Şöhrətdən tövbəyə aparan yol (2)

0
538
Kalaşnikov ona dünya şöhrəti gətirən çoxsaylı ixtiraların müəllifi olmasına və SSRİ-nin ən ali mükafatlarına layiq görülməsinə general-leytenanat olmasına belə baxmayaraq, kasıb yaşayıb. Lakin o, lifti olmayan binanın üçüncü mərtəbəsində, ətrafındakı adi adamlar kimi yaşayırdı. Halbuki xaricdə yaşasaydı, yalnız  avtomatı kəşf etdiyinə görə, milyonlar sahibi olar, dünanın ən varlı adamlarından birinə çevrilərdi.
Üstündən illər ötəndən sonra, 2009-cu ildə Kalaşnikov “Metro Moskva” qəzetinə verdiyi müsahibəsində hazırladığı avtomat haqqında belə demişdi: “ Mən əsgər olmuşam və əsgərin silahdan istifadə edərkən hansı çətinlikləri keçirdiyinə yaxşı bələd idim. Ona görə də, elə silah istehsal etməli idim ki, onu istənilən şəraitdə işlətmək asan olsun. Ona görə də suda, bataqlıqda, ən pis hava şəraitində belə işləyə bilən avtomat hazırladım. Bununla da on minlərlə əsgərin işini yüngülləşdirmiş oldum”.

Onu da deyək ki, Atıcı Silahlar üzrə Elmi Tədqiqat Mərkəzində işləyərkən Mixail özünün gələcək həyat yoldaşı, layihə işləri üzrə mütəxəssis Yekaterina Moiseyeva ilə tanış oldu və onlar ailə həyatı qurdular. Bu, onun həyatında ikinci evlilik idi. Belə ki, Mixail birinci dəfə hələ Matay dəmiryolu stansiyasında işləyərkən Yekaterina Danilovna Astaxova ilə evlənmişdi. Astaxovadan onun Viktor adlı oğlu olub. Viktorun isə Mixail və Aleksandr adlı iki oğlu var. Kalaşnikovun ikinci evliliyindən bir qızı və bir nəvəsi var.

 

“AK” təkmilləşdirilir

Mixail Kalaşnikov sonrakı illərdə bu avtomatı təkmilləşdirməkdə davam etdi. Nəticədə ötən əsrin 50-ci illərinin ortalarında “AK” avtomatının çəkisi azaldı və onu gəzdirmək daha rahat oldu. Eyni zamanda Kalaşnikov avtomata gecə hədəfi asanlıqla müəyyən etməyə imkan verən gecəgörmə cihazı birləşdirdi. Bunun ardınca da o, bu silahı təkmilləşdirməkdə, hər dəfə ona yeni elementlər əlavə etməkdə davam edirdi. Bu da öz növbəsində “AK”-nin müxtəlif modellərinin, o cümlədən “AKM”, “AKMS”, “AKMSU”, “AKMN”, “AKMSN”-lərin seriya ilə istehsalına imkan verdi. Ölümündən əvvəl isə “AK-12” modelini hazırladı. Son model avtomat silahlar ən müasir silahlar hesab edilirlər. Onlardan istifadə etmək olduqca asandır və eyni zamanda o, avtomatik səsboğucu ilə təchiz olunub. Bu da gizli əməliyyatları olduqca yüksək səviyyədə keçirməyə imkan verir. Burada bir məsələni də qeyd etməyə bilmirik. Kalaşnikovun hazırladığı avtomatlarda ağırlıq mərkəzi dəyişən, yəni canlıya dəydikdə bədən boyu hərəkət edən güllələrdən istifadə edilir. Bu isə canlının harasından güllə dəyməsindən asılı olmayaraq onun ölümdən qaça bilməməsi deməkdir. 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusu Bakıda dinc əhaliyə məhz bu güllələrlə atəş açmış və bu da əhali arasında böyük tələfata gətirib çıxarmışdı.

Kalaşnikov yalnız “AK”-ları təkmilləşdirməklə məşğul olmamış, eyni zamanda yeni növ pulemyotlar hazırlanmasına da öz töhfəsini vermişdi. 1955-1957-ci illərdə o, “Kalaşnikov əl pulemyotunu” (“RPK”) haırladı. Bu pulemyot da, gecəgörmə cihazı ilə təchiz edilmişdi. Sonra o, bu pulemyotun təkmilləşdirilmiş modellərini hazırladı və onların seriya istehsalına başlanıldı.  Kalaşnikov  öz avtomatının tank variantını da, Kalaşnikov pulemyotunu ( “PK”, “PKS” , “PKM”, “PKMS” , “PKT”,  “PKMT) hazırladı. Bu silahdan tankda asanlıqla istifadə etmək və düşmənə daha çox itki vermək mümkün olurdu. Kalaşnikov həmçinin zirehli maşınlarda olduqca yüksək səviyyədə istifadə edilən  “PKB”( 7,62mm) avtomat-pulemyotunu da hazırladı. Bu pulemyotlar indinin özündə belə yüksək atıcılıq qabiliyyəti və hədəfləri dəqiqliklə məhv etmək baxımından ən əvəzsiz silahlar hesab edilir.

