Şöbə müdiri: “8 ayda 6500 insanı heyvanlar dişləyib”

0
348

“Bu ilin 8 ayı ərzində Azərbaycanda 6500 insanı müxtəlif heyvanlar dişləyib”. Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova deyib. Şöbə müdiri qeyd edib ki, onlardan 90 faizini it, digər 10 faizini isə digər heyvanlar dişləyib: “Qeydə alınan heyvan dişləmələri nəticəsində insanlarda quduzluq xəstəliyi olmayıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə heyvan dişləmələrinin sayında artım qeydə alınmayıb”. Heyvan dişləmələrin 99 faizinin vaksinasiya kursu ilə müalicə olunduğunu deyən R.İsmayılova vurğulayıb ki, insanlar çox vaxt dərin yaralar olanda həkimə müraciət edirlər: “Lakin insanlar heyvanlar tərəfindən kiçik cızıqlar, yaxud tüpürcəklənmə halı olduqda həkimə müraciət etmirlər. Qorxulu hal da elə budur. Çünki kiçik cızıqlarda belə nəticə ürəkaçan olmaya bilər. Ona görə də bu halda da mütləq həkimə müraciət edilməlidir. Xüsusilə də qeyd edim ki, quduzlaşmış heyvanın cızması və hər bir hərəkəti təhlükəlidir”.Report