Şirməmməd Hüseynov: “Jurnalistlərin isə birinci vəzifəsi günlərin tarixini yazmaqdır”

464

Bu gün Azərbaycan mətbuatının ağsaqqalı, milli mətbuat tariximizin yorulmaz araşdırmaçısı, Bakı Dövlət Universitetinin müəllimi, professor Şirməmməd Hüseynovun 92 yaşı tamam olur.
BakiPost.az-a danışan Şirməmməd Hüseynov doğum gününü ailəsi ilə birgə qeyd edəcəyini deyib: “Ad günümü təntənəli şəkildə keçirmək fikrim yoxdur. Qızlarım, nəvələrim və nəticələrimlə birgə evdə qeyd edəcəyəm. Hazırda işləyirəm. Bu gün tələbələrim də daxil olmaqla xeyli sayda insan məni təbrik elədi. Tələbələrimin hamısı mehribandır. Onlardan şikayət edə bilmərəm. Hər zaman məni yad edirlər. Hamısı sağ olsun”.
Ş. Hüseynov səhhətində heç bir problem olmadığını deyib: “Hazırda işləyirəm. İnsan ruhən sağlam, xeyirxah olanda və heç bir intriqa ilə məşğul olmayanda rahat olur. O zaman işləmək də çox yaxşı olur. Mən istəyirəm ki, heç olmasa hamı mənim qədər yaşasın”.
Gənc jurnalistlərə də məsləhətlər verən professor qeyd edib ki, jurnalistlər gərək günün tarixini görələr: “Alimlər illərin tarixini yazır. Jurnalistlərin isə birinci vəzifəsi günlərin tarixini yazmaqdır. Bunun üçün də jurnalistlər hadisələrin cərəyanını bilməlidir ki, bu gün bizim tariximizdə nə ilə qalacaq. Adamlar var ki, dünyaya gələndə canlı dəyirman kimi gəlir. Onlar millətinə və vətəninə xeyr vermək üçün gəlir”.
Şirməmməd Hüseynov hazırda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə hazırlaşdığını vurğulayıb: “Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir. Mən bu münasibətlə onu yaradan insanların irsini öyrənməklə məşğulam. Məmmədəmin Rəsulzadənin əsərlərinin 5 cildini buraxmışam. Hazırda isə Azərbaycan parlamentinin tarixini yazıram. 2 cild buraxmışam. İndi isə 3-cü cildi buraxmağa hazırlaşıram. Ayın axırında mətbəəyə təqdim edəcəyəm”.
Qeyd edək ki, Şirməmməd Hüseynov 1924-cü il dekabrın 17-də Şəkidə anadan olub. Böyük ömür yolu keçən Şirməmməd müəllim Azərbaycan tarixinin ən önəmli olaylarının canlı şahidinə çevrilib.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti var.
Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların arasında Ş.Hüseynovun adı ön cərgədə çəkilir.