Soçidə Qarabağ münaqişəsi, yoxsa Avrasiya İttifaqı oyunu?

563
Son günlər qoşunların təmas xəttində yaranan gərgin vəziyyət və bu müstəvidə də erməni təxribatçı qruplarının fəallaşması Qarabağ münaqişəsinin yenidən alovlanması təhlükəsini əmələ gətirib. Vəziyyətin təhlükəli həddə çatması və hər iki tərəfdən atəşkəs dövründən sonra ilk dəfə böyük itkilərin verilməsi bölgədə istənilən an hadisələrin gözlənilməz istiqamətdə inkişaf etməsinə gətirib çıxara bilər. Buna paralel olaraq hər iki tərəfin qoşunların təmas xəttinə əlavə qüvvələr yeritməsi və hərbi güc nümayiş etdirməsi də 20 il davam edən atəşkəsin tərəfləri artıq qane etmədiyini göstərir. Bununla  belə ötən ayın sonları, avqustun əvvəllərindən başlayaraq, qoşunların təmas xəttində gərginliyin əmələ gəlməsi və bunun hər iki tərəfdən itkilərlə müşahidə olunması münaqişənin həlli ətrafında yeni oyunların getməsi kimi də dəyərləndirilir. Belə bir fikir vurğulanır ki, münaqişənin həllində maraqlı olmayan güclər süni şəkildə cəbhə xəttində vəziyyəti gərginləşdirərək, bundan özlərinin siyasi, iqtisadi və hərbi maraqlarının təmin edilməsi üçün istifadə etməyə cəhd edirlər. Bu müstəvidə də cəbhədə gərginliyin Ermənistan diversiya qrupları tərəfindən yaradılması diqqəti cəlb edir. Belə hesab edilir ki, erməni diversiya qruplarının hərbi postlarımıza hücumları bölgədəki Rusiya hərbçilərinin göstərişi ilə edilib. Belə bir ehtimalın ortaya çıxmasına səbəbin isə Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti gərginləşdirməklə tərəfləri daimi təzyiq altında saxlamaq və onları şantaj etmək olduğu güman edilir. Bu da bölgədə gedən müəyyən siyasi proseslərlə bağlıdır. Belə ki, Rusiyanın Krımı işğal etməsindən sonra Qərbin sərt sanksiyaları ilə üzləşməsi və buna paralel olaraq, Fransa və ABŞ-ın Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüsü ələ almaq cəhdləri Kremli ciddi şəkildə narahat etməyə başlamışdı. Xüsusilə Fransa Prezidenti Fransua Ollandın Azərbaycana son səfəri zamanı münaqişənin həlli ilə bağlı bəzi təkliflərlə çıxış etməsi və hər iki ölkə prezidentlərini yenidən Parisdə bir araya gətirmək üçün səy göstərməsi Moskvada birmənalı qarşılanmadı. ƏZIZ MUSTAFA
Gərginliyin arxasında Avrasiya İttifaqı niyyətləri dayanır?

Qoşunların təmas xəttində gözlənilmədən vəziyyətin son həddə kimi gərginləşməsi və  erməni diversiya qruplarının mütəmadi olaraq hərbi postlarımıza hücumlar etməsi əslində öncədən hazırlanmış məkrli bir planın tərkib hissəsi kimi dəyərləndirilə bilər. Belə ki, məhz cəbhə xəttində vəziyyətin gərginləşdirilməsindən sonra Rusiya dərhal hərəkətə keçdi və Putin Azərbaycan və Ermənistan prezidentlərini yenidən Soçiyə dəvət etdi. Bunu isə heç də təsadüfi hesab etmək olmaz. Belə ki, ötən ayın ortalarından başlayaraq, Fransa bir neçə  dəfə israrla  Azərbaycan və Ermənistan prezidentlərini münaqişənin həlli üçün Parisə dəvət etdi. Lakin Azərbaycan rəsmi şəkildə prezidentlərin görüşünün görüş xatirinə keçirilməsinin əleyhinə olduğunu və Ermənistanın qeyri – konstruktiv mövqe nümayiş etdirməkdə davam  etdiyini bəyan edərək, Parisə getməkdən imtina etdi. Məhz bu baxımdan cəbhə xəttində süni şəkildə yaradılan gərginlikdən sonra Rusiyanın dərhal “oyun”a daxil olaraq prezidentlər İlham Əliyevi və Serj Sərkisyanı Soçiyə dəvət etməsi cəbhədəki son gərginliyin haradan körükləndiyini ehtimal etməyə imkan verib.

