Sirr kimi gizli qalan xəstəlik

517
Qaraciyər sirrozundan əziyyət çəkənlərdən biri də İsrəfilov Nurlan İsabala oğludur. Qəribədir ki, uzun illər valideynləri onu müxtəlif xəstəliklərdən müalicə etdirsələr də qaraciyər serrozu diaqnozu bu yaxınlarda dəqiqləşib. 
Axşam saat 21 radələri olardı, işdən evə yenicə çatmışdım ki, mobil telefonuma zəng gəldi. Tanımadığım yaşlı bir qadın ağlaya-ağlaya ATV telekanalında yayımlanan xeyriyyə proqramlarından birinə çıxmaq istədiklərini söyləyirdi. Telefonumu həmin qadına verən şəxs mənim bir jurnalist kimi dəstək ola biləcəyimi deyibmiş. Qadın o qədər həyəcanlı və kədərli danışdı ki, nə deyəcəyimi bilmədim və razılaşdım. Daha doğrusu, köməklik etməyə çalışacağımı söylədim. Səhərisi gün həmin yaşlı qadın və həyat yoldaşı taksi ilə rayondan – Zərdab rayonunun Məlikli kəndindən Bakıya gəldilər və biz telekanalın qarşısında görüşdük. Məlum oldu ki, mənimlə telefonda danışan qadın İsrəfilova Qalinadır və onun oğlu, 1980-ci il təvəllüdlü İsrəfilov Nurlan İsabala oğlu qaraciyər sirrozundan əziyyət çəkir. Qəribədir ki, Nurlan müxtəlif vaxtlarda İranda, Azərbaycanın müxtəlif xəstəxanalarında mütəmadi müalicə olunub, amma ona dəqiq diaqnoz qoyan olmayıb. Q. İsrəfilova dedi ki, xeyriyyə verilişinə çıxmaq istəməkdə isə məqsədləri imkanlı insanlardan yardım istəmək, onlar dəstək göstərərlərsə, oğlunu əməliyyat etdirməkdir. Qeydiyyata yazıldıq və belə məlum oldu ki, verilişə çıxmaq yaxın vaxtlarda mümkün olmayacaq. Çünki siyahıda hələ çox adam var. Doğrudan da müxtəlif xəstəliklərlə əlaqədar bu verilişə üz tutan çoxlu sayda imkansız adam var idi. Əksəriyyəti də rayonlardan gəlmişdilər.

Nurlanın valideynləri geriyə – rayona qayıtdılar. Bir neçə gün sonra onlar Nurlanı yenidən Bakıya həkimə gətirdilər – bəlkə qaraciyər sirrozu diaqnozu səhv olar ümidi ilə. Ancaq yenidən analiz veriləndən sonra həkimlər eyni diaqnozu təsdiq etdilər – qaraciyər sirrozu. Hazırda Nurlan İsrəfilov ağır vəziyyətdə Bakıda Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasına yerləşdirilib. Həkimlərin dediyinə görə, onun qaraciyərinin dəyişdirilməsi üçün 50 min manat, üstəlik donor lazımdır. Atası İsabala İsrəfilov oğluna öz qaraciyərini verməyə hazır olduğunu söyləyir. Ən böyük istəyi isə əməliyyat üçün lazım olan məbləğin toplanmasıdır. Artıq onlar bununla bağlı Prezident İlham Əliyevə məktubla müraciət ediblər.

Qəribədir ki, onun valideynləri bununla bağlı yaşadıqları rayonun İcra Hakimiyyətinə, Səhiyyə Nazirliyinə müraciət ediblər, aldıqları cavab isə belə olub: bunun üçün maliyyə imkanımız yoxdur. Doğrudanmı dövlətimizin bu cür ağır xəstələrə dəstək olmaq, sahib çıxmaq imkanı yoxdur? Niyə belə ağır xəstəliklərlə üzləşən insanların yaxınları düşüb qapı-qapı insanlardan pul yığmalıdırlar, bəs Səhiyyə Nazirliyi, bəs dövlətimizin maddi imkanları? Müxtəlif layihələrə milyonların xərcləndiyi bir ölkədə bu nə dərəcədə insaflıdır?

