Soçi görüşü Azərbaycanın qələbəsi, Ermənistanın təxribatçı mövqeyinin iflasıdır

43

Xarici siyasətinin əsas istiqamətlərindən biri kimi ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması və münasibətlərdə yeni prioritetlərin müəyyənləşdirilməsi sahəsində Azərbaycanın əldə etdiyi uğurlar göz önündədir. Qarşılıqlı səfərlər və görüşlər fonunda bu əlaqələr daha da möhkəmlənir, yeni çalarlar əlavə olunur.  Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilən ikitərəfli görüş də bu baxımdan olduqca mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, rəsmi şəxslər arasında qarşılıqlı səfərlərin dinamikası yüksəkdir. Son bir həftədə Azərbaycan Prezidenti Rusiya Federasiyası hökumətinin sədrinin müavinini, Rusiya Elmlər Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsini qəbul edib. Bununla yanaşı, Azərbaycanın və Ermənistanın intellektualları, mədəniyyət xadimləri arasında Rusiya tərəfinin fəal iştirakı ilə əlaqələrin nizamlanması kimi çox mühüm bir missiya ilə bütün həftə ərzində Bakıda olub. Həmçinin Rusiyanın ixrac mərkəzi və “Roseksimbank”ın böyük biznes konfransı keçirilib. Tədbirdə Rusiyanın 30-dan çox şirkəti iştirak edib. Bütün bunlar onu göstərir ki, qədim dostluq və mehriban qonşuluq  ənənələrinə söykənən Rusiya-Azərbaycan qarşılıqlı fəaliyyətləri yüksələn xətt üzrə inkişaf etməkdədir.

Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır

Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə “İkitərəfli münasibətlərimizin inkişaf dinamikası bizi çox sevindirir” söyləyən Prezident İlham Əliyev qeyd etmişdir ki,  bu gün münasibətlərimizi strateji tərəfdaşların münasibətləri kimi səciyyələndiririk: “Bu, sadəcə, söz birləşməsi deyil, həqiqətən belədir və bütün istiqamətlər üzrə qarşılıqlı münasibətlərimizin səviyyəsini daha da yüksəltmək əzmindəyik. Sizin qeyd etdiyiniz kimi, əmtəə dövriyyəsi artır. İqtisadi sahədə əməkdaşlığa, o cümlədən biznes dairələri arasında qarşılıqlı maraq çox güclüdür. Əlbəttə, münasibətlərimizin çoxlu sahələri ehtiva etməsi bizi çox sevindirir. Hazırda biz iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsini reallaşdırırıq.”

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin  görüş zamanı bildirib ki, gələn il iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi tamam olur. Putin onu da qeyd edib ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq çox uğurla inkişaf edir: “Bu ilin 9 ayı ərzində bizdə əmtəə dövriyyəsinin həcmi 11 faiz artıb. Bu, yaxşı göstəricidir. Rusiyanın 900 müəssisəsi Azərbaycanda işləyir. Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 4,5 milyard dollar birbaşa investisiya qoyulub. Rusiya Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biridir.”

Rusiyanın dövlət başçısı görüşün davamında dövlətlər arasındakı  humanitar əlaqələrdən bəhs edib: “Rus dilinin inkişafına, dəstəklənməsinə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür etmək istəyirəm. Sizdə 304, hətta mən bilən daha çox – 340 məktəbdə rus dili tədris edilir. Azərbaycan məktəblilərinin 34 faizi bu və ya digər şəkildə rus dilində oxuyur və bu dili öyrənirlər. Bu da yaxşı göstəricidir, Azərbaycan rəhbərliyinin, Azərbaycan xalqının yaxın və çoxtərəfli əlaqələr saxlamaq cəhdinə dəlalət edir. Bu əlaqələr həqiqətən çoxtərəfli xarakter daşıyır. Humanitar sahədə münasibətlər də, gənclərin əlaqələri də inkişaf edir. Bizdə bu cür ümumbəşəri səviyyədə dəstəklənən tədbirlər çoxdur. Bu, gələcəkdə münasibətlərimizin inkişafı üçün yaxşı şərait yaradır.”

Dövlətimizin başçısı görüş zamanı Rusiya Prezidentinə Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün yaradılan gözəl şəraitə görə təşəkkürünü də bildirib: “15 mindən çox azərbaycanlı, Azərbaycan vətəndaşı Rusiyanın ali məktəblərində təhsil alır. Əslində, bu, bütöv bir ali məktəb deməkdir. Burada çox yaxşı təhsil verilir və bu, avtomatik olaraq ölkələrimiz arasında körpü olur. Bizim münasibətlərimizin inkişafı işində bu həftə çox əlamətdar olub.”

