Sosial mənzillərin tikintisi problemi həll edəcəkmi?

456

Bir müddət əvvəl sosial mənzillərin inşası məqsədi ilə Prezident İlham Əliyev tərəfindən imzalanan fərmanla yaradılan Mənzil İnşaatı Dövlət Agentliyi əhalinin imkansız təbəqələrinin mənzilə olan ehtiyacının ödənilməsində önəmli bir vəzifəni həyata keçirəcək. Əslində hələ 2013-2014-cü illərdə dövlət tərəfindən imkansız ailələrin mənzillə təminatı üçün sosial mənzillərin inşası məsələsi gündəmə gəlimişdi. Bu baxımdan işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanılması ilə bağlı yüksək səviyyədə müvafiq addımların atılacağı gözlənilirdi. Ona görə də, Prezident İlham Əliyev tərəfindən belə bir fərmanın verilməsi xalq arasında məmnunluqla qarşılanıb. Məsələnin bu tərəfinə diqqəti cəlb edən ekspert Samir Əliyevin sözlərinə görə, inşa ediləcək sosial mənzillərdə mənzil alanlar ayda 80-100 manat ödəyəcək, 25 ildən sonra isə o mənzilin tam hüquqlu sahibi olacaqlar. Samir Əliyev xatırladıb ki, Azərbaycanda sosial mənzillərin inşa edilməsi ilə bağlı məsələnin reallaşdırılması məqsədi ilə son illərdə mütəxəssislər tərəfindən xarici təcrübə diqqətlə öyrənilirdi. Ekspert sosial mənzillərin ucuz başa gələcəyini, onların dövlət tərəfindən ayrılacaq ərazilərdə inşa ediləcəyini və nəticədə bir sıra xərcləri də ortadan qaldıracağını, bu səbəbdən baha başa gəlməyəcəyini də xüsusi vurğulayıb. Samir Əliyev ən çox bir və iki otaqlı mənzillərin inşa ediləcəyini və onların ilk növbədə daha çox mənzilə ehtiyacı olan az təminatlı ailələrə veriləcəyini də xüsusi vurğulayıb: “Heç kəsə sirr deyil ki, hazırda əhalinin böyk hissəsinin ipoteka krediti ilə ev almağa imkanı çatmır. İpoteka kreditinin faizinin yuxarı olması, üstəlik bunun üçün yüksək əmək haqqının vacibliyinin önə çıxarılması, eyni zamanda aylıq ödənişlərin də vətəndaşın aldığı əmək haqqını üstələməsi mənzilə ehtiyacı olan aztəminatlı ailələrin ondan istifadə edə bilməsinə imkan vermirdi. Amma indi vəziyyət dəyişəcək və sosial mənzillərin inşası ilə az təminatlı ailələr mənzilə sahib olmaq imkanı əldə edəcəklər. Zənnimcə, bu sahədə həyata keçiriləcək tədbirlər az təminatlı ailələrin mənzillə təmin olunmasında müəyyən rol oynayacaq”.

Samir Əliyev aztəminatlı ailələr üçün nəzərdə tutulan mənzillərin bölüşdürülməsi zamanı müəyyən pozuntulara yol veriləcəyini istisna etməsə də, bütün hallarda bu prosesin nəzarət altında olacağını və baş verə biləcək qanun pozuntularının qarşısının yerindəcə alınacağını söyləyib.

Mənzilə ehtiyacı olan aztəminatlı ailələrin mənzillə təmini zamanı qanun pozuntularının qarşısının alınmasının vacibliyini bildirən millət vəkili Vahid Əhmədovun sözlərinə görə isə sosial mənzil almaq istəyən ailələrin aylıq gəlirlərinin yuxarı həddinə limit qoyulacaq və bu çərçivədə də mənzili olan ailələr sosial mənzil ala bilməyəcəklər. Millət vəkili həmçinin onu da qeyd edib ki, sosial mənzillərin bölüşdürülməsi zamanı şəhid ailələri, dul qadınlar və yetimlərə xüsusi güzəştlər ediləcək. Təbii ki, bu şərtlər daxilində verilən sosial evlər Azərbaycanda sosial rifahı gücləndirəcək, ölkədə daha istiqrarlı bir əhvali-ruhiyyə yaranmasına imkan yaradacaq.

Onu da deyək ki, nəinki Bakıda, həm də rayonlarda inşa edilməsi nəzərdə tutulan sosial mənzillər həm də bölgələrdə yeni iş yerlərinin yaradılmasına və nəticədə əhalinin sosial vəziyyətinin yaxşılaşmasına yol açacaq.

Bu arada məlum olub ki, soisal mənzillərin inşasına ilin sonunda başlanılacaq. Bununla bağlı mətbuata açıqlama verən baş nazirin müavini Əli Əhmədovun sözlərinə görə, ilin sonunda sosial evlərin tikintisi ilə bağlı müvafiq addımlar atılacaq. Bu məqsədlə artıq dövlət büdcəsindən 10 milyon manat ayrılıb. Sosial evlərin inşası ilə aztəminatlı əhalinin yaxşı şəraitli ev sahibi olmaq imkanı qazanacağını qeyd edən Əli Əhmədov onun sosial sahədə Prezidentin həyata keçirdiyi çox önəmli layihə olduğunu da qeyd edib: “Bu layihənin bəhrəsini Azərbaycan vətəndaşları görəcək. Çox yaxın zamanlarda sosial evlər tikilməyə başlayacaq ki, bu da çoxlu sayda yeni iş yerləri deməkdir. Bu mənzillərin inşası ilə məşğul olan insanlar işlə təmin olunacaq. Digər tərəfdən də aztəminatlı əhali evlə təmin olunmaq imkanı qazanacaq”.

Sosial evlərin inşasının aztəminatlı əhali təbəqəsinin mənzilə olan ehtiyaclarının ödənilməsi sahəsində irəliyə doğru atılan bir addım olsa da, təbii ki, adı çəkilən sahədə hamının problemini birdən-birə aradan qaldırmaq mümkün olmayacaq. Belə ki, sosial mənzillərin inşası və eyni zamanda ehtiyacı olanların hamsının mənzillə təmin edilməsi müəyyən qədər vaxt aparacaq və bu layihə tədricən reallaşdırılacaq.

Səlcuq Oğuz