“Siqaret istifadəçilərində narkozdan sonra spazmalar yaranır”

1296

Xəyalə Sadıqova, Pənah Abdurrahmanlı.
Anestezioloq-reanimoloq, alqoloq uzm. dr. Kahraman Seyfidar suallarımızı cavablandırır.
– İnsanlar hansı ağrılarla bağlı alqoloqa müraciət etməlidirlər?
– Əsasən xroniki ağrılarla bağlı xəstələr daha çox müraciət edirlər. Xəstələr daha çox keçməyən bel ağrısı şikayəti ilə gəlir. Alqoloqlar əməliyyatdan sonra qalan ağrılara və ya bir neçə mütəxəssisə müraciət etsələr də ağrının səbəbi məlum olmayan şikayətlərə baxırlar.
– Bel ağrılarını yaradan səbəblər hansılardır?
– Əhalinin, demək olar ki, 70 faizi bel ağrısından əziyyət çəkir. Xüsusilə, 20-35 yaş arası insanlarda daha çox müşahidə olunur. Bunun da əsas səbəblərindən biri hərəkətsiz həyat tərzidir. Uzun müddət oturmaq, uzun müddət yatmaq və ya eyni hərəkət halında qalmaq bel ağrısını yaradan əsas faktorlardandır. Peşə xəstəlikləri dediyimiz kateqoriyaya bel və boyun ağrıları da daxildir. El arasında “yırtıq və ya qrija” deyilən bel yırtığı ağrının əsas səbəblərindəndir. Ümumiyyətlə, 3 aydan artıq davam edən ağrılar xroniki ağrı adlanır. Sinir mənşəli ağrılar daha çox olur. Bu da, öz növbəsində, xəstənin sosial həyatına mənfi təsir edir. Hətta bir çox hallarda bel ağrıları depressiyaya səbəb olur. Ona görə də bəzi xroniki ağrılarda biz xəstələrə antidepresant dərmanlar veririk. Xüsusilə, onkoloji xəstələrdə bu vəziyyət daha tez-tez rast gəlinir.
– Ağır yük qaldırmaq bel ağrısına yol aça bilir?
– Ağırlıq qaldırmaqdan əlavə, yanlış hərəkətdən yaranır desək, daha doğru olar. Hər hansı bir ağırlıq qaldırarkən balanslı şəkildə qaldırmaq, ağırlığın birtərəfli olmamasına diqqət etmək çox vacibdir. Bel insanda ən çox hərəkət edən bölgələrdəndir. Ağırlıq qaldırdığımız zaman ən çox yük bu nahiyəyə düşür. Burada həssas nöqtələr olduğundan ani hərəkət belə belin zədələnməsinə səbəb ola bilir. Məsələn, illərlə heç bir bel ağrısı olmayan insanda 40-50 yaşından sonra ani bir hərəkətlə şiddətli bel ağrısı yaranır. Bu zaman anamnez (yəni xəstəni dinləməklə) etməklə 75 faiz diaqnoz qoymaq mümkündür.
– Bel ağrıları xəstəliyinin digər oynaqlara təsiri varmı?
– Əlbəttə ki. Ağrılar beldəki patologiyalarla əlaqəli olur. Əgər sinirə təzyiq varsa, ağrı ayaqlara, bəzən barmaqlara, bəzənsə dizlərə qədər vura bilir. Və yaxud da diabet, onkoloji və ya müxtəlif qan xəstəliklərində problem sinirin özündə olur. Müayinələr heç bir patologiyanın olmadığını göstərir. Amma sinirin özündə qidalanma problemi olduğu üçün funksional normallıq pozulur və bel ağrısı bundan qaynaqlana bilir. Oynaq patologiyalarında isə ağrı ancaq bel nahiyəsində olur, ayaqlara vurmur. Lakin xəstədə bel yırtığı əmələ gəlibsə, ayaqlarda da ağrı müşahidə olunur.
– Bel ağrısından əziyyət çəkənlərə gün ərzində xüsusi idman hərəkətləri etmək tövsiyə olunurmu?
