Şotlandlar müstəqilliyin əleyhinə səs verdilər

0
499
Son bir neçə ildə Şotlandiyanın müstəqil dövlət  olmaq üçün baş vurduğu cəhdlər və bu müstəvidə ölkədə müstəqillik barədə keçirilən  referendum beynəlxalq aləmin diqqət mərkəzində idi. Bu da əsassız deyildi. 
Şotlandiyanın öz müstəqilliyinə nail olması Avropanın siyasi xəritəsində yeni dəyişikliklərə, o cümlədən dünyanın siyasi xəritəsində Kataloniya, Basklar və digər müstəqil dövlətlərin meydana çıxması demək ola bilərdi. Bu baxımdan ötən gün Şotlandiyada müstəqillik barədə keçirilən referendum nəinki Böyük Britaniyada, həm də Avropanın milli etnik problemləri olan əksər ölkələrində həyəcanla qarşılanmaqda idi. Nəhayət, Şotlandiyanın müstəqilliyini əldə etməsi faktiki olaraq Böyük Britaniyanın parçalanması və ingilislərin nəinki Böyük Britanın adalarında, həm də dünyada hegemonluqlarının sonu demək olacaqdı. Ona görə də referendum öncəsi Böyük Britaniya Baş Naziri  Devid Kemeron şotlandlara müstəqilliyin əleyhinə səs verəcəkləri təqdirdə, Şotlandiyaya daha böyük səlahiyyətlər veriləcəyini bəyan etdi. Buna paralel olaraq, London şotlandlar arasında müstəqillik əleyhinə təbliğatı gücləndirdi. Bu isə referendumun Londonun arzuladığı kimi başa çatmasında mühüm rol oynadı. Belə ki, Şotlandiyada keçirilən referendumun dünən açıqlanan nəticələrinə görə, şotlandların 55,4 faizi müstəqilliyin əleyhinə, 44,6 faizi isə lehinə səs verib. Şotlandiyanın paytaxtı Edinburq şəhərində isə seçicilərin 61 faizi müstəqilliyə “yox” deyib. Referendumun nəticələri Şotlandiyanın müstəqillik tərəfdarlarına vurulan ciddi zərbə olub. Öz növbəsində, Şotlandiyanın müstəqilliyinin qızğın tərəfdarı olan Baş Nazir Aleks Salmond məğlubiyyətlə barışdığını və referendumun nəticələrinə görə uduzduqlarını etiraf edib.

O deyib ki, şotlandlar müstəqillik arzusuna çatmasalar da, bununla bağlı mübarizə davam edəcək. Salmond referendumda əhalinin Böyük Britaniyanın tərkibində qalmasına səs verməsini həm ayrılmamaq tərəfdarları arasında Londonun apardığı güclü təbliğat, həm də sadə şotlandlar arasında müstəqilliyin ölkəyə hansısa xoşagəlməz hadisələrə səbəb ola biləcəyindən ehtiyat etmələri ilə əlaqələndirib.  Bununla belə, uduzmalarına baxmayaraq, Salmond referendumda iştirak edən 1,6 milyon nəfər şotlandın müstəqilliyə səs verməsini yüksək qiymətləndirib. O deyib ki, bu amil gələcəkdə müstəqillik tərəfdarlarının sayının daha da artacağını və əlverişli imkan yaranan kimi  ölkənin müstəqilliyi məsələsinin yenidən gündəmə gətirilməsinə imkan verəcək.   Salmond qeyd edib ki, şotlandların əksəriyyəti bu mərhələdə müstəqilliyə “yox” deyib, amma Şotlandiyada dünyada nümunə ola biləcək demokratik referendum keçirilib: “Bu, demokratik proses və siyasətdə iştirakın qələbəsidir. Bu gün biz Şotlandiyanı bir araya gətirdik. Gəlin, gedə bilmədiyimiz yox, qət etdiyimiz məsafəyə diqqət yetirək. Bütün Şotlandiyada bir hərəkat yaratmış olduq və bu, milləti irəli aparacaq. Biz vahid millət kimi irəli getməliyik”.

A. Salmond səsvermənin nəticələrini qəbul etdiyini desə də, Londondan Şotlandiyanın  idarəetmə hüquqlarının və səlahiyyətlərinin genişləndirilməsini gözlədiklərini söyləyib: “Biz daha çox səlahiyyətlər tələb edirik”.

Belə başa düşmək olar ki, Salmond indiki mərhələdə Böyük Britaniyadan ölkənin  gələcəkdə müstəqilliyinə imkan verəcək daha geniş idarəetmə səlahiyyətləri almaqla Şotlandiyanın növbəti mərhələdə müstəqilliyə doğru daha bir addım atmasına nail olmaq niyyətindədir.

 

İngiltərə sevinc içindədir

Şotlandiyada keçirilən referendumda şotlandların müstəqilliyə “yox” deməsi İngiltərədə böyük sevinclə qarşılanıb. Bununla bağlı ölkənin bir çox yerlərində bayram atəşfəşanlığı keçirilib. Milyonlarla ingilis referendumun nəticələri elan olunandan sonra bir-birilərini təbrik ediblər. Bu müstəvidə də Böyük Britaniyanın Baş Naziri Devid Kemeron isə bu məsələdə böyük rolu olan və şotlandları Böyük Britaniyadan ayrılmamağa çağıran Şotlandiya Leyborist Partiyasının lideri Alister Darlinqi təbrik edib. Kemeronun bu sevinci də başa düşüləndir. Belə ki, referendumda şotlandların müstəqilliyi dəstəkləmələri Baş Nazirin və onun təmsil etdiyi partiyanın vaxtından əvvəl istefaya getməsi  demək ola bilərdi.  Bu arada isə London gələcəkdə də analoji halla üzləşməmək üçün ölkə daxilində, belə demək mümkünsə, separatizm tərəfdarlarının əlindən təşəbbüsü almaq niyyətindədir. Bunu Baş Nazir Devid Kemeronun açıqlaması da sübut etməkdədir. Kemeron məsələ ilə bağlı dünən verdiyi açıqlamasında bildirib ki, Şotlandiya, Uels və Şimali İrlandiyaya daha geniş səlahiyyətlər veriləcək.

