Şotlandiya, Portuqaliya və Belçika ilə eyni qrupa düşdük

529

Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının ölkəmizdə keçiriləcək final mərhələsinin püşkü atılıb. Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə 16 komanda 4 qrupa bölünüb.

Mərasimdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın rəhbərliyi, Avropa və ölkə futbolunun tanınmış simaları, turnirin UEFA və Yerli Təşkilat Komitəsinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər. UEFA rəsmisi Lensi Kelli və müğənni Röya Ayxanın gerçəkləşdiyi püşkatmada İtaliya futbolunun əfsanəsi Françesko Toldo da iştirak edib.

Azərbaycan yığması meydan sahibi püşksüz A qrupunun 1-ci komandası olub. Bu qrupun digər 3 komandası, həmçinin B, C və D qruplarını təşkil edən “dördlük”lər püşklə müəyyənləşib. Təbriz Həsənovun yetirmələri Portuqaliya, Şotlandiya, Belçika ilə eyni qrupda mübarizə aparacaq.

A qrupu
Azərbaycan
Portuqaliya
Belçika
Şotlandiya

B qrupu
Ukrayna
Almaniya
Avstriya
Bosniya və Herseqovina

C qrupu
Fransa
Danimarka
İngiltərə
İsveç

D qrupu
İtaliya
Serbiya
Hollandiya
İspaniya

Qeyd edək ki, püşkatma nəticəsində qrup mərhələsinin təqvimi də bəlli olub. Bu raundun ilk turu mayın 5-6-da, növbəti turu 8-9-da, son matçları 11-12-də keçiriləcək. Hər gün 2 qrupun hərəsində 2 matç – yəni 4 oyun baş tutacaq. Hər qrupdan iki komandanın yüksəldiyi 1/4 final ayın 14-15-də, yarımfinal 18-də, final isə 21-də keçiriləcək. Çempionatın oyunları Bakı Olimpiya Stadionu, “Dalğa Arena”, “Qarabağ Stadium” və 8-ci km qəsəbə stadionunda keçiriləcək.

 

“Birinci hədəf qrupdan çıxıb, növbəti mərhələyə vəsiqə qazanmaqdır”

17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının püşkatmasından sonra FFA-nın baş katibi Elxan Məmmədov  jurnalistlərin suallarını cavablandırıb. O, komandamızın qrupdakı rəqiblərini dəyərləndirib: “Rəqiblər barədə baş məşqçi daha dəqiq deyə bilər. Təbii ki, 17 yaşlıların Avropa çempionatına ancaq güclülər gəlir. Bakıya Avropanın ən güclü 15 komandası vəsiqə əldə edib. Seçmə mərhələ prosesi artıq bu komandaları müəyyən etdi. Qrupumuzda Portuqaliya yığması çox güclüdü. Bilirsiz ki, Avropa çempionatının final mərhələsinə bu komanda birinci vəsiqə qazandı. Belçika komandası da tarixi ərzində bir neçə dəfə final mərhələsində iştirak edib. Şotlandiya millisi də yaxşı rəqibdi”.

Məmmədov millimizin AÇ-dəki hədəfini də açıqlayıb: “Birinci hədəf qrupdan çıxıb, növbəti mərhələyə vəsiqə qazanmaqdı. Ev oyunlarının hansı yerli telekanal vasitəsilə yayımlanacağı hələ bilinmir, danışıqlar gedir. Onu deyim ki, oyunların 50 faizi “Eurosport” kanalı vasitəsilə canlı göstəriləcək. Püşkatmanın nəticəsini gözləyirdik. Azərbaycana 10 gün əvvəl gələcək komandalardan biri ilə final mərhələsinə qədər yoxlama görüşü keçirmək istərdik”.

 

Təbriz Həsənov: “Bu qrupdan çıxmaq olar”

“Mənə elə gəlir ki, bu qrupdan çıxmaq olar. Əsas odu ki, dediyimiz “top-komandalar”ın bəzilərindən uzaq olduq”. Bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov deyib. 17 yaşadək futbolçular arasında Azərbaycanda keçiriləcək Avropa çempionatının püşkatmasından sonra yığmamızın çalışdırıcısı jurnalistlərə açıqlama verib. Millimizin düşdüyü qrupu dəyərləndirən Həsənov komandamızın növbəti mərhələyə adlamaq şansını dəyərləndirib: “Qrupumuzdakı Portuqaliya, Belçika və Şotlandiya zəif komandalar deyil. Amma bu qrup səddini aşmaq olar. Bunun üçün əlimizdən gələni edəcəyik. Məncə, qrupumuzun ən güclüsü Portuqaliyadı. Belçika da çox güclü komandadı. Ancaq onlara qarşı da oynamaq olar. Komandaya yeni futbolçular cəlb olunacaq. Amma hələ adları açıqlamaq istəmirəm”.

Həsənov bildirib ki, yoxlama görüşü keçirmək istəsələr də, bu alınmayıb: “Ola bilsin, bu gün yenə danışıqlar olsun. Bəzi komandalar Bakıya 10 gün tez gələ bilərlər. Bizim qrupda düşməyən komandalarda tez gələn olsa, onlarla yoxlama görüşü keçirmək üçün danışıq aparacağıq. Çox istərdim ki, qrupumuzdakı komandalara uyğun olan rəqiblərlə danışaq. Məsələn, Portuqaliyanın oyun üslubu ilə eyni olan İspaniya ilə oynamaq istərdik. Belçikaya uyğun olan isə Avstriyadı. Əgər razı olsalar, onlarla üz-üzə gəlmək istərdik”.