Rusiya sülhməramlılarının məsuliyyəti zonasında ciddi insidentlər olmayıb

Görüş zamanı Prezident İlham Əliyev Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətdən bəhs edib: “Keçən il noyabrın 10-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətə başlaması ilə əlaqədar o vaxtdan bəri bir il ərzində Rusiya sülhməramlılarının məsuliyyəti zonasında ciddi insidentlər olmayıb. Silahlı toqquşmalar olmayıb, hər hansı ciddi hadisələr olmayıb, sistemli böhran xarakteri daşımayan müəyyən təsadüfi insidentlər olub. Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar olub, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Bununla belə, əlbəttə, bu, bizi bütün bunlara çox diqqətlə yanaşmağa, risklərə necə nəzarət etmək, onları necə minimallaşdırmağın mümkün olması barədə, o cümlədən üçtərəfli formatda söhbət aparmağa və Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanması üzərində işləməyə vadar edir.”

Qeyd edək ki, Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Dövlət başçısı həmin görüşdə Ermənistanla münasibətlərin tənzimlənməsində Rusiyanın səylərini yüksək qiymətləndirib.

Prezident İlham Əliyev qeyd edib ki, Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə ümumilikdə vəziyyət stabildir: “Ciddi insidentlər, qəsdən törədilən təxribatlar baş verməyib. Tək-tək hallar müşahidə olunub ki, bu da sistemli xarakter daşımayıb. Ona görə də yaxşı xidmət üçün Rusiya sülhməramlı qüvvələrinə təşəkkür edirik. Onlar regionda təhlükəsizliyi təmin edirlər”.

Dövlətimizin başçısı üçtərəfli görüş zamanı Azərbaycanın haqlı mövqeyini ortaya qoyaraq, konstruktivlik nümayiş etdirdiyini diqqətə çatdırıb: “Azərbaycan müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması işində bu 1 il ərzində maksimum konstruktivlik nümayiş etdirib. Hesab edirəm ki, kommunikasiyaların açılmaması icra olunmamış əsas məsələlərdən biridir. Çünki ötən ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın bütün bəndləri demək olar ki, yerinə yetirilib. Düşünürəm ki, üçtərəfli görüşdə bu mövzu, həmçinin Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən olunması məsələsi müzakirə olunacaq. Biz Rusiyanın bu məsələdə dəstəyini, o cümlədən məsləhətçi qismində rolunu yüksək qiymətləndiririk. Azərbaycanla Ermənistan arasında sərhədlər delimitasiya olunmayıb. Ona görə də biz dəfələrlə açıq şəkildə bildirmişik ki, sərhədlərin təxirə salınmadan delimitasiyasına başlamağa hazırıq. Biz həmçinin, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşu kimi yaşamağa təşviq etmək üçün Ermənistan tərəfinə sülh müqaviləsi üzərində işə başlamağı açıq şəkildə təklif etmişik”.

Soçi görüşü Ermənistanın postmüharibə dövründəki təxribatlarının iflasa uğradığının və məğlub ölkənin çıxılmaz duruma düşdüyünün etirafı kimi də qəbul oluna bilər. Ermənistan rəhbərliyi, nəhayət, başa düşdü ki, Azərbaycanı hərbi ritorika ilə hədələmək onlara heç nə qazandıra bilməz. Əksinə, bu kimi təxribatlar onsuz da uğursuzluq girdabında çabalayan Ermənistan üçün daha böyük faciələr gətirə bilər. Xüsusən, sərhədyanı ərazilərdə törədilən son hərbi təxribatlar Ermənistanın acizliyini, Azərbaycanın isə gücünü və iradəsini növbəti dəfə nümayiş etdirdi. Beləliklə, artıq Ermənistanın danışıqlara cəlb olunmaqdan başqa bir çarəsi yox idi.

Görüşün Rusiyanın vasitəçiliyi ilə baş tutması isə öz növbəsində 10 noyabr Bəyanatında yer alan müddəaların yerinə yetirilməsinə, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı sürəcə əlavə impuls verəcək. Soçi görüşünün nəticələrindən ümidlər isə çox böyükdür.

Qeyd olunanlar fonunda bu ümumiləşdirmə aparılır ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələrini quran Azərbaycan ədalətli mövqeyi ilə beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirir.  Prezident İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşü iki ölkə arasında bütün sahələr üzrə məhsuldar əməkdaşlıq əlaqələrinin, strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edir.

“İki sahil