxanada oldum. Bu müddətdə burada voleybol sahəsində sözümü deyə bildim. Oğru aləmindən tutmuş türmə rəhbərliyinə kimi hamısı tanıyırdı məni”.

Bir vaxtlar tarix yazan o şagirdlər yenə də bir-birilərini yaddan çıxarmır, hər il may ayının 9-u bir yerə yığışır, ötən günləri yada salırlar. Bəzən də oyunları sanki yenicə qurtarıbmış kimi mübahisə edir, kimin harda hansı səhvindən uduzduqlarını dəfələrcə müzakirə edirlər. O günlərin həyəcanını yenidən yaşayırlar. Lakin zaman da öz işini görməkdədir. O qəhrəman 9-luqdan məşqçi Qədir Həsənov və oyunçulardan Nizami Eminov “komandadan” ayrılıblar.

Esmira Hidayətova, Mingəçevir