“Sözü işgəncə alətinə çevirmək olmaz”

542

 Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə ilə  Azərbaycan jurnalistikasının hazırkı vəziyyətini müzakirə etdik. Azərbaycan jurnalistikasını siyasiləşdirməyin əleyhinə olduğunu bildirən Seymur bəy bir məsələni xüsusilə vurğuladı: “Jurnalist sözə heç vaxt xəyanət etməməlidir”.

“Sayt oxucuları qəzet oxucuları qədər diqqətli deyil. Saytlar romantik oxucu yetişdirə bilmir. Əvvəllər qəzetdəki yazılarımızda yol verdiyimiz hər hərf səhvinə görə oxuculardan irad məktubları alırdıq. Amma bu gün saytlarda xəbər qəhrəmanının adı və soyadı belə səhv yazılsa, bu heç kimi narahat etmir. Bu da, təbii ki jurnalistlərin də məsuliyyətinin azalmasına gətirib çıxarıb. Jurnalistin məsuliyyətli olması üçün oxucu tələbkar olmalıdır. Saytlar arasında mənə xoş olmayan rəqabət forması var. Hansı ki, jurnalistin peşə məsuliyyətinə böyük zərbə vurur. Rəqabət də ondan ibarətdir ki, xəbərin doğruluğuna, düzgünlüyünə əhəmiyyət vermədən hər kəs əlində olan materialı birinci yaymağa çalışır. Belə olan təqdirdə də, jurnalist yazdığı xəbərdəki faktların düzgünlüyünə o qədər də diqqət ayırmır.  Oxucularımız isə bunun sanki heç fərqində belə deyillər. Amma jurnalist sözə heç vaxt xəyanət etməməlidir”.

– Seymur bəy, Azərbaycan mətbuatının hazırkı vəziyyəti barədə nə düşünürsünüz?

– Mənimlə eyni nəsli təmsil edən jurnalistlər üçün nə qədər kədərli olsa da deməliyəm ki, kağız mətbuatı elektron mətbuatına uduzur. Hər yerdə bunun şahidi oluruq. Mən 1998-ci ildə peşəkar jurnalist kimi “Bu gün” qəzetində fəaliyyətə başlamışam. Sözügedən qəzet həftədə üç dəfə çıxırdı. Metroya girəndə hər kəsin qəzet oxuduğunun şahidi olurduq. Amma indi əlində qəzet tutan birini görmək çox çətindir. Bu mənzərə isə məni çox kədərləndirir. Çünki qəzetdən alınan zövq, onun qoxusu bambaşqadır. Mən redaktor ola-ola imkan tapan kimi mətbəəyə gedirdim. Məni mətbəəyə qəzetin qoxusu aparırdı. O qoxunu ciyərimə çəkməyin həsrətində idim. Soruşa bilərsiniz ki, bunun üçün mətbəəyə getməyə nə ehtiyac var, köşkdən qəzet almaq mümkündür. Amma inandırım sizi, qəzet mətbəədən çıxıb köşkə gələnə kimi onun qoxusu azalırdı. Amma indi, ümumiyyətlə, qəzetin qoxusu qalmayıb. Bu proses dünyanın hər yerində gedir. Azərbaycan da sivil dünyanın bir parçasıdır. Buna görə də biz dünyadan təcrid oluna bilmərik. Məhz bu səbəbdən də biz qəzetçilər öz taleyimizlə barışmağa məcburuq.

– Kağız mətbuatına marağın azalması ilə jurnalistika nəsə itirirmi?

