Siyasətdə sadiqlik olanda…

0
61

Ərazi bütövlüklərinin pozulmasından əziyyət çəkən Azərbaycan və Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri günün tələbləri səviyyəsindədir. Son 15 ildə əlaqələrin inkişafında yeni keyfiyyət dəyişiklikləri də baş verib. Belə ki, bu illərdə xüsusən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Cənub Qaz Dəhlizinin inşası əlaqələrin strateji səviyyədə yüksəlməsini təmin edib. Şübhəsiz, dövlət rəsmilərinin müxtəlif vaxtlarda qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar çoxtərəfli əməkdaşlığımızın daha da dərinləşməsinə öz müsbət təsirini göstərib. Bu əməkdaşlıq qarşılıqlı faydalı xarakter daşıyaraq xalqlarımızın və dövlətlərimizin maraqlarına xidmət edir. Bir sözlə, Qafqaz regionunun iki dost dövləti olan Azərbaycan və Gürcüstan həmişə bir-birinin yanındadır və bir-birini dəstəkləyir. Şübhəsiz, hər bir xalqın, dövlətin rifahı, tərəqqisi yaxın və uzaq ölkələrlə dostluqdan, qarşılıqlı inam və etimaddan çox asılıdır. Bu mənada Azərbaycan və Gürcüstanın tarixi dostluq əlaqələrinin çağdaş dönəmdə daha da güclənməsi təqdirəlayiqdir.

Bu yaxınlarda Gürcüstan Azərbaycana olan sadiqliyini, etimadını bir daha nümayiş etdirib. Belə ki, rəsmi Tbilisi Rusiya və Serbiyadan Ermənistana göndərilən silahların ölkə ərazisindən tranzit kimi istifadə edilərək keçirilməsinə imkan verməyib. Bunu həm də iki ölkənin  dostluğunun, qardaşlığının nümunəsi kimi xarakterizə etmək olar. Gürcüstan hökumətinin bu fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakından sonra yerli televiziya kanallarına müsahibəsində bir daha vurğulayıb ki, bu məsələdə Gürcüstan özünü çox etibarlı tərəfdaş və dost kimi aparıb. Çünki Gürcüstan yaxşı bilir ki, Ermənistan Azərbaycana qarşı hərbi təcavüz edib və bu siyasətini öz havadarlarının köməyi ilə davam etdirir. Həmin  silahlar da dinc əhaliyə tuşlanmaq məqsədi ilə işğalçı ölkəyə daşınır.

Şübhəsiz, belə dostluq, belə tərəfdaşlıq işğalçı ölkəni narahat edir. Odur ki, Ermənistan və Gürcüstanda yaşayan ermənilər, eyni zamanda, gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar.

Prezident həmçinin bildirib ki, Ermənistan Gürcüstana qarşı da səmimi münasibət göstərmir. Belə ki, onlar gürcü kilsələrinə əsassız iddialar edirlər, yaşadıqları bölgədə tarixi abidələri erməniləşdirirlər. Hətta orada Gürcüstanın dövlət rəmzlərinə lazımi hörmət göstərmirlər:  “Eyni zamanda, Ermənistan BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstanın əleyhinə səs verib. Ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə olub.” Amma Azərbaycan isə bütün dövrlərdə Gürcüstanın yanında olub. Üstəlik, bütün beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyü ilə əlaqədar birmənalı mövqe göstərib. Bu mənada Gürcüstan xalqı kimin onun dostu, kimin də onun düşməni olduğunu yaxşı bilir.

Onu da bildirək ki, müstəqilliyin ilk illərində istər Azərbaycan, istərsə də Gürcüstan separatçıların törətdikləri münaqişələrə məruz qalıblar.  Ancaq belə mürəkkəb vəziyyətdə də Azərbaycan və Gürcüstan müəyyən siyasi dairələrin müdaxilə cəhdlərinə baxmayaraq, real tərəfdaşlıq münasibətlərinin inkişafına yönəlmiş addımlar atmaqdan çəkinməyiblər və həmin inkişaf tendensiyası bu gün də davam etdirilir.

Bəli, tarixən bir-birinə dost olan Azərbaycanla Gürcüstan arasında dostluğun və əməkdaşlığın daha da möhkəmlənməsi bütövlükdə region üçün olduqca önəmlidir. Çünki regionda Ermənistan işğalçılıq siyasəti aparır, terrora dəstək verir, təhlükəsizliyə təhdid yaradır. Bu baxımdan ərazilərində işğalın olmasına baxmayaraq, bu gün sabitlik adaları kimi tanınan Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın möhkəmləndirilməsi və hər iki dövlətin birgə fəaliyyət göstərməsi region üçün mühüm əhəmiyyət kəsb edir. Müşahidələr göstərir ki, hər iki ölkə bu missiyanı uğurla davam etdirməkdə israrlıdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”