 

Kalaşnikov avtomatı, İkra və kukla…

Kalaşnikov snayper silahlarının hazırlanmasına da öz töhfəsini verib. O, həmçinin ov tüfənglərinin hazırlanması ilə də məşğul olub. İxtiraçı Kalaşnikov avtomatlarının iş mexanizmi əsasında avtomatik atəş açma qabiliyyətinə malik olan karabinlər hazırlayıb. 1992-ci ildə Kalaşnikovun layihəsi əsasında optik nişangahla (7,62mm) təchiz edilən “Sayqa” ov avtomat-karabinini hazırladı. Sonrakı illərdə isə bu silahın daha təkmilləşdirilmiş  modelləri olan “Sayqa 5,6”, “Sayqa 5,6 S” avtomat karabinlərinin seriya istehsalı qaydaya salındı. Amma avtomat silahların yeni modellərinin hazırlanması üzərində işləməsi səhhətində ağır izlər buraxdı. Belə ki, Kalaşnikov yeni silahların sınaqdan çıxarılması zamanı kar oldu və ən müasir üsullarla belə onu müalicə etmək mümkün olmadı. 1971-ci ildə elmi tədqiqatlarına və ixtiralarına görə Kalaşnikova texniki elmlər doktoru elmi dərəcəsi verdilər. Halbuki, o cəmisi 7-ci sinifi bitirmişdi, ali təhsili belə yox idi.  Buna baxmayaraq, hələ sağ ikən dünyanın 16 akademiyasının akademiki fəxri adına layiq görülmüşdü. Bu da təsadüfi deyildi. Kalaşnikov beynəlxalq aləmdə tanınan 35 ixtiranın müəllifi idi. Kalaşnikovun “AK” ( Kalaşnikov avtomatı) avtomat silahı ilə Rusiyanı bütün dünayaya tanıtdığına diqqəti cəlb edən Nikas  Safonov 2011-ci ildə “Novıy vzqlyad” (“Yeni baxış”)həftəliyində yazırdı: “ Dünyada Rusiyanı rus arağına, Matryoşka kuklalarına, ikra və Kalaşnikov avtomatına görə tanıyırlar”.

Safonov haqlı idi. Belə ki, bəzi Afrika ölkələrində, o cümlədən Mozambik, Həbəşistan, və Somalidə əhali yeni anadan olan oğlan uşaqlarını Kalaşnikov avtomatının adı ilə Kalaş adlandırırlar. Guya bu ad sehirli qüvvəyə malikdir. Bundan əlavə Mozambikin, Zimbabvenin və Şərqi Timorun gerblərində, həmçinin Mozambikin dövlət bayrağında Kalaşnikov avtomatı əks edilib.

 

Kasıb ixtiraçı

Kalaşnikov ona dünya şöhrəti gətirən çoxsaylı ixtiraların müəllifi olmasına və SSRİ-nin ən ali mükafatlarına layiq görülməsinə general-leytenanat olmasına belə baxmayaraq, kasıb yaşayıb. Lakin o, lifti olmayan binanın üçüncü mərtəbəsində, ətrafındakı adi adamlar kimi yaşayırdı. Halbuki xaricdə yaşasaydı, yalnız  avtomatı kəşf etdiyinə görə, milyonlar sahibi olar, dünanın ən varlı adamlarından birinə çevrilərdi. O isə ona ümumdünya şöhrəti gətirən 35 ixtiranın müəllifi idi. Bir dəfə Kalaşnikova əməyinin yaxşı qiymətləndirilmədiyini xatırladaraq, kasıb yaşamasından peşman olub- olmamasını soruşmuşdular. Kalaşnikov isə onlara cavabında: “Hər şeyi pulla ölçmək düz deyil. Mənə deyəndə ki, sizin hazırladığınız silah məni ölümdən xilas etdi, bu, kifayət edir. Bu sözləri əməyimə verilən ən böyük qiymət hesab edirəm. Milyonlar mənim nəyimə lazımdır? Mən elə-belə də yaxşı yaşayıram”,-demişdi.

