“Sizin atanız əlil deyil a…”

0
502

Təxminən 20 il bundan əvvəl qızımın pianosu kökdən düşmüşdü. Onu nizamlamaq üçün uzun müddət usta axtarmalı olduq. Lakin bacarıqlı bir usta tapa bilmədik. Günlərin bir günü tanışlarımdan biri – Əhməd Qasımov (Allah rəhmət eləsin!) bu sahə üzrə öz işinin xiridarı olan Zaur adlı bir pianoçunu tanıdığını, hətta onunla dostluq etdiyini söylədi. Sevincək olduq, ondan həmin şəxsi bizə gətirməsini xahiş etdik. Ertəsi gün Əhməd dostu Zaurla bizə gəldi. Zaur piano arxasına keçərək işə başladı. 7-8 saatlıq gərgin işdən sonra o, pianonu lazımı səviyyədə kökləməyə nail oldu. Üstəlik, bir neçə mahnı da ifa etdi. Sonradan öyrədim ki, sən demə, Zaur dünya işığına həsrət imiş.

Bu günlərdə “Kökdən düşmüş piano” tamaşasına baxarkən birdən-birə Zaur bəy yadıma düşdü. Və ona zəng etmə fikrinə düşdüm. Sorağını Nərimanov rayonunda fəaliyyət göstərən Gözdən Əlil Uşaqlar üçün 38 saylı 11 illik musiqi məktəbindən aldım.

– Oxucularımıza sizi necə təqdim edək?

– Zaur Rəhim oğlu Rüstəmov. 1950-ci də Gəncədə anadan olmuşam. Atam Məşədi Zaman bəy oğlu olub. Dövrünün ziyalılarından olmuş atam Böyuk Vətən müharibəsi illərində Berlinə qədər döyüş yolu keçib. Onu da deyim ki, ata-anamın yeganə oğul övladıyam.

– Nə qədər acı olsa da, dünya işığına həsrət qaldığınızdan söz açmağınızı xahiş edirəm.

– Bəri başdan deyim ki, mən anadan sağlam doğulmuşam. 1960-də gözümdə xəstəlik, daha doğrusu, qlakuma (el arasında ona “qara su” deyirlər) əmələ gəldi. O zaman bu xəstəliyin əlacı yox dərəcəsində idi. Bakıdakı Göz İnstitutunda bir necə dəfə əməliyyat olunsam da, bir nəticə hasil olmadı. 1961-ci ildə məni Gözdən Əlillər Məktəbinə gətirdilər. 1964-cü ildə gözlərimin işığı tamam itdi. Belə bir vəziyyətə düşməyim, təbii ki, mənə pis təsir etdi. Bilirsinizmi, bir var, anadangəlmə dünya işığına həsrət qalmaq, bir də var, sonradan… Bunlar fərqli-fərqli şeylərdir. Yeri gəlmişkən, onu da deyim ki, anadangəlmə gözdən əlillər rəngləri təsəvvür edə bilmirlər. Mən isə bu gün də hər rəng haqqında tam dəqiqliyi ilə məlumat verə bilirəm. Yəni, rəng elə bir şeydir ki, anadangəlmə görməyən insanlara onu başa salmaq mümkün deyil. Kim bilir, bəlkə, mənim rənglərə belə aludə olmağım uşaqlıq arzumla bağlı olub. Axı mən rəssam olmaq istəyirdim. Bir də gözdən əlil insanlar, ümumiyyətlə, musiqiyə, səsə çox bağlı olurlar. Mən də meylimi musiqiyə, pianoya saldım.

– Niyə məhz pianoya?

– Əhməd Bakıxanovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansamblında Zaur Əliyev adlı bir pianoçu vardı. Mən onun pərəstişkarı idim. Elə onun ifa etdiyi mahnıların təsiri altında pianoçu olmaq arzusuna düşdüm və başladım bu musiqi alətinin sirlərini öyrənməyə… Özü də təkbaşına. Yəni, Zaura qulaq asırdım, sonra da dinlədiklərimi pianoda çalırdım. Beləcə, qısa müddətdə pianoda çalmağı öyrəndim. Üstəlik, atamdan xahiş etdim ki, Gəncəyə gedəndə mənə piano alsın ki, tətil dövrlərində məşğul olum. Hə, onu da deyim ki, məktəbimizdə bir piano vardı. Lakin məndən böyük uşaqlar ondan istifadə etməyə imkan vermirdilər. Buna baxmayaraq, fürsət tapan kimi həmin pianoda çalırdım. Hətta buna görə dərslərdən də qaçırdım. Az sonra ifamla özümdən böyük uşaqların rəğbətini qazandım. Beləcə, onlarla dostlaşdım. 1967-ci ildə musiqi məktəbinə daxil oldum. Burada notlu əsərlər ifa etsəm də, marağım muğama, xalq musiqisinə idi.