Məsələyə münasibət bildirən politoloq, hüquq elmləri doktoru Qabil Zamanlının sözlərinə görə, qoşunların təmas xəttində gərginliyin süni şəkildə körüklənməsi iki amillə,  Qərbin, o cümlədən Fransa və ABŞ-ın münaqişənin həllində təşəbbüsü ələ almasına imkan verilməməsi və bir də  Azərbaycanı bu yolla Avrasiya İttifaqına  üzv olmağa məcbur etmək cəhdi ilə əlaqədardır. Qabil Zamanlı: “Rusiyanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə ATƏT Minsk qrupu həmsədrlərini dəvət etməməsi də məhz ABŞ və Fransanı problemin həllindən kənarlaşdırmaq və Rusiyanın Qafqazda önəmli söz sahibi olduğunu nümayiş etdirməsi, həm də ölkəmizin təzyiq yolu ilə Avrasiya İttifaqına üzv olmasına nail olmaq istəməsi kimi dəyərləndirilə bilər”,-dedi.

Rusiya tərəfindən Azərbaycanı Avrasiya İttifaqına üzv etmək cəhdinə gəlincə, belə bir faktın ortada olması heç kimə sirr deyil. Bunu Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənovun son açıqlaması da  sübut edir. Əli Həsənov bildirib ki, bəzi güclər gələcəkdə Azərbaycanın hərbi yolla öz ərazilərini işğaldan azad etməsinin qarşısını almaq üçün onun fəaliyyətini məhdudlaşdırmağa, hansısa müqavilə ilə onun əl-qolunu bağlamağa çalışırlar. Bu isə o deməkdir ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinin arxasında Azərbaycanı Rusiyanı qane edəcək hansısa müqaviləni imzalamağa məcbur etmək cəhdi dayanır. Bu müqavilənin nədən ibarət ola biləcəyinə isə Avrasiya İttifaqı İnstitutunun baş direktoru Vladimir Lepexinin mətbuata verdiyi son açıqlaması nisbətən aydınlıq gətirib. Lepexinin sözlərinə görə, bölgədə müharibə təhlükəsinin aradan qaldırılması üçün Azərbaycan və Ermənistan hökmən Avrasiya İttifaqına üzv olmalıdırlar. Sülhün təmin edilməsi və yeni müharibənin başlamaması üçünsə Ermənistan tərəfindən Rusiya, Azərbaycan tərəfindən isə Qazaxıstan qarant ölkə qismində çıxış etməlidirlər. Lepexinin bu açıqlaması isə bir daha göstərdi ki, cəbhədə vəziyyətin gərginləşməsinin arxasında Rusiya dayanır. Bundan məqsəd isə Azərbaycanı təzyiq yolu Avrasiya İttifaqına üzv olmağa məcbur etməkdir. Əslində Lepexinin məsələ ilə bağlı dedikləri məntiqi baxımdan çox mənasız və əhəmiyyətsiz, uşaq oyunu təsiri bağışlayır. Çünki Azərbaycan dəfələrlə bəyan edib ki, işğal edilmiş ərazilərimiz azad edilmədən Ermənistanla hər hansı bir ittifaqda təmsil olunmaq niyyətində deyil və buna heç bir halda getməyəcək. Amma, görünür, Moskvada cəbhədə vəziyyəti gərginləşdirmək yolu ilə Azərbaycanı Avrasiya İttifaqına üzv olmağa məcbur edə biləcəklərini düşünürlər. Əgər Putin Soçidə Azərbaycan və Ermənistan prezidentləri ilə təkbətək keçirdiyi görüşlərdə Lepexinin açıqladığı planı təklif etsə, onda çətin ki, istəyinə nail ola bilsin. Çünki Azərbaycan məsələ ilə bağlı dəfələrlə Rusiyanın çoxsaylı təzyiqlərinə boyun əyməyərək işğal altında olan torpaqlarımız azad edilmədən Ermənistanla hansısa ittifaqda olmayacağı barədə qətiyyətli mövqe nümayiş etdirib. Məsələ ilə bağlı bir məqama da diqqəti cəlb etmək istəyirik. Belə ki, bu ilin iyul ayında Ermənistanın Avrasiya İttifaqına üzv olması oktyabr ayına kimi təxirə salındı. O vaxt Rusiyanın bəzi dövlət rəsmiləri tərəfindən verilən açıqlamalarda bunun Ermənistanı Azərbaycanla birlikdə Avrasiya İttifaqına üzv olması ilə bağlı olduğu vurğulandı.  Qoşunların təmas xəttində son günlər gərginliyin son həddə çatması isə göstərir ki, Rusiya öz məqsədinə çatmaq üçün yenidən bölgədə vəziyyəti gərginləşdirmək və bu yolla Azərbaycana təzyiq etmək yolu tutub.

