“Simurq” dördüncü yerə yüksələ biləcəkmi?

716

Bu gün Topaz Premyer Liqasında XXVII tura start veriləcək. Yığmaların oyunları ilə əlaqədar yaranan 13 günlük fasilədən sonra komandalar III dövrənin son görüşlərinə çıxacaq. Bu turda “qırmızı-qaralar” – “Qəbələ” istirahət edəcək. 4-cü yeri ələ keçirmək iddiasında olan “Simurq”la AZAL üz-üzə gələcək. Zaqatala Şəhər Stadionundakı görüşdə qalib gələcək komanda “Qəbələ”ni arxada qoya bilər. Bərabərliyin qeydə alınması isə komandaların dördüncü yer arzusunu gözündə qoyacaq. (AZAL 9 oyundur “Simurq”a qalib gələ bilmir) Qeyd edək ki, “təyyarəçilər”in AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bu görüşdə iki futbolçunun xidmətindən istifadə edə bilməyəcək. Belə ki, Rəşad Abdullayevə tətbiq olunan 3 oyunluq cəza ilə bağlı o, “Simurq”la matçda komandasına kömək edə bilməyəcək. Onunla yanaşı, gənc futbolçu Seymur Əsədov da Zaqatalaya aparılmayıb. Buna səbəb 21 yaşlı yarımmüdafiəçinin sarı vərəqə limitini doldurmasıdır. Komandada zədəli oyunçu isə yoxdur. Zədəsini tam sağaldan Viktor İbekoyi də sıraya dönüb. Məşqçilər korpusu hazır olan İbekoyini Zaqatalaya aparılan heyətə daxil edib. Paytaxt derbisi Turun ilk oyun gününə eyni vaxtda başlayacaq iki qarşılaşma ilə yekun vurulacaq. Paytaxt derbisində (Baksell Arenada) “Neftçi” “Bakı”nı sınağa çəkəcək. “Ağ-qaralar” autsayderlə görüşdə 3-cü pillədəki mövqeyini daha da möhkəmlətmək üçün qalib gəlməyə çalışacaq. Paytaxtın digər təmsilçisi isə 15 oyunluq qələbə həsrətini qırmaq əzmindədir. “Neftçi”nin qapıçısı Aqil Məmmədov “Bakı” ilə oyunda qalib gəlmək üçün əllərindən gələni edəcəklərini vurğulayıb. (Son 3 paytaxt derbisində “Neftçi” qalib gəlib) Qeyd edək ki, “Neftçi” bu qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Belə ki, Karlos Kardoso və Erik Ramos cəza ucbatından bu gün meydançaya çıxmayacaqlarsa, 3 oyunçu zədədən əziyyət çəkir. Mövsümü qapayan Ernest Nfora daha iki futbolçu qoşulub. Bunlar Flavinyo və Məqsəd İsayevdir. Hər iki oyunçunun zədəsi kamerunlu kimi ciddi olmasa da, onlar “Bakı” ilə görüşü buraxmalı olacaqlar. Həkimlər kapitanla gənc müdafiəçini aprelin 5-də XXVIII tur çərçivəsində “Simurq”la baş tutacaq görüşə yetişdirməyə çalışırlar. 2015-ci ildə uğursuz çıxış edən digər iki komanda Lənkəranda (Xəzər Lənkəran Mərkəzi Stadionu) üz-üzə gələcək. Mövsümün ikinci yarısında qələbəsi olmayan “Sumqayıt” “Xəzər Lənkəran”la qarşılaşmada 3 xal qazanmağa cəhd edəcək. Cənublular isə turnir cədvəlindəki qonşusunun ona yaxınlaşmasına əngəlləmək üçün xal qazanmalıdır. (“Xəzər Lənkəran” turnir cədvəlində 23 xalla onuncu yerdədir). Buna rəğmən, təxminən eyni gücə malik komandalardan hansının favorit olduğunu demək çətindir. “Meydana qələbə üçün çıxacağıq” Rəqiblərini “Neftçi” ilə eyni arenada qəbul etdiyindən