– Bəli. Lakin çox ağrısı olan xəstə üçün istirahət etməyi məsləhət görürük və bu müddətdə onu nəzarət altında saxlayırıq. Xəstənin vəziyyətindən asılı olaraq, ona gün ərzində 3-4 km yerimək, daha sonra isə üzmək faydalı olduğundan tövsiyə olunan fəaliyyətlər arasında yer alır.
– Anesteziya nədir?
– Anesteziya iki kəlmənin birləşməsindən yaranıb və “an” “yox olması, itməsi”, “estezi” isə “hiss” deməkdir. Yəni hissin itməsi, yox olması mənasını ifadə edir. Bu da insan yarandığı gündən bəri mövcuddur. Əvvəllər ağrını azaltmaq üçün hər vasitədən istifadə olunub. Belə ki, ağrı olan yeri sıxaraq, soyuq tətbiq edərək ağrını keyitməyə çalışıblar. Hazırda istifadə olunan anesteziya isə ümumi, lokal və regional keyitmə olaraq, 3 yerə bölünür. Lokal anesteziya, sadəcə, müdaxilə ediləcək yerin keyidilməsidir ki, bu, qısa müddətliyinə olur və yerli keyitmə adlanır. Regional anesteziya isə ayaqlarda, qollarda, əldə və ya diafraqmadan aşağı nahiyələrdə hər hansı cərrahi müdaxilə zamanı tətbiq olunur. Hətta bəzi yerlərdə regional keyitmə ilə ürək əməliyyatı belə olunur.
– Ümumi anesteziyanın orqanizmə nə kimi zərərləri var?
– Əvvəla, anesteziya bir dərmandır. Hər il tibb inkişaf edir və hər yeni çıxan dərmanın ən yaxşısı olduğu deyilir. Təbii ki, hər zaman çalışırıq xəstə üçün ən zərərsiz vasitələrdən istifadə edək. Məqsədimiz xəstənin əməliyyatdan sonra tez ayılması, ağciyər, ürək və beyin üzərində minimum zərərli təsirin olması və vasitələrin bahalı olmamasıdır. Elm adamları bunun üzərində çalışır, amma bu vasitənin nəticələri haqqında tam məlumat əldə etmək üçün 10-15 il, bəlkə də, daha çox zaman keçməlidir. Əvvəllər istifadə olunan dərmanların nəticəsinə baxdığımız zaman böyrək, qaraciyər, ürəyin ritminin pozulmasına təsir göstərdiyini görürük. Lakin hazırda istifadə etdiyimiz dərmanların zərərlərini minimuma endirmək üçün əvvəlcədən tədbir görürük. Əvvəllər xəstədə əməliyyatdan sonra anesteziyanın təsirində ürəkbulanma müşahidə olunurdu. İndi bunun qarşısını almaq üçün antiemetik dərmanlardan istifadə edirik. Qeyd edim ki, hər xəstəyə fərdi yanaşırıq.
– Yerli keyitmə ilə ümumi anesteziyanın zərərləri arasında fərq olurmu?
– Bəli, çox fərqi olur. Əvvəla, xəstə, sadəcə, bədəndən ibarət deyil. Buna görə də hər hansı cərrahi müdaxilə zamanı onun həm də psixoloji vəziyyəti nəzərə alınır. Deyək ki, xəstə uzadılıb və üzü maskalı bir neçə həkim onun hər hansı nahiyəsində cərrahi əməliyyat edir. Bu zaman xəstənin psixoloji vəziyyəti çox önəmlidir. Ona görə də xəstəyə yüngül sedasiya verilərək sakitləşdiririk. Anesteziyanın yerli və ya ümumi olmasından asılı olmayaraq, xəstə əməliyyat öncəsi hərtərəfli müayinə olunur. Hər hansı allergik xəstəliyi varmı, böyrəyində və ya ürəyində problemin olub-olmaması yoxlanılır. Çünki verilən dərmana bədənin reaksiyası dəyişə bilir. Bu həm lokal, həm də regional anesteziya üçün keçərlidir. Bu səbəbdən də biz hər xəstəni ümumi anesteziya olunacaq şəkildə hazırlayırıq.