– Bu sahədə müəyyən uğurlara imza ata bildinizmi?

– 1968-ci ildə Bakıda gözdən əlil uşaqların iştirakı ilə keçirilən Zaqafqaziya Musiqi Festivalında “Şur” muğamını ifa edib birinci yerə layiq görüldüm. Münsiflər heyətinin sədri Oqtay Zülfüqarov haqqımda xoş sözlər dedi. 1969-cu ildə respublika üzrə keçirilən müsabiqədə isə “Bayatı-Şiraz” mənə ikinci yer qazandırdı. Məhz bu ifam Əhməd Bakıxanov kimi bir sənətkarla tanışlığıma vəsilə oldu. Hətta o, mənə ünvanını verərək evinə dəvət etdi. Evində çalğıma diqqətlə qulaq asdı. Sonra dedi ki, bəs bizim pianoçumuz Zaur Əliyev tez-tez xəstələnir, o olmayanda onu əvəz edərsən. Və beləcə məni ansambla dəvət etdi. İndiki kimi yadımdadır. Xalq artisti Zeynəb Xanlarovanın məşqi idi. Özü də AzTV-nin binasında. Həbib Bayramov, Zeynəb Xanlarova, Əliağa Əliyev, Arif Rəsulov, Musa Həsənov, Zaur Əliyev də orada idi. Mən də bir kənarda dayanıb məşqi izləməyə başladım. Fasilədə dedilər ki, bəs bu kimdir? Əhməd müəllim dedi ki, Zaur Rüstəmovdur. Zaur Əliyev olmayanda, pianinonu bu Zaur çalacaq. Bir mahnı çalmağımı xahiş etdilər, mən də “Segah” çaldım. Ardınca da Cahangir Cahangirovun “Ana” mahnısını ifa etdim. Mahnı başa çatar-çatmaz Zeynəb xanım göz yaşları içində məni qucaqladı. Bu tanışlıqdan sonra o, harada məni görsə idi, yaxınlaşıb hal-əhval tutardu. Yeri gəlmişkən, Zeynəb xanım böyük sənətkar olduğu kimi, həm də olduqca həssas insandır. Bir məsələni də qeyd edim: Əhməd müəllim mənim ifa etdiyim muğamların vurğunu idi. Bu barədə soruşanda o deyərdi ki, Zaur Əliyevdən fərqli olaraq, sən muğamları daha təmkinlə ifa edirsən. Beləcə, mən onun ansamblında 3-4 dəfə çıxış etdim.

– Bəs sonra nələr baş verdi?

– Günlərin bir günü piano arxasına başqa bir adam keçdi. Dedim, Əhməd müəllim, bəs demişdiniz, siz çalacaqsınız, bəs nə oldu? O, məni incəliklə başa saldı ki, bəs gözdən əlillərin ansamblda iştirakına icazə vermirlər. Təbii ki, gözdən əlilə olan belə “sovet qayğısı” məni möhkəm sarsıtdı. Beləcə, 1972-ci ildə pianodan uzaqlaşmalı oldum. Bir müddət sonra toylara getməyə başladım. Gah qarmon çalırdım, gah da ionika. Onu da deyim ki, respublikamızın əksər bölgələrinin toy məclislərində iştirak etmişəm. Xüsusi çağırışlarla Gürcüstan, Ermənistanda keçirilən məclislərə qatılmışam. İnsafən, yaxşı da qazanırdım. 1999-cu ildə tarzən Məmməd Ağasıyev “Qönçə” ansamblı təşkil etdi. Günlərin bir günü o mənə dedi ki, torpaqlarımızı qəsb etmiş ermənilər indi də musiqimizə göz dikiblər. Bir də indi sənin kimi iki əllə pianonu dilləndirən yoxdur, gəl bizim ansambla, sənə ehtiyacımız var. Sözün düzü, onun xatirinə təklifi qəbul etdim. O ansamblda 2001-ci ilə kimi işlədim. Sonradan Əhməd Bakıxanov adına Xalq Çalğı Alətlərinin rəhbəri Xalq artisti Möhlət Müslümov məni gördü və yenidən ansambla dəvət etdi. Elə o vaxtdan Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının tərkibindəyəm. Onu da deyim ki, ən böyük arzum bu ansamblda çalışmaq olub.

– Sizin üçün piano nədir?

