SOS: narkomaniyanın yaşı cavanlaşır

0
403

Bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına çevrilən “ağ ölüm” adlandırılan narkomaniyadır. Artıq narkomaniya və ya narkotizm bəşəriyyətin ən qorxulu bəlasına çevrilib. Qorxuludur ona görə ki, bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar. Artıq “ağ ölüm” kimi, az qala, bütün dünyanı ağuşuna alan bu sosial bəla hər il çoxlu sayda insanın ölümünə səbəb olur. Narkomaniya əsasən gənclik dövründə başlanır və bir çox hallarda elə gənclik dövründə də narkotik aludəçisinin ölümü ilə nəticələnir. Gənclər, əsasən də yeniyetmələr arasında yayılan bu bəladan əziyyət çəkənlərin sayı isə günü-gündən artır. Hətta son illər ərzində narahatlıq doğuran amillərdən biri də ölkədə toksikomanlar qrupunun yaranmasıdır. Bu qrupa əsasən azyaşlılar daxıldir. Azərbaycanda 2014-cü il də daxil olmaqla, qeydiyyata alınan narkomanların yaş qrupları açıqlanıb. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabatında qeyd edilib ki, qeydə alınmış narkomanların 1344 nəfəri (narkomanların ümumi sayında xüsusi çəkisi 4,74%) 15-17 yaşda olan şəxslərdir. Digər yaş qruplarına gəlincə, qeydə alınmış narkomanların 3893 nəfərini (13,72%) 18-24 yaş, 4147 nəfərini (14,61%) 25-29 yaş, 4296 nəfərini 30-34 yaş, 3415 nəfərini (12,03%) 40-44 yaş, 3023 nəfərini (10,25%) 45-49 yaş, 2531 nəfərini ( 8,92%) 50-54 yaş, 2227 nəfərini (7,85%) 55-59 yaş, 2014 nəfərini (7,09%) 60-64 yaş, 1482 nəfərini (5,32%) isə 65 və daha yuxarı yaşda olan şəxslər təşkil ediblər. Qeyd edək ki, Azərbaycanda 2014-cü ildə qeydiyyata alınan narkomanların sayı 28 min 376 nəfərə çatıb. Qeydiyyata alınan narkomanların 539 nəfərini, yəni 1,9%-ni qadınlar təşkil edib. Hesabatda qeyd edilib ki, narahatlıq doğuran amillərdən biri də ölkədə toksikomanlar qrupunun yaranmasıdır. 2014-cü ildə toksikoman diaqnozu ilə 130 nəfər qeydə alınıb.

 “Narkomaniyanın yaşı cavanlaşıb”

Mövzu ilə bağlı “Zaman Azərbaycan”a müsahibə verən Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmli bildirdi ki, bu gün narkomaniyanın yaşı cavanlaşıb: “Hazırkı dövrdə narkotikdən istifadə edən kontingent xeyli genişlənib. Əvvəlki illərdə narkotikdən istifadə edən təbəqə əsasən 25-35 yaşarası idisə, indi bu rəqəm 15 yaşdan başlayır. Statistik göstəricilərə nəzar salsaq görərik ki, bir neçə il əvvəl narkotik istifadəçiləri əsasən kişilər idilər. İndi isə qadınlar, yeniyetmə qızlar da bu zəhərdən istifadə edirlər”.

 Mənasız həvəs

“İnsanlar nəyə görə narkotik maddələrdən istifadə edirlər?”sualına cavab verən psixoloq bildirdi ki, bir qisim insanlar həzz almaq məqsədi ilə, digər bir qisim adrenalin məqsədilə narkotik maddələrdən istifadə edirlər. Nəticədə zaman keçdikcə onlar özləri də bilmədən narkotik aludəçisi olurlar. Alkoqol istifadə edənlər də birdən-birə alkoqolik olmurlar. Zaman keçdikcə insan orqanizmi bu zəhərə vərdiş edir və daima tələb edir. Eynilə də narkotik madələr. Narkomanların sayı artdıqca onlar yeni bazar axtarırlar. Bu səbəblə başqalarını bu işə cəlb edir, xoşluqla onları da bu bataqlığa çəkirlər. Bir sözlə, bu, zəncirvari problemdir. Ancaq nəzərə almaq lazımdır ki, bu həm də böyük bir biznesdir.

