Siqareti niyə tərgidə bilmirik?

32

Papirosum yana, yana…

 

Hər bir şüurlu insan – siqaret çəkən də, çəkməyən də onun zərərini bilir. Lakin bunu bilə-bilə uzun illər ondan əl çəkməyənlər olduqca çoxdur. Hansı “staj”lı siqaretçəkəndən onu niyə tərgitmədiyini soruşanda demək olar ki, hamısının cavabı təxminən belə olur: – İradəm çatmır, ona görə. Belə məlum olur ki, siqaretin tərkibindəki nikotin onu çəkənləri özünün aludəçisinə çevirir və asılılıq yaradır. Elə asılılıq ki, bir dəfə istifadə edənlər ömürlərinin sonuna qədər bu pis vərdişdən yaxa qurtara bilmirlər.

Siqaret sözü fransız dilindən götürülüb və onun qədim tarixi var. “Ciqarette” sözü bizim dilə kiçik siqar kimi tərcümə edilir. Qeyd edək ki, siqaret tütündən hazırlanır və siqaretin yaranmasına qədərki dövrdə insanlar tütün, siqar və papirosdan istifadə ediblər. Tarixdə ilk dəfə siqaretə bənzər bir şey haqqında Amerika hinduları fikirləşib. Belə ki, onlar tütünü samana, qamışa və yaxud da qarğıdalı yarpağına bükərək siqareti kəşf ediblər. Deyilənə görə, 1492-ci ildə Xristofor Kolumb Karib dənizindəki bir adada siqaret çəkən qoca bir hindu ilə görüşüb. Bir çox tarixçilər belə hesab edir ki, Kolumbun qoca kişi ilə görüşdüyü adanın adı Tabaqadır, yəni, bu söz “tabak” (“tütün”) sözünün ilkin formasıdır. Avropada isə belə hesab edilir ki, siqaret kütləvi şəkildə Krım müharibəsi dövründə (1853-1856-cı illər) yayılıb. Tarixçilərin qənaətinə görə, o vaxt müharibə zamanı rus və türk əsgərləri arada yaranmış fasilələrdə yaxa ciblərində saxladıqları tütünü barıt örtüyünə və yaxud qəzet parçasına büküb siqaret kimi tüstülədirmişlər. Bu adəti sonradan Krım müharibəsində türk əsgərlərdən ingilis və amerikan orduları da mənimsəmiş, daha sonra İngiltərədə siqaretin kütləvi istehsalına başlanmışdır. Onu da deyək ki, ilk siqaret fabriki də məhz Londonda açılmışdır. Siqaretin sürətli yayılması Amerikada 1880-ci illərdə siqaret istehsal edən maşınlar yaradılmasına səbəb olur və artıq bu sahə böyük bir biznes sahəsinə çevrilib.

Siqaretlərin istehsalında yeni növ tütünlərdən (məsələn, “Ağ Berli”) istifadə olunurdu. Bu siqaretlər filtirsiz istehsal olunub və papirosu xatırladıb.

İlk dəfə asbest filtrli siqaretlər tanınmış “Kent” markası tərəfindən İngiltərədə istehsal olunub. Daha sonra təkmilləşərək müasir filtr növləri yaradılıb. Yeni filtrlərə mentol da əlavə edilərək mentollu siqaretlərin istehsalına başlanılıb.

1847-ci ildə əllə bükülmüş türk siqaretlərinin satışı ilə məşğul olan məşhur “Philip Morris” şirkətinin əsası qoyulub. Şirkət 1902-ci ildə Nyu-Yorkda öz nümayəndəliyini yaratdıqdan sonra marketinqlə məşğul olmuş və “Marlboro” siqaretlərinin istehsalına başlamışdı. Siqaretlər əksəriyyət tərəfindən istifadə olunmağa başlanılıb və 1913-cü ildə R. Reynolds şirkəti “Camel” siqaretlərinin istehsalına başlayıb.

1920-ci ildən başlayaraq təkcə kişilər deyil, qadınlar da siqaret çəkməyə başlayıbar. 1939-cu ildə “American Tobacco Company” yeni marka – “Pall Mall” siqaretləri buraxıb və bundan sonra ABŞ-ın ən böyük tütün şirkətinə çevrilib. Reynolds bundan sonra “Winston” filtrli yeni marka siqaretlərinin istehsalına başlayır.

1940-1950-ci illər siqaret təsərrüfatının “qızıl” illəri hesab olunur.

Alimlər insan beyninin müəyyən nöqtələrinə nüfuz etməklə siqaret, alkoqol və ya narkotik kimi zərərli vərdişlərdən xilas olmağın mümkünlüyünü aşkara çıxarıblar.

Tədqiqatın subyektləri illərdir siqaret çəkən nikotin aludəçiləri olub. Bu insanların beynində aparılan araşdırmalar zamanı beynin bir-birilə əlaqəli müxtəlif hissələrində zədələnmələr aşkar edilib. Mütəxəssislər hesab edir ki, bu bölgələrdə aparılan dərin araşdırmalarla hər il dünyada milyonlarla insanın həyatına mənfi təsir göstərən asılılıqların müalicəsi xeyli asanlaşacaq.

Ümid edirik ki, zaman gələcək, tibb elmində zərərli vərdişlərin birdəfəlik yox edilməsi üçün tapıntılar və ya kəşflər ediləcək, insanları qorxulu xəstəliklərə düçar edən, onlarda asılılıq yaradan və ömrünü qısaldan “yaramaz”ın özünü yox edəcəkdir.

Vəli İlyasov, “İki sahil”