Sosial şəbəkəni müsbət yöndən dəyərləndirmək lazımdır

598
Azərbaycanda qəribə bir tendensiya yaşanır – istər informasiya saytları, istər qəzetlər, istərsə də telekanallar sosial şəbəkələrlə bağlı araşdırma apararkən mövzunu daha çox tənqid üzərində qururlar.
 Sosial şəbəkədən istifadənin zərərləri, vurduğu ziyan, əsəblərin pozulması, stress, gərginlik yaratması və s. daha çox qabardılan tərəflərdir. Elə bil ekspertlərimiz də jurnalistlərə daha çox hansı fikrin sərf elədiyini bilirlər, sual bitər-bitməz başlayırlar sosial şəbəkələrin mənfi cəhətlərindən danışmağa. Heç unuda bilmirəm, bir dəfə bu mövzuda bir həkimdən fikir öyrənirdim. Telefonla sualımı cavablandıran həkim nədənsə cümləsini yarımçıq saxladı. Soruşdum ki, nə məsələdir? Yarızarafat-yarıciddi dedi ki, rəfiqəsi ona sosial şəbəkədə məktub yazıb, başı qarışdığı üçün fikri dağılıb və cümləsini yarımçıq saxlayıb. Dedim ki, hətta müsahibə verən zaman sosial şəbəkədən ayrıla bilmirsinizsə, o zaman onu niyə tənqid edirsiniz? Cavabı məni qane etmədi.

Demək istədiyim odur ki, XXI əsrdə, dünyanın dörd bir yanında istifadə olunan, insanların həyat tərzinin bir parçasına çevrilən sosial şəbəkələri sərt şəkildə tənqid etmək, hətta bir qədər də irəli gedib, ondan imtinanı təşviq etmək nə dərəcədə realdır? Ondansa məsələyə daha real prizmadan yanaşıb, tədbir görmək doğru olmazdımı? Kor-koranə tənqid insanlarda ikrah hissi doğurmurmu?

Unutmayaq ki, evində kompyuter olanların ən azı 85-90 faizi sosial şəbəkə istifadəçisidir. Hətta kompyuterləri olmasa belə, mobil telefonlarla internetə girənlər kifayət qədərdir. Xüsusən də bölgələrdə internetə məhz mobil telefonlar vasitəsilə daxil olanların sayı kifayət qədərdir. Bu o deməkdir ki, həm şəhərlərdə, həm də kəndlərdə sosial şəbəkədən istifadə geniş yayılıb və yayılmaqdadır. Həm xanımlar, həm də kişilər arasında ortayaşlı internet istifadəçilərinin sayı da günbəgün artmaqdadır.

Odur ki, bəzilərinin dəvəquşu kimi “başlarını quma soxmaları” reallığı dəyişmək anlamına gəlmir. Ondansa gəlin məsələyə bir də fərqli prizmadan baxaq…

Belə ki, sosial şəbəkəni pisləməkdənsə müsbət yönünü kəşf edib, dəyərləndirmək daha doğru olmazdımı? Elə isə bu istiqamətdə hansı addımları atmaq olar?

Əgər sosial şəbəkə istifadəçisinizsə, o zaman çalışın dostluğunuzdakı insanlara müsbət əhvali-ruhiyyə, onlara müəyyən mənada pozitiv enerji verəsiniz.

Əgər sosial şəbəkə istifadəçisinizsə, sizi narahat edəcək, əsəbiləşdirəcək, stresə səbəb olacaq statuslar yazmayın. Düşünürsünüzsə ki, o statusu yazmaqla rahatlaşacaqsınız yanılırsınız. Çünki gün ərzində o yazıları “bəyənənlər”, ona rəy bildirənlər təkrar-təkrar mövzunu sizin gündəminizə gətirəcək, siz isə istər-istəməz yenidən eyni hisslərlə yaşamalı olacaqsınız. Müsbət şeylər paylaşsanız isə bu sizin xeyrinizə olacaq.

Sosial şəbəkələrdə insanları maarifləndirən, bilgiləndirən bir-birindən maraqlı səhifələr var. O səhifələrə üzv olmaqla yeni-yeni bilgilər əldə edə, sizə lazım olan müsbət informasiyaları öyrənə bilərsiniz.

Əgər sosial şəbəkə istifadəçisinizsə, uzun müddət görüşə bilmədiyiniz və ya görüşmədiyiniz qohumlarınızı və ya dostlarınızı buradan axtarıb tapmağa, söhbətləşməyə, hal-əhvallarını öyrənməyə çalışın.

Sosial şəbəkələrdə dostluğunuzdakı insanların status və paylaşmalarına yerli-yersiz, bildiniz-bilmədiniz, ehtiyac oldu-olmadı rəy bildirib özünüzü çıxılmaz duruma salmayın. Bu sizinlə bahəm qarşı tərəfi də bezdirə bilər.

Sosial şəbəkədən istifadə etmək olar, amma yerində və vaxtında. Hər gün zamanınızı burada israf etməyin.

Məsələn, hər gün ortalama 3 saat sosial şəbəkədə vaxt keçirsəniz, bu, ayda 90 saat, yəni 3 sutka yarım vaxtınızı burada keçirməniz anlamına gəlir. Sizcə, dəyərmi?

Sosial şəbəkələrdən işgüzar məqsədlə istifadə etmək də olar. Məsələn, işlədiyiniz sahə üzrə axtardığınız bir şəxslə əlaqə saxlaya, yeri gəlsə, fikirlərini öyrənə, görüş üçün vaxt və yer təyin edə bilərsiniz. Əgər nəticəsi hər iki tərəf üçün müsbət olacaqsa, niyə də olmasın?

Tutaq ki, evinizdə fiziki əngəlli bir insan var. Nə  evdən çıxa bilir, nə də hərəkət edə. Əgər həmin şəxs evdən çölə çıxa bilmirsə, amma kompyuterdən istifadəni bacarırsa, onun sosial şəbəkədən istifadə etməsi vaxtını rəngarəng keçirməsi yönündən faydalı ola bilər.

Sosial şəbəkədən başqa mənada da yararlananlar var. Məsələn, tutaq ki, el-obanızdan kənarda yaşayırsınız, amma ürəyiniz hər an buranın həsrəti ilə döyünür. Sizdən uzaqda yaşayan qohum-əqrəbanızla, həmyerlilərinizlə gündəlik əlaqə saxlaya bilərsiniz.

Əgər hansısa işdə çalışırsınızsa, sosial şəbəkədə dost siyahınızın müəyyən hissəsinin həmkarlarınız olması işinizə yaraya bilər. Müzakirələrə qatıla, tanış ola, fikir mübadiləsi apara, real həyatda görüş imkanları əldə edə bilərsiniz.

Belə. Gətirdiyimiz misallardan da göründüyü kimi, sosial şəbəkələri pisləməkdənsə müsbət yönünü kəşf edib, dəyərləndirmək də olar. Yetər ki, buna istək və maraq ola…

Nicat İntiqam