oyunu bir gün sonraya təxirə salınan “Qarabağ”ın “İnter”lə qarşılaşması isə aprelin 2-də baş tutacaq. Turun ikinci günündə keçiriləcək görüşlə dövrəyə yekun vurulacaq. İlk 2 matçda qolsuz bərabərliklə ayrılan klubların duelinin nəticəsi son dövrədə intriqanın qalıb-qalmamağına da təsir edəcək. (Sonuncu dəfə 5 il əvvəl “Qarabağ”a qalib gələn “İnter” 17 oyundur rəqibini məğlub edə bilmir). Milli komandamızın üzvü, “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev bu oyunun prinsipial xarakter daşıdığını bildirib: “Matçın prinsipiallığını yaxşı dərk edirik. Ancaq bunun çempionluğun taleyini həll edəcək oyun olduğunu düşünmürəm. Çünki bundan sonra hələ 9 tur olacaq. Psixoloji cəhətdən matça tam hazırıq. Amma fiziki cəhətdən çatışmazlıq ola bilər. Çünki əsas heyətin bir neçə üzvü yığmanın heyətində oyun keçirib. Yorğunluq var. Ancaq istənilən halda, meydana qələbə üçün çıxacağıq”. Milli komandamızın və “Qarabağ” klubunun hücumçusu Vüqar Nadirov da bu fikirdədir: “Bəzi futbolçularımız hələ milli komandanın düşərgəsinə qoşulmazdan əvvəl komandamız “İnter”lə oyunun hazırlığına başlamışdı. İndi isə bütün fikrimizə bu oyuna yönəlib. Bizi ağır qarşılaşma gözləyir. Eyni zamanda maraqlı görüş olacaq. Çünki hər iki komanda sırf qələbəyə oynayacaq. Xal fərqini daha da artırmaq şansımız var. Hazırda “İnter”dən doqquz xal öndə olsaq da, bizi ancaq qələbə qane edə bilər. Hər qələbə bizi çempionluğa bir addım da yaxınlaşdırır”. O həmçinin rəqibin 5 illik tilsimi qırmaq üçün bütün imkanlarını səfərbər edəcəyini də bildirib: “Bəli, uzun müddətdir ki, “İnter”ə uduzmuruq… “İnter” bu sindromu qırmağa çalışacaq”. Bu oyunda “Qarabağ” qələbə qazansa, son 8 matç ərəfəsində üstünlüyünü 12 xala çatdıracaq. Bununla, ağdamlılar çempionluq yolunda böyük addım atacaqlar. Qurban Qurbanovun yetirmələri heç-heçə ilə indiki fərqi qorusa da, son dövrə ərəfəsində böyük üstünlüyə sahib olacaq. Bakılıların (Yeri gəlmişkən, 10 gündən çoxdur ki, komandadan ayrı olan baş məşqçi Kaxaber Sxadadzenin komandasını bu görüşə necə hazırlayacağı maraq doğurur)qələbəsi isə intriqanın az-çox qalmasına imkan verəcək. Çünki liderlə izləyicisi arasında fərq 6-ya enəcək. Qeyd edək ki, “Qarabağ” son beş ildə “İnter”ə məğlub olmayıb. “Qarabağ”ın qapıçısı Fərhad Vəliyevin futbolinfo.az saytına deyib: “Düzdür, 5 ildir məğlub olmuruq, amma hər qarşılaşmanın öz hekayəsi var. Bu da yeni bir səhifədir, yeni oyundur. Məğlub olmamaq üçün əlimizdən gələni edəcəyik. Bizim üçün çətin olacaq. Çünki rəqib qalib gəlib, xal fərqini azaltmağa çalışacaq”. Məlumat üçün bildirək ki, ilk iki dövrədə bu komandalar arasındakı göstəricilər belə olub: “Simurq” – AZAL 2:0, 2:2, “Xəzər Lənkəran” – “Sumqayıt” 0:1, 2:1, “Neftçi” – “Bakı” 1:0, 3:1, “Qarabağ” – “İnter” 0:0, 0:0

Qvami Məhəbbətoğlu