Soruşmaq təvazödür

614

Sevimli Peyğəmbərimizin (Ona Allahın salamı olsun!) belə bir adəti varmış: birisi danışanda onun üzünə baxar və diqqətlə dinləyərmiş. Mənzərəni təsəvvür edirsinizmi? Allahın elçisi sıradan bir insanın üzünə elə baxır, söhbətini elə dinləyir ki, sanki ondan çox şeylər öyrənir. Danışan da, əlbəttə, belə bir diqqəti görüb, ona dəyər verildiyini anlayırdı. Əgər sən bilsən ki, qarşı tərəf sənə bu qədər dəyər verir, hörmət edir, yəqin ki, sən də səmimi və diqqətli olacaqsan.
Əslində əxlaq deyilən anlayışın təməl prinsiplərindən biri insana dəyər verməkdir. Başqalarına dəyər vermək əslində özünə dəyər verməkdir. Ona görə də fikir paylaşmaq, məsləhət almaq, ən doğru olanı tapmaq İslam əxlaqında yüksək dəyərləndirilmişdir. Biz yazılarımızda tez-tez “İslam əxlaqı” ifadəsini işlədirik, yəqin ki, oxucularımız bu deyimin ehtiva elədiyi məna haqqında düşünürlər. “İslam əxlaqı” düşündüyün bütün işlərdə, planlarda Allah-Taalanı mərkəzdə görərək davranmaqdır. Bəli, məhz Allah mərkəzli düşüncənin formalaşdırdığı əxlaqdır İslam əxlaqı.
Məşvərət eləmək, məsləhətləşmək, el arasında deyildiyi kimi, “ağıl ağıldan üstündür” prinsipi ilə davranaraq qərar qəbul etmək hər zaman faydalı nəticə verər. Faydalı nəticə verməsə belə, insanı ağır ittihamlardan qırtarar. Çünki sən soruşdun, araşdırdın, doğrunu tapmaq üçün imkanın çatan hər şeyi elədin, ona görə də başqalarının səni qınamağa haqqı yoxdur.
***
Bir nəfər Molla Nəsrəddinin yanına gəlir və soruğur:
– Molla sən söyləmisən ki, Quranda hər şey var, eləmi?
Molla da sakitcə cavab verir:
– Bəli, söyləmişəm.
– Elə isə mən halva bişirməyi öyrənmək istəyirəm, de görüm, Quranı hansı ayəsində, hansı surəsində yazılıb.
– De görüm, Quranda yazılıbmı ki, bilməyənlər gedib biləndən soruşub öyrənsinlər?
– Bəli, bu yazılıb.
– Daha nə istəyirsən, sənə halva bişirməyi öyrənməyin yerini göstərmədimi? Get adamından öyrən dəə.
Molla Nəsrəddinin çox sevdiyim bu lətifəsi əslində çox gözəl mətləbdən xəbər verir, həm təvazökarlığın, həm də məşvərətin əhəmiyyətini göstərir.
***
İnsanın sahib olduğu ən böyük nemət Allah-Taalanın verdiyi ağıldır. Qurani-Kərimdə bizə xeyrin, uğurun istiqaməti dönə-dönə göstərilir: təfəkkür etmək, təfəkkür etmək, təfəkkür etmək… Yəni insan ağlının işığında öz ehtiyaclarının çarəsini axtararsa, istədiyinə nail ola bilər. İstər fərd üçün olsun, istər ailə üçün, istərsə də hər hansı bir kollektiv, cəmiyyət üçün, başqalarının fikrini öyrənmək, məşvərətlə qərar çıxarmaq həmişə faydalı olub. El arasında söz var: “ağıl ağıldan üstündür”. Yəni hər kəs məsələyə öz prizmasından münasibət bildirir və nəticədə həqiqət ortaya çıxır.
