Soltan Soltanlının növbəti sınağı

436

Qanlı döyüşlərin getdiyi Suriyada ənənəvi keçirilən 13-cü Beynəlxalq Karikatura Yarışmasının iştirakçılarının adları açıqlanıb. Belə ki, adıçəkilən yarışmada 76 ölkədən 387 rəssam iştirak edir. Ölkəmizi bu yarışmada rəssamlar – Soltan Soltanlı və Seyran Cəfərli təmsil edirlər. Müsabiqə mövzulu və sərbəst olmaqla iki bölmə üzrə keçirilir. Bu barədə saytımıza Soltan Soltanlı məlumat verib. Onun sözlərinə görə, hər bir müəllifin müsabiqəyə internet vasitəsilə iki əsər göndərmək imkanı olub: “Qaliblər üçün qızıl, gümüş, bürünc medallar və 5 xüsusi mükafat nəzərdə tutulub. Nəticələr bu yaxınlarda açıqlanacaq. Müsabiqənin təşkilatçısı suriyalı rəssam Raid Xəlildir”.

Rəssam onu da dedi ki, belə yarışmalar rəssamlar üçün böyük sınaq meydanıdır. Həmsöhbətimiz həmçinin bildirdi ki, o bu yarışmaya sərbəst mövzuda çəkdiyi əsərləri ilə qatılıb. Araşdırmalarımıza görə, Soltan Soltanlı indiyədək yüzə yaxın belə beynəlxalq müsabiqələrə qatılıb və ilk yerlər olmaqla 15-dən çox mükafat qazanıb.

Məlumat üçün bildirək ki, Soltan Soltanlı 20 ildən artıqdır ki, rəssamlıq sənətilə məşğul olur. Rəngkar, qrafik və karikaturaçıdır. Karikaturalardan ibarət “Soltan gülür”, “Soltanın cizgiləri” və “Karikaturalar” kitablarının müəllifidir. 2000, 2003-cü ildə Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda, 2001-ci ildə M. F. Axundov adına Milli Kitabxanada, 2004-cü ildə Azərbaycan Karikatura Evində, 2004-cü ildə İranın Təbriz və Ərdəbil şəhərlərində fərdi sərgiləri təşkil olunub. Azərbaycan Karikatura Evini yaradıb (2004), orada bir sıra yerli və beynəlxalq sərgilər təşkil edib. 2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

İndiyədək çoxlu beynəlxalq karikatura müsabiqəsində iştirak edib, mükafatlar qazanıb. Əsərləri dünyanın müxtəlif ölkələrindəki karikatura muzeylərində və özəl kolleksiyalarda saxlanılır. Rəsmləri çoxlu beynəlxalq rəsm kataloqlarında çap olunub.