“Narkotikdən istifadə edənlərin çoxu gənc təbəqədir”,- bildirən E. Rüstəmli dedi: “İlkin mərhələdə gənclər narkotikin müxtəlif növlərindən, əsasən bahalı həblərdən istifadə edirlər. Daha sonra isə digərlərinə keçirlər. Son illərdə bu problemə qadınlarda – əsasən  yeniyetmə, gənc qızlarda da rast gəlmək mümkündür. Bunun əsas səbəbi isə ailədaxili problemlər, müstəqil həyat arzusu və yüngül həyat tərzidir. Ata-anası ayrılmış natamam ailələrdə isə belə hallar çox olur. Depressiyaya düşən gənclər çıxış yolunu evdən uzaqlaşmaqda görürlər. Belə olduqda hər gün bir yerdə, fərqli mühitdə olan gənclər bu yola təhrik edilirlər. Bu bəladan xilas olmağın asan yolu düşdüyü pis mühitdən uzaqlaşmaq və vaxtında həkimə müraciət etməkdir. Çünki müalicə nə qədər tez olunarsa, xəstəlikdən bir o qədər tez yaxa qutarmaq olar. Qadınlarda isə bu bəlaya əsasən yüngül həyat tərzi keçirən, ailədaxili konfliklər yaşayan, ailəsi dağılan xanımlarda rast gəlmək mümkundur”.

 “Narkomaniya qadınlar arasında o qədər də geniş yayılmayıb”

Mövzu ilə bağlı fikirlərini öyrənmək üçün Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar Şöbəsinin müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru Elgün Səfərovla əlaqə saxladıq. Onun sözlərinə görə, narkomaniya qadınlar arasında o qədər də geniş yayılmayıb. Statistikaya nəzər salsaq görərik ki, ölkəmizdə 2011-ci ildə 511 nəfər, 2012-ci ildə 528, 2013-cü ildə 539 nəfər qadın narkotik maddələrdən istifadə edib. Bu statistik məlumatlardan məlum olur ki, bu rəqəm qonşu ölkələrdən və Avropadan qat-qat aşağıdır.

 “Qadınlar narkotik maddələrin satışına məcbur edilirlər”

“Qadınları narkotik maddələrdən istifadə etməyə əsasən kişilər təhrik edirlər”-,deyən E. Səfərov əlavə etdi ki, qadınlar bəzən ailə üzvləri, bəzən də qohumları tərəfindən narkotik maddələrin satışına məcbur edilirlər. Nümunə üçün qeyd edə bilərəm ki, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkum olunan qadınların sayı o qədər də az deyil. Statistikaya əsasən, 2013-cü ildə narkotik maddələrin qanunsuz dövriyyəsi səbəbilə məhkum olunan kişilərin sayı 2063 nəfər, qadınların sayı isə 48 nəfər idi. Ümumiyyətlə, Azərbaycanda narkotik maddələrdən istifadə edənlər də, onun dövriyyəsi işi ilə məşğul olanlar da əsasən kişilərdir.

 “Narkomaniya Azərbaycana xas olmayan bir vərdişdir”

“Əsasən hansı yaş qrupundan olan qadınlar narkotik maddələrdən istifadə edirlər?” sualımıza mütəxəssis belə cavab verdi: “20-25 və 35 yaş arası qadınlar daha çox narkotik maddələrdən istifadə edirlər. Ancaq bayaq qeyd etdiyim kimi, ölkəmizdə narkoman qadınların sayı bir o qədər də çox deyil. Çünki bu Azərbaycana xas olmayan bir vərdişdir. Tariximizə nəzər salsaq görərik ki, narkomaniya heç vaxt Azərbaycan üçün aktual, dəhşətli bir problem olmayıb”.

 “Toksikomanlar azyaşlı uşaqlardan ibarətdir”

E. Səfərov müsahibəsi zamanı onu da qeyd etdi ki, son illər ölkəmizdə “toksikomanlar” adlı bir qrup yaranıb ki, oraya kley və bir çox zəhərli maddələri iyləyən azyaşlı uşaqlar daxildirlər. Onların içərisində azyaşlı qızlar da var. Ancaq qızlar azlıq təşkil edirlər. Buraya əsasən küçədə yaşayan və təhsildən yayınan uşaqlar cəlb olunurlar. Bu məqsədlə son illər qadınlar, gənclər və uşaqlar arasında narkomaniyanın qarşısını almaq məqsədi ilə “Narkomaniyaya yox deyək!” adlı maarifləndirmə kampaniyaları keçirilir. Bu haqda xüsusi roliklər hazırlanır və məktəblərdə seminarlar keçirilir. Bu haqda 2014-cü ilin dekabrın 8-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən beynəlxalq konfrans keçirilmişdi. Beynəlxalq konfrans çərçivəsində qadınların və uşaqların reabilitasiyası, narkotik istifadəçiləri, narkotikə düçar olmuş qadınların və gənclərin reabilitasiyasını əks etdirən mexanizmlər öyrədilirdi.

Mövzu ilə bağlı ətraflı məlumat almaq üçün Respublika Narkoloji Mərkəzi ilə əlaqə saxladıq. Lakin Səhiyyə Nazirliyinin icazəsi, razılığı olmadan sualımıza cavab verə bilməyəcəklərini bildirdilər. Razılıq almaq üçün nazirliyə sorğu göndərdik, ancaq cavab ala bilmədik. Daha sonra suallarımıza cavab almaq üçün Narkoloji Dispanserə müraciət etdik. Onlar da bu haqda danışmayacaqlarını bildirərək dəstəyi asdılar.

 Nərmin Haqverdiyeva

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here