– Sayt oxucuları qəzet oxucuları qədər diqqətli deyillər. Saytlar romantik oxucu yetişdirə bilmir. Əvvəllər qəzetdəki yazılarımızda yol verdiyimiz hər hərf səhvinə görə oxuculardan irad məktubları alırdıq. Amma bu gün saytlarda xəbər qəhrəmanının adı və soyadı belə səhv yazılsa, bu heç kimi narahat etmir. Bu da, təbii ki jurnalistlərin də məsuliyyətinin azalmasına gətirib çıxarıb. Jurnalistin məsuliyyətli olması üçün oxucu tələbkar olmalıdır. Saytlar arasında mənə xoş olmayan rəqabət forması var. Hansı ki, jurnalistin peşə məsuliyyətinə böyük zərbə vurur. Rəqabət də ondan ibarətdir ki, xəbərin doğruluğuna, düzgünlüyünə əhəmiyyət vermədən hər kəs əlində olan materialı birinci yaymağa çalışır. Belə olan təqdirdə də, jurnalist yazdığı xəbərdəki faktların düzgünlüyünə o qədər də diqqət ayırmır.  Oxucularımız isə bunun sanki heç fərqində belə deyillər. Amma jurnalist sözə heç vaxt xəyanət etməməlidir.

Sevindirici haldır ki, bütün bunlarla yanaşı, Azərbaycanda məsuliyyətli gənc jurnalistlər də yetişməkdədir. Bunların da sayəsində milli mətbuatımız dünya gündəminə çıxmaq imkanı əldə edirlər.

– Azərbaycan jurnalistikasının sosial problemlərin həllində oynadığı  rolu necə qiymətləndirərdiniz?

– Mən jurnalistikamızın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirəm. Bu da, ilk növbədə, onunla bağlıdır ki, Azərbaycanın siyasi həyatında bir durğunluq var. Məhz buna görə də siyasi mövzulara maraq azalır. Belə jurnalistlər arasında mənim dostlarım da var, hansı ki, onlar ictimaiyyətin marağını o qədər də cəlb etmirlər. Bu üzdən də tənqidi jurnalistikamız sosial problemlərdən yazmaqla “plan”larını doldurmağa çalışır. Aydın məsələdir ki, jurnalistikanın məqsədi problemləri işıqlandırıb, tənqid etməkdir. Hesab edirəm ki, ölkəmizdə sosial-iqtisadi mövzulardan yazmağı bacaran peşəkar jurnalistlərimiz artıq var.

– Azərbaycana Qərb ölkələri tərəfindən müxtəlif bəhanələrlə təzyiqlər olur. Bu baxımdan, Xədicə İsmayılla əlaqəli Qərb mətbuatında gedən yazıları necə qiymətləndirirsiniz?

– Xədicə İsmayılın jurnalist olmasını inkar etmirəm. Amma o, siyasiləşmiş jurnalistdir. Mən vaxt tapan kimi müxalifətin təşkil etdiyi bütün mitinqlərdə jurnalist kimi iştirak edirəm. Oradan qayıdanda da öz jurnalist borcumu yerinə yetirərək, obyektiv formada materialımı yazıb, dərc edirəm. Amma Xədicə İsmayıl həmin mitinqlərə aksiya iştirakçısı kimi qatılırdı. Mən bunun dəfələrlcə şahidi olmuşam. Mən bir mənalı şəkildə Azərbaycan jurnalistikasını siyasiləşdirməyin, jurnalistlərimizin müxalifət liderlərinin dilində danışmağının əleyhinəyəm. Jurnalist ağzını açanda oxucu bilməlidir ki, jurnalist danışır, partiya rəhbəri yox. Bizim jurnalistlər içində siyasətə meyilli olanları çoxdur. Mən onlara həmişə məsləhət bilirəm ki, öz fəaliyyətlərini partiyalarda davam etdirsinlər. Təəssüflər olsun ki, jurnalist vəsiqəsindən bəziləri qoruyucu qalxan kimi istifadə edirlər. Mən bunun yolverilməz olduğunu hesab edirəm. Həmkarlarım vəsiqələrini qalxana çevirəndən sonra mən cibimdə jurnalist vəsiqəsi gəzdirmirəm. Konkret olaraq, X. İsmayıl məsələsinə gəldikdə isə demək istəyirəm ki, istintaq işi yekunlaşıb məhkəmə qərarı çıxana qədər mən bu barədə ətraflı danışmaq istəmirəm.

