Sonra da deyəcəklər ki…

0
540

(Mirzə Cəlilin felyetonu əsasında).

Vallah, qalmışam çaşbaş. Bilmirəm, kazino yaxşı şeydir, ya pis şeydir. Əgər deyim ki, yaxşı şeydir, öz aramızdır, insafən danışsaq, yaxud bu sözün şəhər kənarında və kurortlarda restoranları, qumarxanaları olan kef yeri (inanmırsınızsa, lüğətə baxa bilərsiniz) anlamına fikir versək, görərik ki, o heç də yaxşı deyil. O səbəbə ki, mənim düşüncəmə görə, əvvəla, kazino millətin əxlaqını xarab edir. Saniyən, orada insanlar nagahan bəlalara düçar olurlar və nəticədə dərdə düşürlər. Üçüncüsü, bizim dinimiz belə-belə işləri günahlar cərgəsinə yazıb.

Hərdən öz-özümə deyirəm ki, xub, əgər kazino pis şeydir, niyə bəs həndəvərimdəkilərdən bir kimsə bu barədə danışmır? Məgər məndən savayı həndəvərimdə bir ağıllı adam yoxdur? Axı niyə kimsə etiraz eləmir? Olmaya, hamıdan qoçaq mənəm? Xeyr, belə deyil, bəlkə də mən səhv eləyirəm. Bəlkə kazinolar qənimət bir şeydir, mən bilmirəm? Deyəsən, başınızı çox ağrıtdım. “Mus-mus” deyincə, qoy elə biryolluq “mustafa” deyim də…

Bəli, bir neçə gün öncə bizim çox hörmətli millət vəkillərindən biri deyib: “A kişilər, bu, bir fakt ki, devalvasiyadan sonra yeni iş yerləri, gəlir mənbələri axtarırıq. Bununla bağlı müxtəlif təkliflər ürəli sürülür. Amma həmin təkliflər mənə yarımçıq görünür. Odur ki, onların arasında büdcəmiz üçün ən faydalı olanını tapa bilmədim. Vallah-billah, ay həmkarlarım, fil qulağında yatmısınız, heç xəbəriniz də yoxdur. Məgər görmürsünüz ki, bir sıra ölkələr kazinolar vasitəsilə ölkəyə turistlər cəlb edirlər? (Bizim onlardan nəyimiz əskikdir ki?) Heç uzağa getməyə ehtiyac yoxdur, artıq Gürcüstanın Batumi bölgəsi kazino ilə qaz vurub, qazan doldurur? Niyə biz də gürcü qardaşlarımız kimi belə bir addım atıb, turizm regionlarında kazinolar açmayaq, bununla da iqtisadiyyatımıza töhfələr verməyək?”

Bu qızıldan qiymətli təklifdən sonra millət vəkilinin ünvanına “molodestlər” yağdıran bəzi kazinobazlar onun sözünə bənd imiş kimi o dəqiqə nə desələr yaxşıdır? Deyiblər ki, bəs kişinin gül kimi təklifini həyata keçirmək lazımdır. Bu artıq bir faktdır ki, bizim imkanlı şəxslər xaricə gedəndə özləri ilə 5-10 min dollar götürüb kazinolara da baş çəkirlər. Əslində onlar kazinolara udub-uduzmağa deyil, istirahət etməyə və dincəlməyə gedirlər. Kazino da istirahət etmək üçün bir mədəni klubdur. Bu adamlar həmin mədəni klublarda, kazinoda oturub oynaya-oynaya qəhvə, meyvə şirəsi və ya içki sifariş etməklə xeyli pul xərcləyirlər. Əgər biz həmin kazinoları açsaq, oradan gələn pulları iqtisadiyyatımıza yönəltsək, xeyli qazanmış olarıq. Vallah, əcəb məntiqdir.

Hə, bizim bir iş adamı isə lap gül vurub: “Mən özüm də bir neçə dəfə Karlovı Varı, Sloveniya və digər yerlərdə kazinolarda olmuşam. Həmin vaxtı kazinoda gedib oturub, qəhvə içib, söhbət etmişəm, oynamışam, dincəlmişəm. Uduzan və udan vaxtlarım da olub. Bu o demək deyil ki, biz qumar oynamışıq. Kazinoda adam çox yaxşı dincəlir”. Üstəlik, ərz edib ki, kazino açılsa, ölkəyə milyardlar gətirərəm.

Yenə qayıdıram, əvvəl dediklərimə… Yox, deyəsən, əvvəl dediklərim kar etməyəcək. Ay camaat, məgər kazinoların fəaliyyəti dövründə bir çox insanlar evlərini, avtomobillərini, mağazalarını satıb qumara qoymaqla ailələrini gözüyaşlı qoymadılarmı? Elə bu kimi nüanslara, eləcə də kazinoların bizim milli-mənəvi dəyərlərimizə uyğunlaşmadığına görə kazinolar Heydər Əliyev tərəfindən ləğv olunmadımı? Olmaya, siz o kişidən çox bilirsiniz?

Bəli, mən də bu barədə danışmazdım, amma bacarmadım. Bir də nə gizlədim məni danışdıran “Axırıncı aşırım” filmindəki Kərbəlayının: “Torpağımın yarısını aldılar, dinmədim. Şura soveti gəldi, konvet getdi, dinmədim, evimi tar-mar elədilər, danışmadım, taxılımı apardılar, dinmədim. Əşşi, hansını deyim, indi də bu kolxoz oyununu atıblar ortaya… Deyirlər ki, inəklərini ver, öküzlərini ver, atını da ver, arabanı da, sonra da gəlib deyəcəklər ki, papağını da ver, namusunu da…” Onun sözü olmasın, belə getsə, sabah bir millət vəkili də deyəcək ki, bəs filan ölkə filan şeydən filan qədər qazanır, niyə ondan bizdə də olmasın? Bəs belə olan surətdə yenə məəttəl qalmışam. Bilmirəm, kazino yaxşı şeydir, ya pis şeydir.