Söz azadlığı deyil, azğınlıqdır

546
Qəribə adamdırlar bu fransızlar, cəmi bir il əvvəl qanun qəbul elədilər ki, kim 1915-ci ildə ermənilərin soyqırımına məruz qaldığını qəbul eləməsə, cinayət məsuliyyətinə cəlb olunacaq. Tarixçilərin araşdırıb həqiqəti ortaya çıxarmasını gözləmədən məsələni siyasi müstəvidə istədikləri kimi həll elədilər.
İndi də özlərinin bir jurnalı bir milyard yarımdan çox müsəlmanın Peyğəmbərini təhqir edəndə məsələyə söz azadlığı donu geydirirlər. Nə təhər olur ki, sən bilmədiyin bir tarix haqqında bu qədər sərt qərar çıxarıb tərəf tutursan, amma milyard yarım insanın dini heysiyyətini bu qədər asanlıqla təhqir edir və məsələni söz azadlığı ilə pərdələyirsən. Bu, söz azadlığı deyil, azğınlıqdır. Görün nə qədər ağlamalı haldır ki, altı yüz il İslamın bayrağını qorumuş ölkənin bir qəzeti belə, bu ağzınlığı kopiyalayacaq qədər ləyaqətsiz işlər görə bilir.Kimin hünəri var, çıxsın desin ki, holokost (İkinci Dünya müharibəsində yəhudilərin soyqırımı) olmayıb, görün dünyanın altını üstünə necə gətirirlər. Durun o fransızın, ingilisin müqəddəs hesab elədiyi bir ünvana, çox demirəm, elə kraliçasına sataşın, görün nə mərəkə qoparacaqlar.

Peyğəmbərin təhqir olunmasına laqeyd qalmaq müsəlman üçün ləkədir, üz qarasıdır. Ancaq bu etirazı hansı ölçüdə, necə ifadə etmək məsələsi ciddi araşdırmalar tələb edir. Sevimli Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, biriniz bir haqsızlıq gördükdə onu əlinizlə düzəldin; əlinizlə düzəldə bilmirsinizsə, dilinizlə dizəldin; dilinizlə də düzəldə bilmirsinizsə, ürəyinizdə ona qarşı kin bəsləyin, onunla barışmayın.

Bəli, Fransada “Çarli Ebdo” adlı bir jurnal mənim Peyğəmbərimə sataşıb və sataşmaqda davam edir. İzzəti-nəfsi tapdalanmış müsəlmanlar da kimisi əli ilə etirazını bildirir, kimi dili ilə, kimi də qəzəbini ifadə edir.

Bu məsələ hələ Peyğəmbərimizin (s.ə.s) sağlığında da baş verib. Bir kafirin bu cür sözlə sataşmasına cavab olaraq, Peyğəmbərimiz də bir müsəlman şairdən ona qarşılıq olaraq şeirlə cavab verməsini istəyib.Bəzi dini bilgilər var ki, az-çox maraqlanan hər kəs bilir. Məsələn, çox aydın həqiqətdir ki, bir müsəlman özünə həqarət ediləndə qarşılıq verirsə, ancaq Peyğəmbərimizə qarşı hədyanlar söylənəndə susursa, onun imanı yoxdur, ya da imanı çox zəifdir. Çünki bir müsəlman Peyğəmbərini özündən artıq istəmədikcə həqiqi iman etmiş sayılmaz. Yəni bu  addımı atanlar, Peyğəmbərimizə sataşanlar əmindirlər ki, mütləq qarşı tərəfdən cavab gələcək.

Yeri gəlmişkən, bir gerçəyi vurğulamaq istəyirəm ki, bəzi savadsızlarımız Həzrəti İsanı (ə.s.) xristianların Peyğəmbəri hesab edib, onun haqqında artıq-əskik danışarlar. Aman-aman, ağlınızı başınıza yığın, bütün Peyğəmbərlər İslamın peyğəmbərləridir və hər hansı bir peyğəmbəri inkar etmək, adına küfr söyləmək, İslama görə, imanını itirməkdir. Kimsə bu cür cahilliyi və azğınlığı ağlından belə keçirməsin.

Yüz il əvvəl böyük bir alim söyləmişdi ki, Avropa İslama hamilədir, yəni islamlaşmağa doğru gedir. Son statistikaya görə, hazırda Avropada 50 milyon müsəlman yaşayır. Bir çox Avropa ölkələrində kilsənin qapısını açan yoxdur, İslamsa günbəgün yayılmaqdadır. Bəzi ölkələr isə məscid tikintisinə qadağa qoyub. Bütün bunlar hamısı başa düşüləndir. Avropa hələ Tolstoyun yüz il əvvəl söylədiyi həqiqətləri gizləməyə çalışır.

Bilirsiniz nə var, əzizlərim? – Bu din nə sənin babandan qalıb, nə kimsə zəhmət çəkib qazandığı ilə satın alıb. Bu din Allahın dinidir. Vəd verib və vədi də zamanı gəldikcə öz yerini tutacaq. Ola bilsin ki, bu gün İslama və onun Peyğəmbərinə düşmənçilik edənlərin övladları sabah bizi doğru-düzgün müsəlman ola bilməməkdə ittiham etdilər.

Sözümüzün canı odur ki, biz qarşılaşdığımız hər imtahanı uğurla adlaya bilək, kimə tərəf, kimə düşmən olduğumuzu özümüzə də, başqalarına da ən başlıcası isə Allahımıza göstərə bilək. Məsələ bu qədər bəsit.

 

Əli Çərkəzoğlu