Sizin sözünüzə inanım, yoxsa?..

0
599

(“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədova məktub)
– Ay Arif müəllim, ay başına dönüm, sizə dəfələrlə mesaj göndərdim ki, “Neftçi”dəki o postunuzdan, yəni baş məşqçilikdən uzaqlaşın. Səbəbini də izah etmişdim: artıq neçə oyundur ki, əliniz gətirmir, azarkeşlər də dilə gəlirlər. Üstəlik, klubun rəsmiləri altdan-altdan iş görürlər, yerinizə adam axtarırlar. Amma siz Arifə belə işarələr bəs etmədi ki… Halbuki dədələrimiz arifə bir işarə yetər demişlər… Görünür siz o ariflərdən deyilmişsiniz. Odur ki, oynamaqda davam etdiniz. Bir sözlə, siz mənə qulaq asmadınız, kimlərinsə fikri ilə oturub-durdunuz. Əliniz gətirməyən hər oyundan sonra da dediniz ki, bəs mən əsas gücümü kuboka saxlamışam, o “xod” gedən “Qarabağ”a dağ çəkəcəyəm, buna görə bürünc medalları kuboka qurban verməyə dəyər.
Di gəl, kubokun final oyununda da bir əməlli-başlı oyun göstərə bilmədiniz. Odur ki, Müşahidə Şuranız heç Qəbələdən ayrılmamış sizin qələminizi qırdı. Nəticədə əksər idman saytları bundan xəbər tutan kimi qələminizin qırılmağını sizin “Neftçi”dən qovulmağınız kimi yozdular və hətta yazdılar da… Elə bu “qovmaq” sözü ilə də sizi bir qədər alçaltdılar, hər halda mənə belə gəlir. (Görəsən, bu idman yazarları niyə yerli-yersiz belə ifadələrdən istifadə edirlər? Niyə belə ifadələr işlədəndə hərdənbir izahlı lüğətimizə baxmırlar?) Bu yersiz ifadə, yəni “qovuldu” ilə öz fikirlərini bəyan edənlərə “ayıb olsun” deyərək bildirmək istəyirəm ki, əslində belə gedişə siz özünüz şərait yaratdınız…
Axı belə məqamlarda məşqçilər oyunçularının təri qurumamış, rəhbərliyin hirsi soyumamış, azarkeşlərin qazı qaçmamış, bir qayda olaraq, istefaya getdiklərini bəyan edirlər. Siz isə nədənsə heç buna cəhd də etmədiniz. Elə bildiniz ki, bu mövsümdə titulsuz qalmış “Neftçi”, yaxud onun başbilənləri başınıza əl çəkəcək. Kimə, nəyə arxayın idiniz axı, ay Arif müəllim? Halbuki elə oyundan sonra, daha doğrusu, Müşahidə Şurasının qərarından əvvəl belə bir addım atsaydınız, bu, “Neftçi”sevərlər tərəfindən daha yaxşı qarşılanardı. Heç olmasa, adınız könüllü istefa verənlərin siyahısına düşərdi. Amma siz belə bir atmamaqla özünüzü urvatdan salmağa çalışdınız.
Final oyunundan 3 gün sonra isə ərz etdiniz ki, “bəs ay futbolsevərlər, burada (“Neftçi”də-red.) mövsümü titulsuz başa vurursansa, getməlisən, kubokun finalından sonra bu addımı atacaqdım. Sadəcə matçdan sonra mətbuat konfransı olmadı, elə bu səbəbdən susdum”. Ay Arif müəllim, axı siz kimi aldadırsınız, məgər hər şeyə görə mətbuat konfransı lazımdır? Oradakı jurnalistləri başınıza yığıb elə bircə dəfə “istefa” kəlməsini dilinizə gətirsəydiniz, bu kifayət idi də… İndən belə nala-mıxa vurmağınızın nə mənası var axı? Bu toydan sonrakı nağara təsiri bağışlayır axı? Məgər bilmirsiniz ki, belə nağaralar daha çox baş ağrıdır? Yəni demək istədiyim budur ki, sonradan belə açıqlama verməyinizin bir mənası yox idi. Çünki sizin bu sözlərinizə kimsə inanmayacaq. Bu sadəcə öz hərəkətinizə don geyindirməkdən başqa bir şey deyil. Amma siz hələ də israr edirsiniz ki, vallah, mən bu niyyətdə idim.
Bu yerdə aydın faktların olduğuna baxmayaraq, yenə də yalan danışmaqda davam edən adamlar haqqında yayılmış bir rəvayət yadıma düşdü. Qazı Mollanın evinə qonaq gəlir. Yeyib-içdikdən sonra evinə qayıtmaq üçün ayağa durarkən Molla nə üçünsə evə girməli olur. Bu vaxt qazı yanından keçən xoruzu tutur, tez başını üzüb onu əbasının altında gizlədir. Lakin xoruzun quyruğu əbanın altından kənarda qalır.
Molla qazını ötürmək üçün evdən bayıra çıxır, xoruzun quyruğunu görüb əhvalatı başa düşür və qazıdan xoruzun necə olduğunu soruşur. Qazı and içərək xoruzu görmədiyini deyir.
Molla qazını diqqətlə dinləyir, sonra xoruzun quyruğunu göstərərək deyir:
– Axı mən sənin içdiyin anda inanım, yoxsa xoruzun quyruğuna?
İndi onun sözü olmasın, ay Arif müəllim, mən sizin sözünüzə inanım, yoxsa “xoruzun quyruğuna”?

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here