İndi isə keçək qaraciyər sirrozunun yaranma səbəblərinə. Necə olur ki, insanlar əməliyyatı çox ağır və bahalı olan bu xəstəliyə tutulurlar? Ondan əvvəlcədən xəbər tutmaq mümkün deyilmi? Nurlanın atası İsabala İsrəfilov deyir ki, oğlu 1983-cü ildən 2004-cü ilə qədər ağciyərindən, bronxundakı problemlərdən müalicə olunub. Son iki ildə isə qaraciyərindən müalicələr başlayıb: “Həkimlər deyirdilər ki, qaraciyərində böyümə var, dalağı şişib və s. 3 dəfə İranda olduq, dedilər ki, damarı genişlənib. Müalicələrə nə qədər pul tökmüşük, Allah bilir. Uzun-uzadı müalicələrə baxmayaraq, həkimlər onun qaraciyər sirrozu olduğunu bilmirdilər. Nəhayət, bu yaxınlarda açıqlamalarını “Zaman-Azərbaycan”dan tez-tez oxuduğunuz həkim-qastroenteroloq Habil Hüseynov onun qaraciyər sirrozu olduğunu müəyyənləşdirib…

“Bu gün dünyada olduğu kimi, Azərbaycanda da hepatit B və hepatit C virusları, o cümlədən onların ağırlaşması nəticəsində yaranan qaraciyər sirrozu və qaraciyər xərçəngi geniş yayılıb”. Bunu isə Respublika Diaqnostika Mərkəzinin (RDM) həkim-qastroenteroloqu Arzu Yusifova hepato-qastroenterologiyaya həsr olunan beynəlxalq seminarda çıxışı zaman deyib. Bu gün Azərbaycanda qaraciyər sirrozundan əziyyət çəkənlərin statistikasının aparılmamasına təəssüflənən A. Yusifova bildirib ki, adətən, hepatit virusları müalicə olunmadıqda qaraciyər sirrozu, qaraciyər sirrozu müalicə olunmadıqda isə qaraciyər xərçəngi yaranır. Respublika Diaqnostika Mərkəzinin həkim-qastroenteroloqunun sözlərinə görə, hepatit B və C virusları insanlara tibbi müəssisələrdə yetərli qədər sterilizasiya olunmayan alətlər vasitəsilə keçir. Hepatit B, adətən, narkotik vasitə istifadəçilərində, qorunmamış cinsi əlaqələr nəticəsində yaranır, hepatit C virusu isə insana bu virusu daşıyan donorun qanı vasitəsilə də ötürülür: “Bir çox hallarda xəstənin bunlardan xəbəri olmur və qaraciyər sirrozuna yoluxur. Bu xəstəliklərin müalicəsi var. Əgər onlar vaxtında müalicə olunarsa, qaraciyər sirrozu yaranmaya bilər”.  A. Yusifova qeyd edib ki, insanlar alkoqollu içkilərdən çox istifadə etdikdə də qaraciyər sirrozu və qaraciyər xərçəngi yaranır. Amma bəzi hallarda bu xəstəliklərin yaranmasında genetik faktorların da rolu böyük olur. Bəzən insan hepatit virusuna yoluxmadan, alkoqollu içkilərdən istifadə etmədikdə belə, qaraciyər xərçənginə mübtəla olur: “Bunda da yalnız genetik faktor rol oynayır. Azərbaycanda qaraciyər xərçəngi daha çox müalicə olunmayan hepatit viruslarının fəsadları olaraq yaranır”. Həkim-qastroenteroloqun sözlərinə görə, Azərbaycanda insanlarda qaraciyər xərçəngi, əsasən, bu virusların müalicəsinə gec başlanılması və qaraciyər sirrozunun uzun müddət davam etməsinin nəticəsində yaranır. A. Yusifova deyib ki, bu gün Azərbaycanda hepatit virusları hepatit B və hepatit C, o cümlədən onların ağırlaşması nəticəsində yaranan qaraciyər sirrozu və qaraciyər xərçəngi geniş yayılıb.

 

Nicat İntiqam