Baş Nazirin sözlərinə görə, hazırda məsələ nəzərdən keçirilir və gələn il  parlament seçkilərindən sonra bununla bağlı müvafiq qərar qəbul ediləcək. O, qeyd edib ki, Şotlandiya, Uels  və Şimali İrlandiyaya verilən səlahiyyətlərin daha da genişləndirilməsi barədə qərarı 2015-ci ildə yeni çağırış Britaniya Parlamenti qəbul edəcək.

 

Avropa rahat nəfəs aldı, Rusiya isə təəssüflənir

Şotlandiyada keçirilən referendumda əhalinin böyük hissəsinin müstəqilliyə “yox” deməsi Avropada da məmnunluqla qarşılanıb. Buna səbəb isə Şotlandiyanın müstəqlliyə səs verməsinin Avropada yenidən separatizmi körükləyə biləcəyi təhlükəsi idi. İş orasındadır ki,  Şotlandiya müstəqilliyini əldə edəcəyi təqdirdə, İspaniyada, Fransada, Belçikada, Yunanıstanda və İtaliyada ölkədən ayrılmaq istəyən milli etnik subyektlər arasında müstəqillik hərəkatı daha da genişlənməyə başlayacaqdı. Bu isə Avropaya yaxşı heç nə vəd etmirdi. Təsadüfi deyil ki, əksər Qərb ölkələri şotlandların müstəqlliyinə qarşı çıxaraq, referendum ərəfəsi Kemerona məsləhət görmüşdülər ki, ölkəni təşkil edən subyektlərin müstəqilliyinə imkan verməsin və bununla əlaqədar əhali arasında təbliğat xarakterli addımları genişləndirsin, ölkə Konstitusiyasının pozulmasının qarşısını qanun çərçivəsində alsın. Bütün hallarda şotlandların müstəqilliyə “yox” demələri hazırda separatizmin daha güclü olduğu İspaniyanı milli etnik-münaqişələr ocağına çevrilməkdən xilas edib. Lakin İspaniyanın  Şotlandiyası hesab edilən Kataloniya gələn ay müstəqillik barədə analoji addım atmaq niyyətindədir. Ona görə də hökumət buna yol verməmək üçün  əhali arasında təbliğatı gücləndirmək, eyni zamanda hüquq-mühafizə orqanlarının vasitəsilə referendumun keçirilməsinə imkan verməmək niyyətində olduğunu nümayiş etdirir. Yeri gəlmişkən, onu da deyək ki, Şotlandiyanın indiki mərhələdə müstəqil dövlət kimi dünyanın siyasi səhnəsinə çıxması Azərbaycan üçün də arzuedilən deyildi. Belə ki, bu amildən ermənilərin öz xeyirlərinə istifadə edə biləcəyi ehtimalı ortada idi. Bu arada isə Şotlandiyada keçirilən referendumda əhalinin müstəqilliyə “yox” deməsi Rusiyada təəssüflə qarşılanıb. Belə ki, Şotlandiyanın referendum yolu ilə müstəqillik əldə etməsi Rusiyaya Krımda keçirdiyi saxta referenduma beynəlxalq aləmdə haqq qazandırmağa və Ukraynaya aid olan bu ərazini işğal etməsinin üstünü ört-basdır etməyə imkan verəcəkdi. Bununla bağlı məsələyə münasibət bildirən politoloq Aleksey Malaşenko: “Əgər Şotlandiyada əhali müstəqilliyə səs versəydi, onda Rusiya Krımın işğalına haqq qazandıracaq, eyni zamanda Dnestryanı, Abxaziya və Cənubi Osetiyanı analoji yolla ilhaq etmək üçün əlverişli imkan əldə edəcək, MDB məkanında daha geniş hərəkət azadlığı qazanacaqdı”,-deyib.

 

Mübarizə davam edəcək

Şotlandiyada keçirilən referendumda iştirak edən şotlandların əksəriyyətinin müstəqilliyin əleyhinə çıxmalarına baxmayaraq, müstəqillik  tərəfdarları mübarizələrini davam etdirmək niyyətindədirlər. Bununla bağlı  Salmond dünən bəyan edib ki, biz müstəqillik uğrunda mübarizəni davam etdirəcəyik. O: “Şotlandiyanın azad və demokratik inkişafı onun müstəqilliyini əldə etməsindən asılıdır. Şotlandiya hökmən  müstəqilliyinə nail olacaq və şotlandlar müstəqil yaşamağa qadir olduqlarını dünyaya sübut edəcəklər”,-deyib.

Bu isə o deməkdir ki, referendumun xoşagəlməz nəticələrinə baxmayaraq,  əsarətə qarşı mübarizə tərəfdarları – şotlandlar əcdadlarının əsrlər boyu apardığı müstəqillik uğrunda mübarizəsini yeni müstəviyə keçirəcək, sona kimi istədiklərinə nail olmağa çalışacaqlar.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here