Soyuq və qarlı havalarda infarkt riski ikiqat artır

0
522

Havalar soyuyanda, qar yağanda, yer buz bağlayanda, adətən, qazı, işığı, suyu düşünür və verilişində problem olacağını zənn edib, narahat oluruq.

Yollar buz bağlayanda isə bizə lazım olan yerə gedə bilməyəcəyimizin xiffətini edirik. Amma bunlardan da böyük, bunlardan da həssas mövzular var ki, çoxumuz bu barədə məlumatsızıq. Söhbət soyuq havada infarkt riskinin artmasından gedir. Kardioloq Abdulla Abdullayev də bizimlə söhbətində belə bir təhlükənin mövcudluğuna diqqət çəkdi: “Bəli, soyuq hava infarkt keçirmə riskini tətikləyir. Bunun bir çox səbəbləri var. Məsələn, soyuq havada damarlar büzüşdüyü üçün ürəyin işi artır. Bundan başqa, bir çox insanlar hətta ağır fiziki iş olsa belə, soyuq havada çalışırlar ki, tez yekunlaşdırıb isti yerə qayıtsınlar. Bu zaman həm soyuğun təsirindən, həm də gərgin işdən ürək yüklənir. Yəni ürək hər gün gördüyü işdən dəfələrlə artıq iş görür və bəzən dözmür”.

“Diqqətli olmalıdırlar”

Müsahibimiz dedi ki, soyuq havada ürək orqanizmin mövcud istiliyini qoruya bilmək üçün daha çox qan pompalayır və daha çox oksigenə ehtiyacı olur: “Temperatur aşağı düşəndə, xüsusilə xroniki ürək xəstəliyi olan insanlar diqqətli olmalıdırlar. Soyuq havada damarlar büzüşdüyü üçün normal qan axını pozula bilir. Bu durum infarkt riskini artırır. Bu təhlükə yüksək təzyiqdən əziyyət çəkənlərə də aiddir”.

Qeyd edək ki, türkiyəli mütəxəssislər də soyuq havanın ürəyə təsiri barədə araşdırma aparıblar və maraqlı nəticələr əldə ediblər. Həkimlərin qənaətinə görə, qız mövsümündə infarkt keçirənlərin sayı digər mövsümlərə nisbətən 2 qat artır. “Soyuq və küləkli havalarda ürək xəstələri mümkün olduğu qədər çölə çıxmamalıdırlar. Lakin buna məcbur olduqda özlərini soyuqdan qoruyacaq şəkildə geyinməlidirlər”,-deyə mütəxəssislər bildiriblər.

İnfarktın əlamətlərini bilirikmi?

Döş qəfəsinin ortasında dəqiqələrlə davam edən, ağrısı artıb azalan sancılar varsa, ağırlıq və sıxılma müşahidə olunursa, bunlar infarkt əlamətləri ola bilər. Bu zaman yaxşı olardı ki, həkimə müraciət edəsiniz: “Bir və ya hər iki qolunuzda, kürəyinizdə küt ağrı və sancılar varsa, çənə ağrısı və nəfəs darlığı, soyuq tərləmə, ürək bulanması, başgicəllənməsi kimi əlamətlər də infarkt riskinin əlamətləri ola bilər”.

Bəs həkimlər nələri tövsiyə edirlər?

– Soyuq və qarlı havalarda açıq hava gəzintilərinə az çıxmaq lazımdır.

– İdman edən şəxslər belə havalarda qapalı məkanlara üstünlük verməlidirlər.

– Soyuqdan qoruyan geyimlər geyinməli, baş nahiyəsi də isti tutulmalıdır.

– Soyuq havada qəhvə içməkdən və ya siqaret çəkməkdən mümkün qədər uzaq durulmalıdır.

– Bol maye qəbul edilməlidir.

– Dərmanlar mütləq səhər və axşam saatlarında nizamlı şəkildə qəbul edilməlidir.