Son söz

516

(Novella)

Marketə girib, satıcı qıza dedim:

– Mən sizin müdirinizlə – Faiz müəllimlə görüşmək istəyirəm.

Satıcı qız:

– Xahiş edirəm, müdirimizin adını düzgün deyəsiniz, onun adı Faiz yox, Farizdir, – dedi.

Mən onun bu düzəlişinə məhəl qoymadan yenə israr etdim:

– Mənə Faiz müəllim lazımdır Faiz… vəssalam.

Satıcı qızla bu şəkildə “mübahisəmiz” düz 3 dəqiqə davam etdi. Daşı ətəyimdən tökmədiyim üçün satıcı qız məni müdiri ilə görüşdürməkdən imtina etdi. Amma insafən belə bir şərt qoydu: “Müdirimizin adını düzgün deyərsən, onda görüşdürərəm”. Mən vizit kartoçkamı (bilet və ya vərəqə şəklində vəsiqə) ona verib, marketi tərk etdim.

Buradan çıxan kimi özümü qarşıdakı şadlıq sarayına saldım. İçəri girəndə özünü mühafizəçi kimi təqdim edən şəxsə:

– Mənə bu şadlıq sarayının müdiri Yaz müəllim lazımdır, – dedim.

Mühafizəçi hirslə dilləndi:

– Buranın müdiri Ayaz müəllimdir, sizin dediyiniz Yaz müəllim yox. Xahiş edirəm, danışığınıza fikir verəsiniz, kişinin adını təhrif etməyin.

– Nə danışdığımın və sizdən nə xahiş etməyimin fərqindəyəm. Yenə deyirəm, mənə Yaz müəllim lazımdır.

– Elə isə müdirimizin adını düzgün deyin.

Mən növbəti dəfə də “Yaz müəllim” deyəndə mühafizəçi:

– Mənim əsəblərimlə oynamayın; çox xahiş edirəm, buranı tərk edin. Müdirimiz yoxdur… Gələndə bir başıxarabın onu axtardığını deyərəm, – söylədi.

Onunla mübahisəmin heç bir nəticə vermədiyini görüb, vizit kartoçkamı ona verərək oradan uzaqlaşmaq fikrinə düşdüm. Lakin nə qədər inad etdimsə, o, kartoçkamı qəbul etmək istəmədi. Rədd cavabını da: “Mənim müdirimin vaxtı haradadır, sənin kimilərə baş qoşmağa” sözləri ilə əsaslandırdı. Mən kartoçkamı onun stolunun üstünə qoyub, şadlıq sarayından uzaqlaşdım.

Yolüstü ehtiyat hissələri satılan mağazaya da baş çəkib, müdiri Turran müəllimi soruşdum. Burada da müdirin adını düzgün demədiyimə görə məni o ki var məzəmmət etdilər. Sözün düzü, buradakıların əlindən birtəhər qurtula bildim.

… Bu söhbətlərdən bir aydan çox keçdi. Günlərin bir günü zəng edib dedilər ki, bəs sizi məhkəməyə veriblər, mühakimə olunacaqsınız. Niyə görə? Bəs siz insanları təhqir etmisiniz. Nə qədər fikirləşdimsə, kimsəni təhqir etdiyimi xatırlaya bilmədim.

Uzun sözün qısası, məhkəmə yetişdi. Hakim ittihamnaməni oxuyandan sonra şahidlər o ki var, haqqımda danışdılar. Dövlət ittihamçısı – prokuror məni ən ağır cəzaya məhkum olunmağımı istədi. Mən isə susaraq deyəcəyim son sözü gözləyirdim. Nəhayət, o an gəldi. Mən ədəblə ayağa qalxıb sözə başladım:

– Çox hörmətli hakim! Bəri başdan deyim ki, neçə il iş alacağımdan asılı olmayaraq, belə mühakimə edilməyimdən qürur duyuram. Bəli, mağaza, market, şadlıq saraylarının müdirlərinin, üstəlik, şahidlərin dedikləri ilə tam razıyam. Yəni, həqiqətən də, mənim iştirakımla belə olaylar yaşanıb. Lakin baş verənlərin heç birinə görə peşman deyiləm və buna görə də kimsədən üzr istəmək fikrim yoxdur. Əslində onlar üzr istəməlidirlər, özü də təkcə məndən yox… Bilirsinizmi niyə? İndi bu məsələni incələməyə çalışacağam. Başlayaq marketdən. Həmin marketin adının yazıldığı lövhədəki hərflərdən biri yoxa çıxıb. Elə bu səbəbdən marketin adı “Bulaq” deyil, “Buaq” kimi oxunur. Bu dilimizə, qanunlarımıza hörmətsizlik deyilmi? Buna görə marketin müdirinə güldən ağır söz deyən, məhkəməyə çəkən yoxdur. Amma onun müdirinin adının hərfindəki bir hərfi “yeyən” kimi elə hay-haray düşür ki, o qədər təəssübkeş peyda olur ki…

Yaz müəllimə gəldikdə, onun şadlıq sarayının adı “Sarı gəlin”dir. Bu sarayın adını bildirən lövhədə isə “.arı gəlin” kimi oxunur. Mən də elə bu səbəbdən müdirin adındakı bir hərfi düşürüb Ayaz əvəzinə, “Yaz” dedim, görüm buna necə reaksiya veriləcək. Reaksiya göz qabağındadır. Ehtiyat hissələri satılan mağazanın müdirinə “Turran” deməyim lövhədə “Ehtiyat” sözünün əvəzinə, “Ehtiyyat” yazılmasıdır.

Cənab hakim, hər kəs öz dilini qorumalıdır. Əgər öz dilini qorumursansa, bu nəticə etibari ilə o deməkdir ki, sən ana dilinə, dövlət dilinə qarşı çıxırsan. Bu, yalnız mədəni məsələ deyil, çox ciddi siyasi məsələdir və məsuliyyət daşımalısan. Mən elə bu məsuliyyətə görə belə bir addım atdım”.

Hakim bu son çıxışımdan sonra hökmü oxudu və mənə bəraət verdi. Sevincimdən göz yaşlarımı saxlaya bilmədim, hönkür-hönkür ağlamağa başladım.

Bu zaman həyat yoldaşımın səsi eşidildi: “A kişi, başa düşə bilmirəm, axı sən yatanda niyə ağlayırdın? Olmaya, pis yuxu görürdün?” Ona heç nə demədən gözümü yumdum.

Qvami Məhəbbətoğlu