Dünyanın ən məşhur iş adamlarından bəhs edən bir kitabda bildirilir ki, bu adamları birləşdirən ortaq nöqtə onların məşvərətlə qərar qəbul etmələridir. Həmin məşhurlardan birisi etiraf edir ki, idarəsindəki çayçı ilə də fikir mübadiləsi etməkdən fayda görüb və hətta vurğulayır ki, bəzi məsələlərdə əsas təşəbbüsü elə o cür sadə insanların fikirlərindən alıb. Əslində bütün iclaslar, müşavirələr fikir mübadiləsindən başqa bir şey deyil, amma bunlar protokol qaydalarına çevrildikdə ortada məşvərət qalmır. Birinin diktəsi, o birilərinin tabeçiliyi olur.
Əgər birisi hər hansı məsələ ilə bağlı məsləhət almağa gəlirsə, demək sənin adamlığına, ağlına güvənir. Təbii ki, beləsinə yardım etmək, ən doğru, ən faydalı bildiyini onunla paylaşmaq insanlıq borcudur. Beləsinə ağıllı məsləhət vermək əslində sədəqədir, yardımdır. Sədəqə, yardım təkcə pul deyil ki… Sənə inanan, güvənən xoş niyyətli birisini aldatmaq isə həm Allah-Taalanın verdiyi nemətlərə, həm də cəmiyyətin etimadına xəyanətdir.
***
Ailə məsələlərində də məşvərət çox önəmlidir. Hətta isbat edilmişdir ki, məşvərətlə verilən qərar ailəyə bərəkət gətirər. Hər hansı məsələni təkcə həyat yoldaşı ilə deyil, uşaqlarla da müzakirə etmək çox faydalıdır. Həm də söhbəti o qədər təbii və səmimi qurun ki, uşaq sizin ona dəyər verdiyinizi, onu böyük adam kimi söhbətə çəkdiyinizi hiss eləsin. Siz o uşağın sözündən bir şey götürməsəniz də, hər halda uşağın tərbiyəsində mühüm işlər görmüş olursunuz. Əvvəla, o uşaq özünü ciddi, sanballı adam hesab edəcək, ən başlıcası ağlını işlədəcək, düşünəcək və məşvərət əxlaqını qəbul edəcək. Xudbin, özünü bəyənmiş adamlar məşvərəti sevməzlər. Ona görə də bu cür insanlar həmişə son nəticədə əliboş qalırlar. Ailə problemlərinin həllində məşvərətin bir faydası da ondadır ki, hər kəsin ortaq fikri ilə görülmüş iş sonradan narazılığa səbəb olmur; lap o iş yanlış olsa belə hər kəs o yanlışda xətası olduğunu anlayacaq və başqasını ittiham etməyəcək. Məşvərət ailədə fikir birliyidir, səmimiyyətdir, məsuliyyəti paylaşmaqdır, düşünmək vərdişidir, qarşı tərəfə hörmətdir, başqalarını dinləyə bilmək mədəniyyətidir. Ona görə də ailələrdə bir çox məsələlərin hər kəsin iştirakı ilə məşvərət edilməsi vacibdir.
Ailədə uşaqları məşvərətə qatmağın ən böyük faydası isə onları gələcək ailə həyatına hazırlamaqdır. Yəni ailədə məşvərət aparmaq uşaqdan böyüyə qədər hər kəsə dəyər verildiyini nümayiş etdirməkdir.
***
Əslində bütün seçkilərin bir başqa adı da elə məsləhətdir, məşvərətdir. Yəni insanlar ağıllarına görə daha xeyirli həsab elədikləri namizədləri seçirlər.
Yeri gəlmişkən, bir məqamı xatırladaq ki, qədimdə bir insanın səsvermə hüququndan məhrum edilməsi ağır cəzalardan hesab edilirdi. Bu gün belə, müxtəlif ölkələrdə seçmək və seçilmək hüququ əldə edə bilmək üçün emiqrantlar uzun illər gözləməli olurlar.
Məşvərət həm də təvazökarlıqdır. Özündən razı, başqalarına yuxarıdan aşağı baxan adam onlarla məşvərət etməyi də xoşlamaz. Belələri haqlı da olsa haqsız da olsa dediyində israr etməyi sevərlər.
Məşvərətdə bərəkət var. Uşaqlarınızla da bəzi məsələləri məşvərət edin, əmin olun ki, çox şey qazanacaqsınız.