-Qərb mətbuatında tez-tez neqativ yazılar çıxır. Eyni zamanda xaricdən maliyyələşən bəzi QHT-lər ölkədəki etnik məsələləri bilərəkdən qabardırlar. Ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılmasında ölkə mediasının üzərinə nə kimi işlər düşür?

– Mən xarici mətbuatda Azərbaycanla bağlı neqativ çalarları izləyirəm. Gördüklərimə əsasən deyə bilərəm ki, ölkəmiz haqqında mənfi yazılan on yazının doqquzu sırf qərəzlidir. Mən Azərbaycanda etnik qarşıdurma istəyənləri bu millətin düşməni hesab edirəm. Azərbaycan tolerant respublikadır və uzun illərdir ki, ölkəmizdə müxtəlif  millətlərin nümayəndələri burada sülh şəraitində qardaş, dost xalqlar kimi yaşayıblar. Bu respublikada etnik qarşıdurma yoxdur. Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycanda bu tip qarşıdurma yaratmaq istəyən ölkələr öz mənfur niyyətlərini daha çox havadarlıq etdikləri QHT-lər vasitəsilə reallaşdırmağa çalışırlar. Mən uzun müddətdir, Jurnalist Araşdırmalar Mərkəzinin sədriyəm. Hələ xaricdən qrant ala bilməmişəm. Amma elə QHT-lər var ki, ildə 4-5 dəfə xarici donorlardan qrant alırlar. Hansı ki, həmin təşkilatlara havadarları tərəfindən Qarabağın adını çəkmək qadağan olunur. Onlar demokratiya və insan hüquqları məsələsini əldə bayraq edib, öz pis niyyətlərini həyata keçirməyə çalışırlar. Buna görə də Azərbaycanın müvafiq qurumları daha sayıq olmalıdırlar. Eyni zamanda da öz fəaliyyətlərini xalqımızın milli-mənəvi dəyərləri əsasında quran təşkilatlarımıza, jurnalistlərimizə xaricə çıxa bilmələri üçün dəstək verməlidirlər. İstəyirəm ki, Azərbaycana qarşı mənfi münasibətdə olan şəxslərin də ölkəmizə səfərləri təşkil olunsun. Onlar gəlib reallıqları öz gözləri ilə görsünlər. Biz haqlı mövqeyimizi onlara çatdırmağa çəkinməməliyik.

– Ölkəmizdəki tənqidi jurnalistika sizi qane edirmi?

– Mən özümü tənqidi jurnalistikanın nümayəndəsi hesab edirəm. Tənqidin əleyhinə deyiləm. Amma hesab edirəm ki, imkan verməmək lazımdır ki, kimsə tənqid xəstəliyinə tutulsun.

– Jurnalistika bəzi hallarda hansısa məqsədlərə xidmət edən alətə çevrilir. Bu barədə nə deyə bilərsiniz?

– Əksər hallarda insanlar siyasi fəaliyyətlərini jurnalistika pərdəsi ilə ört-basdır etməyə çalışırlar. Belə şəxslər özlərinə qarşı təzyiq təəssüratı yaradaraq, jurnalist kimi Avropadan sığınacaq almaq istəyirlər. Hansı ki, bu tip jurnalistlərin heç bir yazısı Azərbaycan mətbuatında dərc olunmayıb. Jurnalist istədiyi mövzuda sərbəst şəkildə yaza bilər. Amma yazı hazırlayarkən faktlardan çıxış etməlidir; heç kimin əlində alətə çevrilməməlidir. Söz qənbər parçası deyil ki, onu kiminsə başına vurasan. Biz əlimizdəki qələmi silaha çevirməməliyik. Sözlə elə davranmaq lazımdır ki, tənqid olunan adam belə, yazıdan zövq alsın. Sözü işgəncə alətinə çevirmək olmaz. O, müqəddəsdir.

Elvin Əliyev