Siyasi müşahidəçilər Soçi görüşündən heç nə gözləmirlər

Qoşunların təmas xəttində gərginliyn davam etdiyi bir vaxtda Rusiya Prezidenti Vladimir Putinin tələm-tələsik Azərbaycan və Ermənistan prezidentlərini Soçidə bir araya gətirmək cəhdi siyasi müşahidəçilər tərəfindən birmənalı qarşılanmır. Belə bir fikir vurğulanır ki, Putin bütün yollarla Azərbaycana Avrasiya İttifaqına üzv olması üçün təsir göstərməyə çalışacaq.  Məsələyə münasibət bildirən politoloq, millət vəkili Rasim Musabəyov prezidentlərin Soçi görüşünün Rusiyanın təşəbbüsü ilə keçirildiyini və bunun arxasında münaqişənin həllindən daha çox cəbhədə yaranmış gərginlikdən istifadə edərək, müəyyən məqsədlərinə nail olmaq cəhdlərinin dayandığını söyləyib. Onun sözlərinə görə, Ermənistanın münaqişənin həllində qeyri-konstruktiv mövqe nümayiş etdirdiyi bir vaxtda Soçidə Azərbaycan və  Ermənistan prezidentlərinin görüşündən nə isə gözləməyə dəyməz. Rasim Musabəyov: “ Prezidentlərin  Soçi görüşündən radikal dəyişikliklər gözləmirəm və gözləməyə də dəyməz. Ola bilsin ki, Putin tərəfindən münaqişənin həllinə deyil, Rusiyanın maraqlarına xidmət edəcək hansısa təkliflər səsləndirilsin.  Konkret olaraq isə ən yaxşı halda Soçidə atəşkəsin əldə edilməsi barədə hansısa təkliflər müzakirə hədəfi ola bilər. Amma bunun üçün gərək prezidentlər arasında intensiv şəkildə görüşlər keçirilsin. Soçidə Rusiyanın xarici işlər naziri tərəfindən mövcud status-kvonun və ərazilərimizin işğal altında saxlanılmasına xidmət edəcək hansısa təşəbbüsə də baş vurulacağını istisna etmirəm. Amma Azərbaycan da çətin ki bununla razılaşa bilsin”,-dedi.

Politoloq Vəfa Quluzadə də Soçidə Rusiya tərəfindən istər münaqişənin həllinə, istərsə də Avrasiya İttifaqına üzv olmaq məsələsinə münasibətdə Azərbaycana təzyiqlərin ola biləcəyini istisna etmədiyini söylədi. Vəfa Quluzadə: “Rusiya Ukrayna ətrafında Qərb tərəfindən sərt sanksiyalara və təzyiqlərə məruz qaldığından Dağlıq Qarabağ münaqişəsinin həllində də ABŞ və Fransanın təşəbbüsü ələ ala biləcəyindən narahatdır. Buna yol verməmək və cəbhədə vəziyyəti gərginləşdirməklə Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək istəyən Rusiya ölkəmizə qarşı bəzi təzyiqlərə baş vura bilər. Ancaq mən inanmıram ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın təzyiqləri altında ölkəmizin milli maraqlarına cavab verməyən hansısa addımlar atsın. Bir sözlə, mən prezidentlərin Soçi görüşündən heç nə gözləmirəm”, – dedi.