– Unutmayın ki, ansamblda bütün alətlərdən iki-üç dənə olur, amma piano bir dənə olur. Piano həm gözəllik, həm harmoniya yaradır. Çünki piano bir ansamblı, bir orkestri əvəz edir. Çox təəssüf ki, bu gün pianoların əksəriyyəti kökdən düşüb. Piano ki, kökdən düşdü çalmaq olmur. Pianoda 400-500 sim var, bunlar hamısı köklənməlidir. Kök düz olmayanda o, insana ləzzət eləmir. Onun köklənməyində zərgər dəqiqliyi tələb olunur. Sovet vaxtı Bakıda çoxlu piano kökləyən ustalar vardı. Onlar pianinonu çox dəqiq kökləyərdilər. Əməkdaşlıq etdiyim Lev Sergeyeviç vardı, onu hətta xarici ölkələrə dəvət edirdilər. O, 1993-cü ildə Moskvaya köçdü. Boris adlı biri də var idi.

– Bəs siz piano kökləməyi kimdən öyrənmişdiniz?

– Həmin o dediyim Borisdən. O da gözdən zəif idi. Amma mən bu işlə peşəkar kimi məşğul olmamışam. Sadəcə, dost-tanışların pianolarına əl gəzdirmişəm. Onu da deyim ki, bu işlə məşğul olan insan gərək içki içməyə, siqaret çəkməyə. Çünki onların hər ikisi insanın həm eşitmə, həm də görmə qabiliyyətlərinə mənfi təsir edir.

– Bakı şəhəri gündən-günə inkişaf edir, dəyişir. Bütün bunlar sizin üçün hansı çətinliklər yaradır?

– Guya indi şəhərdə sağlam adamlar maşın əlindən tərpənə bilirlər? Nə isə… Əvvəllər şəhərdə maşın az idi. Küçələrdə, meydanlarda gündəlik dəyişikliklər olmurdu. Gözdən əlillər bir qədər rahat yeriyə bilirdilər. İndi çox çətindir. Hətta bəziləri maşınları səkilərlə sürürlər. (Ancaq xaricdə: məsələn, İngiltərədə əlillər üçün üçün xüsusi şəhərcik var. Yəqin, nə vaxtsa bizdə də olar). İnsafən, indi bu sahə üzrə müəyyən işlər görürlər. Məsələn, şəhərdə gözdən əlillələrin də istifadə edə biləcəkləri svetoforlar quraşdırılıb. Həmin işıqforlarda səsli göstəricilər fəaliyyət göstərir ki, bununla da əlillər yoldan sərbəst keçə bilirlər. Amma metroya daxil olmaq, kartların tərtibatında əlillərin anlaması üçün qabarıq hərflərdən istifadə edilməməsi kimi problemlər mövcuddur.

Çox arzulardım ki, gözdən əlillər təkcə təqaüdün ümidinə qalmasınlar. Onlar üçün yeni iş yerləri açılsın. Unutmayın ki, sağlam adam işsiz qalanda necə darıxırsa, əlillər də eləcə darıxırlar. Üstəlik, ikiqat… Yeri gəlmişkən, eşitdiyim, duyduğum budur ki, son illər Azərbaycan çox sürətlə inkişaf edir. Təbii ki, Prezidentimizin həyata keçirdiyi islahatlar sayəsində. Bu mənada ondan razıyam. Elə ötən ilin oktyabrında keçirilmiş seçkilərdə də ona səs vermişəm. Hazırda çalışdığım bu məktəbi də 2009-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva təmir elətdirib. Uzun illər idi ki, məktəbimizdə şəraitsizlikdən əziyyət çəkirdik. Bir sözlə, son illər cəmiyyətimizdə sağlamlıq imkanları məhdud insanların rahat həyat sürmələrini təmin etmək məqsədilə bir çox layihələr, dövlət proqramları həyata keçirilir. Təkcə gözdən əlil vətəndaşların məşğulluq, işsizlik, sosial adaptasiya, mənzil şəraitsizliyi kimi ümumi problemlərinin həlli istiqamətində bir çox əhəmiyyətli layihələrə imza atılır. Hazırda gözdən əlillər üçün Nərimanov rayonunda yaşayış binası da inşa olunur. Yeri gəlmişkən, Gözdən Əlillər Cəmiyyətini sədri Səmyar Abdullayev də əlillərə həmişə qayğı ilə yanaşır, onların problemlərinin həllində hər zaman yardımçı olur.

– Hazırda sizlərə hansı güzəştlər tətbiq olunur?

– Demək olar ki, heç bir güzəştimiz yoxdur. Yəni mən də sizin kimi qaz, su, işıq pulu, nəqliyyatdan istifadə etdikdə isə gediş haqqı verirəm. Odur ki, hərdən evdə uşaqlara zarafatla deyirəm: sizin atanız əlil deyil a… Mən bu kimi şeylərdən şikayətçi deyiləm.

