“Simurq”u niyə oturtdular?

Bu yazıya görə topa tutalacağıma yüz faiz əminəm. Amma bunu bilə-bilə başımda fırlanan mövzunu “auta” çıxarmaq istəmədim. Hər şeydən əvvəl, ona görə ki… Yox, bu dəfə özümü sığortalamağa çalışmayacağam. Odur ki, keçirəm birbaşa mətləbə…

Topaz Premyer Liqasının XXXII turu çərçivəsində keçirilən “Simurq” – “İnter” qarşılaşmasının start fiti səslənən kimi “Simurq”lular meydançada yerə oturdular. (Bir dəqiqədən sonra Zaqatala komandasının futbolçuları ayağa qalxaraq oyuna qoşuldular). Azarkeşlər onların bu oturuşunu “Qarabağ”la kubok matçındakı hakim səhvi ilə əlaqələndirməyə çalışdılar. Lakin ortada gəzən söhbətlərdən aydın oldu ki, bəs məsələ tamam başqa bir nəsnə ilə əlaqədardır, yəni həmin məsələnin onların keçirdikləri aksiyaya heç bir aidiyyatı yoxdur. Onlar bir dəqiqəlik oturaq sükutla başqa bir dərdlərini, yəni son üç ayın əmək haqlarını ala bilməmələrini bəyan edirlərmiş. Bu olayın məhz Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin sponsoru olduğu “İnter”lə görüşdə edilməsi isə təsadüfi deyildi. (Qeyd edək ki, Cahangir Hacıyevin Beynəlxalq Bankıın rəhbərliyindən uzaqlaşdırılmasından sonra “İnter” də ciddi maliyyə problemi ilə üzləşib). Çünki Hacıyev bilavasitə “Simurq”un da sponsorlarından sayılırdı. Görünür, “Simurq”lu futbolçular məhz bu addımı “İnter”lə görüşdə etməklə diqqəti öz üzərlərinə çəkmək istəyirdilər… Bununla “Simurq”un nəyə nail olduğunu deyə bilmərəm. Lakin kimlərinsə nələrə isə nail olduğunu söyləmək mənim üçün o qədər də çətin deyil.

İlk baxışda onların bu hərəkətlərində qeyri-adi heç nə yoxdur. Mən özümü aylardır maaş almayan həmin futbolçuların yerinə qoyuram. Heç kimə sirr deyil ki, peşəkar futbolçular oyunları pula görə oynayırlar. Maliyyə stimulu olmadan oynamaq hansı futbolçuya xoşdur ki? Amma bir qədər dərindən düşündükdə klub rəhbərliyi ilə razılaşdırılımış bu oturma əməliyyatında, oturaq aksiyada başqa bir mənzərə ortaya çıxır.

Bəli, bu gün Şəki-Qax-Zaqatala-Balakən bölgəsinin Premyer Liqada yeganə təmsilçisi olan “Simurq”un belə bir duruma düşməsi acınacaqlıdır. (İndiki zəmanədə pulsuz-parasız keçinməyin qeyri-mümkünlüyü göz qabağındadır. Təbii ki, bu məsələ futboldakı başbilənlərimizi ciddi düşündürməlidir). Gərək futbolçular öz haqlarını başqa şəkildə tələb edəydilər. Niyə belə deyirəm?

Unutmayaq ki, gələn ay Bakıda birinci Avropa Oyunları keçiriləcək. Bu mötəbər tədbirin qısa zaman kəsiyində lider bir dövlətə çevrilmiş Azərbaycanda keçirilməsini isə bəzi ölkələr, qüvvələr həzm edə bilmir, elə buna görə də ölkəmizə qarşı qarayaxma kampaniyaları aparırlar. “Simurq”lu futbolçuların 3 ay maaş ala bilməməsinə bu formada etiraz etməsi əlehdarlarımızın təbliğatına yaman yarayıb. Məsələn, Ermənistan mediası bu faktdan məharətlə yararlanıb və zaqatalalıların 3 ay maaş ala bilməməsini geniş işıqlandıraraq İlk Avropa Oyunları öncəsi Azərbaycanda iqtisadi problemlərin yarandığını vurğulayıb. Və dünyanın diqqətini bu mənzərəyə cəlb etmək məqsədilə öz həmkarlarına, əgər belə demək mümkünsə, pas da verib. Sizcə, “Simurq” bu oturuşu ilə düşmən dəyirmanına su tökməyibmi? Məncə, bu məsələdə AFFA, eləcə də PFL rəsmiləri klub rəhbərliyi qədər günahkardırlar.

Mənə elə gəlir ki, “Simurq”luların bu oturaq aksiyasından onların müəyyən mənada xəbərləri olub. Lakin nədənsə həmin aksiyanın qarşısını almaq məqsədi ilə ciddi bir tədbir görülməyib. Hətta Ramin Musayev matçın başlama saatlarında “Simurq”da hər şeyin yaxşılığa doğru gedəcəyini bildirib. Lakin görünür onun bu vədi futbolçuları qane etməyib, onlar bunu yetərli saymayaraq PFL prezidentindən əməli addım gözləyiblər (Bu, onların vədlərdən cana doyduqlarının əyani göstəricisi sayıla bilər) Əks halda, onlar daşı ətəklərindən tökərdilər. Nə isə…

Mənə belə gəlir ki, bu beynəlxalq tədbirə hər kəs öz töhfəsini verməlidir. Daha “Simurq” kimi oturmaqla yol, əməli işlər görməklə…

Qvami Məhəbbətoğlu