– Anesteziyada yaş məhdudiyyəti varmı?
– Xeyr, burada heç bir məhdudiyyət yoxdur. Təcrübəmdə birgünlük körpə də əməliyyat olunub, 90 yaşından yuxarı da. İndiyə qədər heç bir problem yaşanmayıb, ümid edirəm ki, bundan sonra da olmaz. Buna görə də hər bir xəstə dəqiqliklə müayinə olunur və onun vəziyyətinə uyğun olaraq narkoz verilir. Təbii ki, bütün risklər, baş verə biləcək hallar haqqında xəstəyə və xəstənin yaxınlarına məlumat verilir. Ümumiyyətlə, xəstənin yaxınlarının razılığı olmadan biz heç bir şey edə bilmərik. Fövqəladə vəziyyət, həyati təhlükə istisna, təbii ki.
– Narkozdan ayılmayan xəstə anesteziyanın təsirilə, yoxsa əməliyyat olunan bölgədə hər hansı problem səbəbilə ayılmır?
– Cəmiyyətdə narkozdan ayılmadı deyə bir anlayış var. Lakin bizim verdiyimiz dərmanların müddəti bəllidir. Yəni nə vaxt yatıb, nə vaxt oyanacağı dərmanın dozasına görə əvvəlcədən müəyyən olur. Lakin ayılma müddəti bəzi hallarda uzana bilir. Bu da ağciyər və ya böyrək yetməzliyi səbəbilə baş verir ki, bu zaman xəstə reanimasiyaya yerləşdirilir. Lakin heç ayılmama kimi bir vəziyyət mümkün deyil. Olursa da, səbəb narkoz deyil. Bu da daha sonra araşdırıldığı zaman ortaya çıxır.
– Siqaret və spirtli içkidən istifadə edənlərə anesteziyanın gec təsir göstərdiyi deyilir. Bu doğrudur?
– Bəli. Xüsusilə, spirtli içki istifadəçilərindən biz bunu daha sıx görürük. Bunun üçün də anesteziyanın dozasını artırmalı oluruq. Ən çox problem siqaret istifadəçilərində yaşanır. Buna görə də, xüsusilə, həmin xəstələrdə xəstəliyi buna imkan verirsə, çalışırıq regional keyitmə yolu ilə əməliyyat edək. Çünki onsuz da ağciyərlərində, qaraciyərdə, damarlarda problem var. Buna görə də ümumi anesteziyadan mümkün qədər qaçırıq ki, ağciyər üzərinə əlavə yük olmasın. Bu insanlarda əməliyyatdan sonra öskürək, spazma, nəfəs darlığı halları ola bilir.
– Narkoz zamanı infarkt, insult baş verə bilirmi?
– Əməliyyatdan əvvəl xəstənin bütün orqanlarını tanımağa çalışırıq. Qaraciyər və böyrəyin fəaliyyəti hərtərəfli yoxlanılır. Ürəyində ritm pozğunluğu və ya xolesterinin yüksək olmasında şübhələniriksə, mütləq “exo” olunur. Bu cür xəstələrimizdə biz təzyiqi çox sala bilmirik. Çox saldığımız zaman infarkt və beyin işemiyasi ehtimalı yüksək olur. Əməliyyat müddətində ürək ritmi anbaan izlənilir. Və təzyiq nəzarətdə saxlanılır. Bununla yanaşı, xəstənin nə dərəcədə dərinlikdə yatdığını göstərən monitorinq aparatı mövcuddur ki, bu da xəstənin vəziyyəti haqqında məlumat verir.
– Astma xəstələri üçün anesteziya risk daşıyırmı?
– Təbii ki, bu xəstələr üçün də ağciyərdən deyil, damardan verərək total intravenoz anesteziya tətbiq edirik. Ağciyərə oksigendən və havadan başqa, heç bir qaz vermədən əməliyyata alırıq.