– Adi vətəndaşlar siz əlillərin qəlbinə toxunurlarmı?

– Əlilin xətrinə dəyməyə nə var ki? Bizə “kor” deyəndə özümüzü təhqir olunmuş sayırıq. Belələri unudur ki, kor bir işə yaramayana deyilir. Bilirsinizmi, gərək insan daxilən kor olmaya. Bəzən deyirlər ki, sağlam bədəndə sağlam ruh olar. Bu fikirlə də razılaşmıram. Çünki belə çıxır ki, insanın bədəni fiziki qusura məruz qalıbsa, onda sağlam ruh ola bilməz.

– Gözdən əlillər necə yuxu görürlər?

– Əvvəla, onu deyim ki, hər adam yuxu görür. Amma bizim yuxular digərlərinin yuxularından fərqlənir. Belə ki, biz yuxumuzda, əgər belə demək mümkünsə, görüntüsüz səslər eşidirik. Yəni şəxsən mən sizi indi necə duyuramsa, elə yuxuda da eləcə “görürəm”.

– Həyatınızdan bezdiyiniz anlar olub?

– Yox. Amma ürəyimdə bir nisgil olub, kaş övladlarımın, nəvələrimin üzünü görəydim. (Yeri gəlmişkən, 4 övladım, 3 nəvəm var). Bilirsinizmi, mənim əhatə dairəm həmişə geniş olub. Dostlarımın, tanışlarımın sayı-hesabı yoxdur. 30 ildən çoxdur ki, Gözdən Əlil Uşaqlar üçün 38 saylı 11 illik musiqi məktəbində dərs deyirəm, ansamblda çalışıram. Fikrimcə, belə insanların əhatə dairələri nə qədər geniş olsa, o qədər yaxşıdır. Mən öz həmdərdlərimə də deyirəm ki, həmişə təmiz geyinməyə, dilinizi şirin etməyə çalışın.

– Hərdən düşünürsünüz ki, Allah, mən niyə belə oldum?

– Yox… Mən Allaha qarşı heç vaxt üsyan etməmişəm. Belə bir şey günahdır. Lap uşaqlıqdan Allahın adı dilimdən düşməyib. Allah məni heç vaxt darda qoymayıb. Heç ata-anaya da üsyan etmək olmaz. Övladlarıma məsləhət verəndə də deyirəm ki, elə insanlarla dostluq edin ki, o ata-anasına, Allaha hörmət qoyur. Ana-bacısına, arvad-uşağına hörmət qoymayan adamla oturub durmayın, dostluq etməyin. Elələrini nə evinizə gətirin, nə də evlərinə gedin.

– Kimlərəsə həsəd aparmısınız?

– Yox. Həsəd paxıllığa bərabər bir şeydir. Ancaq Zaur Əliyevə bir sənətkar kimi qibtə etmişəm.

– Deyirlər, gözdən əlillərin hissiyatı güclü olur, bu düzdür?

– Bəli, ancaq anadangəlmə gözdən əlillərdə hissiyyat sonradan gözdən əlil olanlardan daha güclü olur.

– İndi texnika əsridir. Zəmanə ilə ayaqlaşa bilirsinizmi?

– Bizim uşaqlar kompyuteri gözəl bacarırlar. Telefonla mesaj yazırlar. Təbii ki, səsli proqram əsasında. Zəngin kitabxanamız var. Şəxsən mən bu yaxnılarda Vidadi Babanlının “Bulanlıq dünyam” romanını oxumuşam. Tarixi əsərləri (“Xudafərin körpüsü”, “Çaldıran döyüşü”, “Qanlı illər”, “Difailər”) çox sevirəm.

– Daha nə demək istərdiniz?

– Bir dəfə Xanım İsmayılqızı haqqımda kitab yazmaq istədi, amma razı olmadım. Dedim ki, gözdən əlillər haqqında yazın. Sözümü yerə salmadı. Nəticədə o, gözdən əlil tarzəndən, qarmonçalandan, müəllimdən və digər sənət sahiblərindən yazaraq “Ruhun da gözü var” adlı kitab ərsəyə gətirdi. Həmin kitabda göz işığını itirmiş, amma son dərəcə maraqlı dünyası olan insanların dünyagörüşü, psixologiyası və daxili aləmi öz əksini tapdı. Bilirsinizmi, niyə belə etdim? Heç kim əlillikdən sığortalanmayıb… Hər bir sağlam insan əlilliyə potensial namizəddir. Qoy o kitabı oxuyanda görsünlər ki, necə insanlar var. Qoy həmin kitabı oxuyan valideynlər kədərə batmasınlar ki, gözdən əlil övladımızın taleyi necə olacaq?

Qvami Məhəbbətoğlu