Halbuki o, heç də yaxşı yaşamırdı və qoca vaxtı üçüncü mərtəbəyə zorla çıxıb düşürdü. Belə bir həyat sonda onun sağlamlığında ağır izlər buraxmağa başladı.

 

Tövbə məktubu və vicdan əzabı

2012-ci ildə onun səhhəti pisləşdi və bir müddət xəstəxanada yatdı. 2013-cü ilin yayında yenidən ağır xəstələnən Kalaşnikovu xüsusi təyyarə ilə Moskvaya gətirdilər və onu ağciyər arteriyasının tutulmasından müalicə etdilər. Müalicə başa çatdıqdan sonra sentyabr ayında Kalaşnikovu yaşadığı İjevsk şəhərinə evinə göndərdilər. Amma həmin ilin noyabr ayında ixtiraçının səhhəti yenidən pisləşdi. Bu dəfə Kalaşnikovu Udmurtiya Klinik Diaqnostika Mərkəzində müalicə etdilər. Həkimlər onun ağciyərində əməliyyat keçirdilər. Amma Kalaşnikovun vəziyyəti ağır olaraq qalmaqda davam edirdi. Artıq sağalmaqdan əlini üzən Kalaşnikov yataqda ikən yeni silahı kəşf etməklə nə qədər böyük günah işlədiyini başa düşdü. O tövbə etmək fikrinə düşərək, Moskva və bütün Rusiya patriarxı Kirillə məktubla müraciət etdi. Məktubda o həyatını vətənin müdafiə qabiliyyətinin artırılmasına həsr etdiyini və bu müstəvidə də dünyada tayı-bərabəri olmayan silah yaratdığını, bir vaxt buna görə fəxr etdiyini, ancaq indi peşman olduğunu xüsusi vurğulayırdı. Kalaşnikov patriarxa məktubunda bu ifadələri işlətmişdi: “Ürəyimdə dözülməz bir ağrı var və vicdanım məni rahat buraxmır. Məni bu sual daim narahat edir. Mən, 93 yaşlı kəndçi oğlu, xristian dininin pravoslav məzhəbinə qulluq edən Kalaşnikov ixtira etdiyim silahla düşmən olsa belə, insanların ölümünə səbəb olmuşam. Bu fikir məni rahat buraxmır və mən Allah qarşısında ixtira etdiyim silahla şeytan günahı işlətdiyimə görə peşmanam. “ Kalaşnikov məktubunda silah ixtiralarına görə tövbə edir və bu işə görə patriarxdan günahlarının bağışlanması üçün Allaha dua etməsini xahiş edirdi.

Patriarxa yazdığı tövbə məktubundan 15-20 gün sonra, 2013-cü il dekabr ayının 23-də Kalaşnikov vəfat etdi.  Bu ağır itki ilə əlaqədar 2013-cü il dekabr ayının 26-27-si  Udmurtiyada ümumilli matəm günü elan edildi. Dekabrın 27-də isə Mixail Kalaşnikov dövlət xadimlərinə xas olan bir şəkildə ən yüksək səviyyədə dəfn edildi.  İxtiraçının dəfnində Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla ölkəni idarə edən bütün yüksək səviyyəli dövlət rəsmiləri də iştirak etdilər.

Kalaşnikov hər halda ixtiraçı idi və bununla bağlı bəzi işlər görmüşdü. Amma o da aydındır ki, sovet ideologiyası onun simasında süni şəkildə böyük vətənpərvər obrazı formalaşdırmışdı. Bundan məqsəd guya sovet adamının qeyri-adi istedada, bacarığa malik olması, sosializmin kapitalizmdən üstünlüyü barədə rəy formalaşdırmaq idi. Kalaşnikov hələ sağ ikən ona dünya şöhrəti gətirən avtomatın onun tərəfindən deyil,  əsir alınan alman ixtiraçı Şmayser tərəfindən hazırlandığı barədə Rusiya mətbuatında kifayət qədər məlumatlar gedib. Nə qədər qəribə olsa da, Kalaşnikov bu yazılara reaksiya vermirdi. Halbuki həmin yazılarda onun haqqı tapdalanırdı. Ola bilsin ki, o həqiqəti etiraf etməyə, bu silahın özünün olmadığını söyləməyə qorxurdu. Çünki bunu yuxarı orqanlar ona bağışlamayacaqdılar… Ona görə də, Kalaşnikov ixtira etdiyi avtomatın əsl sahibinin kim olması barədə sirri özü ilə o dünyaya apardı. Amma dünya şöhrətli bu avtomatı ixtira edənin Şmayser, yox Kalaşnikov olması barədə mübahisələr davam edir…

ƏZIZ MUSTAFA

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here