Soltan Soltanlıya belə cavab verdilər: “Sağ olun ki, bizi məlumatlandırdınız”

0
472

Tanınmış rəssam, beynəlxalq yarışmalarda müxtəlif yerlər və mükafatlar qazanmış, Azərbaycan Rəssamlar İttifaqının üzvü Soltan Soltanlının İspaniyada keçirilən beynəlxalq müsabiqədə II yer tutan əsəri Monteneqrodan olan bir rəssam tərəfindən oğurlanıb. Belə ki, həmin rəssam Dragomir Djukic Charlly soydaşımız S. Soltanlının Aprel döyüşlərinə həsr etdiyi “Kalva ətrafında döyüş” əsərini ötəri dəyişməklə Rumıniyada keçirilən beynəlxalq müsabiqəyə yollayıb. Oğurluqdan soydaşımız təsadüfən xəbər tutub.

Bununla bağlı bir neçə sualla Soltan Soltanlıya müraciət etdik. O dedi: “Bu il Rumıniyada keçirilən HumoDEVA-2017 beynəlxalq yarışmasına mən də əsərlərimi göndərdim. Təşkilatçılar bu yarışmaya 6 əsərimi daxil etdilər. Təqdim edilən əsərləri gözdən keçirərkən “Kalva ətrafında döyüş” əsərimin bənzəri olan bir iş gördüm və təəccübləndim. Bu, mənim işimdir, mənim ideyamdır. Ona görə ki, hamı mənim fəlsəfi əsərlər çəkdiyimi bilir. Mən irrealistəm. Bu cərəyanın başlıca prinsipi dərin fəlsəfilik, məntiqilik, inandırıcılıq, yüksək fantaziya və dəqiq ifadə tərzidir. Bütün bunlar mənim başqa əsərlərimdə də aydınca görünür. “Kalva ətrafında döyüş” əsərimi daha öncə yer tutduğu üçün onu heç bir yarışmaya göndərə bilmərəm”.

Soltan Soltanlı həmçinin saytımıza bununla bağlı yarışmanın təşkilatçılarına aşağıdakı məzmunda məktub göndərdiyini də vurğulayıb:

“Hörmətli təşkilatçılar!

Keçirdiyiniz HumoDEVA 2017 beynəlxalq yarışmasında Monteneqrodan olan bir “rəssam” – Dragomir Djukic Charlly mənim The 6th GIN Graphic Humor Contest 2016-da (İspaniya) II yer tutan əsərimi olduğu kimi köçürərək sizin müsabiqəyə göndərib.

Bildirim ki, həmin əsərim “Kalva ətrafında döyüş” adlanır, onu ilk olaraq kətan üzərində yağlı boya ilə işləmişəm (60×90 sm). Bu əsəri mən Azərbaycan ordusunun keçən ilin Aprel ayındakı qələbəsinə həsr etmişəm. Ordumuz ölkəmizi işğal edən erməni qüvvələrini geri oturdaraq torpaqlarımızın bir qismini düşməndən azad etdi, itkilərimiz də oldu. Əsərin məzmunu budur ki, hər bir əsgər döyüşə atılarkən öləcəyini düşünür. Ona görə əsərdə səngəri ənənəvi yox, qəbir formasında çəkmişəm. Yəni hər əsgər öz məzarından döyüşür.

Bu əsərin qrafik variantını keçən il İspaniyaya keçirilən beynəlxalq müsabiqəyə göndərdim və II yer tutdum”.

Rəssam əsərinin hər iki variantını da təşkilatçılara göndərib. Təşkilatçılardan gələn cavab isə sadəcə belə olub: “Sağ olun ki, bizi məlumatlandırdınız”.

Bəs bu problemin məhkəmə yolu ilə çözmək olarmı? sualına isə rəssam belə cavab verdi: “Belə məsələləri məhkəmə yoluyla da çözmək çətindir. Ona görə ki, buna çoxlu maliyyə tələb olunur”.

Qvami Məhəbbətoğlu