Sintetik insan

499

Bilmirəm, heç diqqət etmisinizmi, son zamanlar telekanallarımızda kosmetik malların reklamı xeyli artıb. Yaxın-uzaq, doğma-ögey ölkələrdən gəlmiş kosmetoloqlar hər iki cinsə aid vətəndaşlarımızın orasını-burasını kəsib, arzu etdikləri şəklə salırlar.
Təxmini hesablamalar göstərir ki, hazırda ölkəmizdə kosmetika sənayesinə, estetik cərrahiyyəyə xərclənən pullar ərzaq sənayesinə xərclənəndən dəfələrlə artıqdır. Tanınmışlar arasında elələri var ki, xroniki xəstə halına gəliblər, il ərzində bir və ya bir neçə dəfə bıçaq altına yıxılmalıdır. Bu əməliyyatlar neçəyə başa gəlir, bilirsinizmi?- Hər halda o pulla beş kasıbın çürüməkdə olan öd kisəsini çıxarmaq olar. Yaxud da bir müəllimin illik maaşının iki misli gedir o əməliyyata.

Hansı kanalı çevirirsən, kremlər, estetik əməliyyatlar, gel, silikon, pomada, nə bilim daha nələrin reklamı ard-arda düzülüb. Heç düşünürsünüzmü, insan nə qədər dəyişir, sintetik hala gəlir? Məsələn, xanım axşam yatağa girməzdən əvvəl başından parikini çıxarır, sonra kipriklərini açıb bir tərəfə qoyur, gözlərindən dəniz rəngli linzaları götürür, makyajını, gözünün “ten”ini, pomadasını yuyub, tamamilə başqa bir adam kimi yatağına girir. Təbii ki, bunlar hələ hamısı deyil, yəni şişirdilmiş dodaqlar və daha nələr, nələr də qalsın öz yerində.

Təxminən 3-4 il əvvəl elə bu günlərdə, yanvarla fevralın qovşağında, ayıb olmasın, uşaqların anası ilə Türkiyədə oxuyan tələbəmizi görməyə getmişdik. İstanbulda, İzmirdə və Manisada xeyli gəzib dolaşdıq. Qəribədir ki, hər ikimizin diqqətini eyni şey çəkmişdi: bir dənə də dublyonka görmədik. Halbuki biz evdən çıxana qədər uzun-uzadı götür-qoy eləmişdik ki, köhnə də olsa dublyonkasını götürsün, götürməsin. Yaxşı ki, mənim sözüm keçmişdi və yüngül geyimlə səfərə çıxmışdıq. Hər dəfə insanımızın zahiri görüntüyə, bəzək-düzəyə ifrat əhəmiyyət verməsindən söhbət düşəndə uşaqların anası o söhbəti xatırlayır.

Dərdim nədir, bilirsinizmi? – İnsanımız olduğu kimi qalmaq, görünmək istəmir. Elə bil hər kəs özündən qaçır, başqalaşmağa, yadlara oxşamağa çalışır. Çox bahalı estetik cərrahlar var ki, bir gündə bir neçə xanımın burnunu kəsib ölçüsünü, görüntüsünü dəyişir. Nəticə nə olur? – Hamısının burnu eyni ölçüdə, eyni görüntüdə. İnsan özü ilə barışmaq istəmir, halından məmnun deyil. Hamısının da tək səbəbi cahillikdir. Sənin burnun bir azca böyük, ya dodağında, alnında qırışlar olsa, nə olacaq? Deyilənə görə, indi ucu bir azca dik burunlar dəbdədir.

İşin ən betər tərəfi odur ki, təkcə qadınlar deyil, erkək qisminə aid edilənlər arasında da bu cür hallar yayılmağa başlayıb. Hansına da bir söz deyilsə, cavab verir ki, kimin nə işinə qalıb, bədən mənimdir, istədiyimi edərəm. Dodaqlarını şişirdirlər, sifət qırışlarını itirirlər, saçlarını boyadırlar, min cür oyundan çıxırlar. Bəzən yetmiş yaşında birisinə rast gəlirsən, gözünün içindən, davranışlarından qocalıq yağır, amma üzdə qırış yox, saçlar zil qara, alın şüşə kimi dümdüz… Yazıq adam! Daha nə deyəsən ki?! Vallah, qorxsan da öləcəksən, qorxmasan da; boyasan da gedəcəksən, boyamasan da.

Mənşəyi məlum olmayan, əksəriyyəti də Çin deyilən hər şeyin kopiyalandığı o ölkədən gələn kosmetik məmulatlarla hər gün nə qədər insanımız zəhərlənir, müxtəlif problemlər yaşayır.

Elə dəyərlər var ki, azad bazar iqtisadiyyatındə yaşasaq belə, mütləq qorunmalıdır. Çünki onlar həm insanın mənəviyyatı, həm də birbaşa səhhəti ilə əlaqədardır. Spirtli içkilər, siqaret qadağan olunduğu kimi, insanda ikrah doğuran bu cür sintetik reklamlar, yəni filankəs burun kəsir, dodaq şişirdir, alın düzəldir kimi bayağı roliklər də də efirlərimizdən yığışdırılmalıdır. Doğrudur, pul çox şeydir, amma hər şey deyil. Puldan daha dəyərli bir şeyi olmayanın boyuna da bir gün qiymət biçərlər. Bu qədər.

Əli Çərkəzoğlu