“SSRİ-dən qalma yağlar satılır”

“Son zamanlar liberal bazar şəraitindən sui-istifadə, bazar standartlarına uyğun olmayan təhlükəli malların bazara çıxarılması halları müşahidə olunur. Bazarın bir çox seqmentində olan bu anormal vəziyyət bitki yağları seqmentində də özünü göstərir”. Bu sözləri dünən keçirdiyi mətbuat konfransında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib. E. Hüseynov mətbuat konfransında respublika bazarlarında satılan keyfiyyətsiz yağların monitorinqi haqqında məlumat verdi. Azərbaycanda qida sektorunda istehlakçı hüquqlarının pozulmasını dilə gətirən E. Hüseynov bildirdi ki, AİB rayon nümayəndəliklərinin məlumatları və mərkəzi ofisin təhlilləri göstərir ki, əksər hallarda təhlükəli yağlar çörək, qənnadı sexlərinə, heyvan yemlərinə qatmaq üçün yem istehsalı müəssisələrinə verilir. O həmçinin təmizlənməmiş duru bitki yağlarının əksər hallarda mənşəyinin çiyid yağı olduğunu da vurğuladı.
“Zərərli yağlar əsasan Mərkəzi Aran rayonlarında satılır”

Keçirdiyi mətbuat konfransında E. Hüseynov təhlükəli yağların ən çox yayıldığı rayonlar haqqında da məlumat verdi: “Təhlükəli yağlar ən çox Mərkəzi Aran rayonlarında və digər ətraf ərazilərdə satılır. Təhlükəli yağların müxtəlif tutumlu qablarda, etiketləşdirilmədən satıldığına diqqət çəkən AİB sədri qeyd etdi ki, sözügedən təhlükəli yağların istehsalı və satışından bir çox hallarda bələdiyyələrin, sahə müvəkkillərinin və digər icra strukturlarının xəbəri olur.

“Zərərli yağlar kütləvi mal istehsalı olan müəssisələrə qədər gedib çıxıb”

Duru yağların keyfiyyəti ilə bağlı hər gün vətəndaşlar tərəfindən AİB-ə 8-10 şikayət zənginin daxil olduğunu deyən E. Hüseynov istehlakçıların onlara göndərdiyi nümunə yağlar barəsində də danışdı: “AİB-in Gəncə şəhər şöbəsinin sədri Tahir Paşayev mənə məlumat verib ki, Gəncədə SSRİ dövründə yağ-piy zavodu olub. Hazırda o zavod, demək olar ki, dağıdılıb. Amma sözügedən zavodun ərazisində içərisində tonlarla sağlamlıq üçün təhlükəli yağların olduğu çənlər hələ də qalmaqdadır. O çənlərdən isə mütəmadi olaraq yağ oğurlanır. Nəzərinizə çatdırıram ki, sovet dövründə Azərbaycanın bir neçə yerində bu cür yağ kombinatları olub. Satılan yağlardan yanımda nümunə gətirmişəm”. AİB sədri onu da qeyd etdi ki, bu tip zərərli yağlar kütləvi mal istehsalı olan müəssisələrə qədər gedib çıxıb.

 “Təhlükəli yağlar brend yağ bazarına belə, yol tapıb”

Bu tip zərərli yağların hazırda Azərbaycanda istehsal olunmadığını da dilə gətirən E. Hüseynov qeyd etdi ki, onların əksəriyyəti köhnə yağ zavodlarının qalıq məhsullarıdır. Onun sözlərinə görə, təhlükəli yağlar bəzi brend yağlara qatılaraq, üzərinə saxta strixkod  yapışdırıb bazara çıxarılır. Bununla da istehlakçılar rahat şəkildə aldadılır: “Bütün bunlar onu göstərir ki, zərərli yağlar hətta brend yağ bazarına belə yol tapıb”. Azərbaycanda normal və müstəqil laboratoriyaların olmamasını dilə gətirən AİB sədri bildirdi ki, bu səbəbdən də qida məhsullarının analizi aparılmır və aparılan araşdırmaların nəticələrini isə ölkə qanunvericiliyinə görə, məhkəmələr tanımır. Onun sözlərinə görə, əksər hallarda bazara çıxarılan yağların etiketindəki göstəricilərlə tərkibi düz gəlmir.

 “İşbazlar camaatı aldadırlar ki, yodluduzla pendir, şoraba hazırlamaq olmur”

E. Hüseynov çıxışı əsnasında duz məhsullarının istehsalındakı problemlərdən də danışdı: “Bizə keçən həftə belə bir məlumat daxil olub ki, Şəki ətrafındakı düz göllərindən duz yığılıb, bazarlara çıxarılır. Bu hal Salyan, Neftçala ətrafındakı duz göllərində də müşahidə olunur. Oradan da duz kisələrə yığılıb, bazarlarda satılır. Belə yodsuz, zərərli duz satan işbazlar  camaat arasında yalandan təbliğat aparırlar ki, guya yodlu duzla pendir, şoraba və s. hazırlamaq olmur. Camaat da onların dediklərinə inanıb, bu duzları alırlar”. Sözügedən mətbuat konfransında ölkə qanunvericiliyinin dövlət qurumlarının operativ işləməsinə mane olduğuna da diqqət çəkən AİB sədri qeyd etdi ki, dövlət qurumlarının bu kimi neqativ hallara sürətli reaksiya və malların geri çağırılma mexanizminin olması zərərli qidaların bazarlara yol tapmasının qarşısını alardı.  ELVIN ƏLIYEV,