“Sovet dövründə tənqid ideologiyaya xidmət edirdi, indi istedadsız adamdan yazıçı, şair düzəltməyə”

0
408

Müsahibimiz yazıçı-publisist Kənan Hacıdır…

– Yaradıcılıqla məşğul olduğum vaxtlardan sizi məhsuldar bir qələm sahibi kimi tanımışam. Düşünmüşəm ki, görəsən, Kənan Hacı bu qədər enerjini haradan tapır?

– Mən özümü heç də məhsuldar bir yazar hesab etmirəm. İlk kitabım 33 yaşımda çıxıb. Arada bir neçə il, ümumiyyətlə, yazı-pozudan uzaq olmuşam. Sən yəqin ki, son dövrləri nəzərdə tutursan. Əslində yaradıcı adam üçün vacib olan xüsusiyyətlər – nizam-intizam, ciddi rejim, oturmaq bacarığı, səbir və hövsələ məndə yoxdur. Son dövrlər xəstəliyimlə əlaqədar bütün günü evdə olduğumdan darıxmamaq üçün çox yazıram. Həm də əlimdən başqa iş gəlmir axı. Bir işi yönlü bacarsaydım, məmnuniyyətlə, yazı-pozudan imtina edərdim.

– Yazılarınız daha çox publisistik, araşdırma yönlüdür. Ədəbi prosesdən çox yazmırsnız. Deyəsən, siz də bu məsələni tənqidçilərin öhdəsinə buraxmısınız…

– 2000-ci illərdə ədəbi prosesdən ən çox yazanlardan biri də mən idim. O dövrün qəzetlərindəki ədəbiyyat əlavələrinə baxın, görəcəksiniz. Bir müddət keçdikdən sonra gördüm ki, mənim ortada yaradıcılıq adına o yazılardan başqa, heç bir ədəbi məhsulum yoxdur. Kənara çəkilib sırf yaradıcılıqla məşğul olmağa başladım. Amma arada yenə hansısa prinsipial məsələ olanda münasibət bildirirəm.

– Ədəbi tənqiddən söz düşmüşkən, hamı şikayət edir, hamı narazıdır. Hamı da yazır, tənqid edir. Bu ikili ziddiyyət, sizcə, nədən doğur?

– Bu narazılıq, şikayət həmişə olub, indi də var, yəqin ki, bundan sonra da olacaq. Çünki sağlam, obyektiv ədəbi tənqidə az rast gəlinir. Sovet dövründə tənqid ideologiyaya xidmət edirdi, indi istedadsız adamdan yazıçı, şair düzəltməyə xidmət edir. Amma dəyərli tənqidçilərimiz var – Cavanşir Yusifli, Əsəd Cahangir, Tehran Əlişanoğlu, Elnarə Akimova, Nərgiz Cabbarlı, Mətanət Vahid…

– Yeni ədəbi nəsil sanki nəsr yazmaqdan qorxur. Dramaturgiya isə bir sahə kimi itmək üzrədir. Daha poeziya maraqlı gəlir gənc yazarlara. Bu nədən asılıdır, sizcə?

– Düşünmürəm ki, yeni gələn nəsil nəsr yazmaqdan qorxur. Ortadakı mənzərə əksini deyir, birbaşa roman yazan gənclər var. Dramaturgiya spesifik bir sahədir, bu janrın öz tələbləri, ölçüləri var. Çətin olduğu üçün hər yazar bu sahəyə yaxın durmur. Sovet dövründə də bizdə dramaturgiya bir-iki nəfərin çiyinləri üzərində dayanıb. Cəfər Cabbarlıdan sonra İlyas Əfəndiyev bu yükü öz üzərinə götürdü. İndi Əli Əmirli, Firuz Mustafa, nisbətən yeni nəsildən İlqar Fəhmi, Samir Sədaqətoğlu da dramaturgiya ilə məşğul olurlar.

– Adətən, eşidirik ki, deyirlər filankəsin məktəbi, behmankəs məktəb yaratdı. Yazıçının məktəbə ehtiyacı varmı? Əsas olan istedad deyilmi?

– Yazıçı bu məktəblərdən xəbərdar olmalıdır, amma istedadı olmayan adama məktəb kömək etmir. Bu, yüz faiz belədir.

– Bildiyim qədəri səhhətiniz yaradıcılığınıza ciddi şəkildə mane olur. Amma yenə də dayanmadan yazırsınız. Deyəsən, istirahətə vaxt qalmır…

– Hə, istirahətə vaxt və imkan yoxdur. İmkan olsa, bir-iki ay dincəlmək pis olmazdı.

– Bu yaxınlarda “Ədəbiyyatın kulisi” təqdim olundu. Ondan qabaqsa “Uzaqdasan, soyuqdur” oxucuların ixtiyarına verilmişdi. Növbədə hansı kitabdır?

– “Fironun dəftəri” romanını yazıb bitirmişəm. Roman “Yazı” dərgisində hissə-hissə dərc olunub. O romanın kitab kimi çıxmasını istərdim.

– Maraqlıdır, Kənan Hacı üçün daha doğma janr hansıdır?

– Seçim etməkdə çətinlik çəkirəm. Mətn mənim içimdən hansı formada çıxırsa, o mənə doğmadır.

– Yeni ədəbi nəsil gəlir. Sizcə, onlar öz “ədəb”ləri və “ədəbiyyat”ları ilə əbədiyyət qazana biləcəklərmi?

– Bu, onların özlərinin ədəbindən və istedadından asılıdır. Ədəbiyyat proqnozu sevmir.

– Yaşlı nəsil sanki gəncləri tərk edib, məsləhət verməkdən çəkinirlər. Yəqin təkəbbürlüdürlər deyə qorxurlar. Sizcə, nə üçün arada bu qədər uçurum var?

– Bu, atalar və oğullar problemi qədər qədim bir mövzudur. Mən yaşlı nəslin məsləhətinin kiməsə fayda verəcəyinə inanmıram. Yaşlı nəsillə gənc nəsil arasında uçurum mütləqdir, qaçılmazdır. Ən azından, zaman uçurumu.

– Oxucular daha çox xarici əsərlərə üstünlük verirlər. Bizim müəlliflər oxucu qıtlığı yaşayır. Bu sahədə sizdə vəziyyət necədir?

– Mən göydən səbətlə düşməmişəm ki. Mən də o prosesin içindəyəm. Bir dəfə demişdim ki, bizim psixologiyamızda həmişə xarici mal keyfiyyətli hesab olunub. Ədəbiyyata yanaşmada da eyni münasibət hökm sürür. Çox təəssüf ki, hələ də biz bu stereotip düşüncəni dağıda bilmirik.

– Hər sahədə olduğu kimi, ədəbiyyat sahəsində də, kitab sahəsində də müəyyən nöqsanlar var. Necə düşünürsünüz, ümid etməyə dəyər, yoxsa ümidlər tükənib?

– Ümid sonda ölür. Amma hər şeyi də ümidin üzərinə atmaq olmaz. Bütün çətinliklərə, problemlərə rəğmən, yazmaq lazımdır. Çünki yazılan itmir, qalır.

Söhbətləşdi: Yeqzar Cəfərli