Şimali Koreya dünyanı ayağa qaldırıb

0
495

Şimali Koreya Bakı vaxtı ilə saat 05:30-da ilk hidrogen bombasını sınaqdan keçirdiyini açıqlayıb.

Şimali Koreya hökuməti ölkə televiziyası ilə xüsusi bəyanat yayaraq hidrogen bombasının uğurla sınaqdan keçirildiyini bildirib. Məlumatda sınağın mənfi ekoloji təsirlərinin olmadığı xüsusi vurğulanıb. Cənubi Koreya KİV-lərinin məlumatına görə, nüvə qurğusu təxminən 100 metr dərinlikdə partladılıb. Partlayış 5,1 bal gücündə zəlzələnin baş verməsinə səbəb olub. Koreya Xalq Demokratik Respublikası əvvəllər 2006, 2009 və 2013-cü illərdə nüvə sınaqları keçirib. Buna cavab olaraq BMT TŞ rəsmi Pxenyana müxtəlif sanksiyalar tətbiq edib. Qeyd edək ki, dünyada ilk termonüvə partlayışı 1952-ci il noyabrın 1-də ABŞ tərəfindən həyata keçirilib. 12 avqust 1953-cü ildə isə SSRİ ilk neytron bombasını partladıb. Hadisə ilə əlaqədar Cənubi Koreya və Yaponiyada milli təhlükəsizlik qurumlarının təcili iclası çağırılıb.

“Vəziyyəti gərginləşdirə biləcək istənilən

fəaliyyəti dayandırmağa çağırırıq”

Koreya Xalq Demokratik Respublikasının (KXDR) hidrogen bombasını sınaqdan keçirməsi nəticəsində yaranan yeraltı təkanlar səbəbi ilə Çin sərhəd rayonlarındakı əhalini evakuasiya edib. Həmçinin baş vermiş hadisə ilə bağlı Çin qəti etirazını bildirib. “Koreya Xalq Demokratik Respublikası nüvə sınağı barədə məlumat verib. Çin buna qəti şəkildə etiraz edir. Çinin mövqeyi nüvə silahının yayılmasının qarşısının alınması və Şimal-Şərqi Asiyada sülh və stabilliyin təmin edilməsidir. Biz israrla KXDR-nı nüvə silahını yaymamaqla bağlı öhdəliklərə əməl etməyə və vəziyyəti gərginləşdirə biləcək istənilən fəaliyyəti dayandırmağa çağırırıq”, – deyə Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Xua Çunin deyib. Həmçinin qonşu ölkələr olan Yaponiya, Cənubi Koreya da KXDR-nin bu addımı ilə bağlı rəsmi şəkildə etiraz edib.

“Biz onların nüvə sınağı keçirməsinə

heç bir halda dözə bilmərik”

“Nüvənin yayılmaması haqda qaydaları pozduğu üçün Yaponiyanın Şimali Koreyaya cavabı çox sərt olacaq”. Bunu Yaponiyanın Baş Naziri Sindzo Abe bildirib. Baş Nazir qeyd edib ki, Şimali Koreyanın sonuncu nüvə sınağı Yaponiyanın təhlükəsizliyinin təhdid edir: “Biz onların nüvə sınağı keçirməsinə heç bir halda dözə bilmərik”. BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi ilə bağlı dünən təcili toplantı keçirəyi açıqlanıb. Toplantı ABŞ və Yaponiyanın müraciətləri əsasında çağırılıb. Məlumata görə, yığıncaq qapalı olub. Cənubi Koreya şimaldakı qonşu dövlətin yeni nüvə sınağını kəskin mühakimə edib. Ölkə Xarici İşlər Nazirinin müavini Lim Sun Nam deyib: “Bu, Şimali Koreyanın növbəti təxribatı, BMT Təhlükəsizlik Şurası qətnamələrinin pozulması, dünyada sülh və təhlükəsizliyə qarşı təhdid çağırışıdır”.

Rusiya Koreya yarımadasındakı vəziyyətin

diplomatik yolla tənzimlənməsini dəstəkləyir

“Rəsmi Moskva Koreya Xalq Demokratik Respublikasının hidrogen bombasını sınaqdan keçirməsi xəbərindən olduqca narahatdır”. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. “Rusiya Prezidenti Vladimir Putin sınağın keçirilməsi haqda məlumatın təsdiqlənəcəyi təqdirdə, seysmoloji stansiya ölçülərinin göstəricilərini öyrənmək və vəziyyəti təhlil etmək barədə göstəriş verib”, – deyə D. Peskov qeyd edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, Pxenyanın hidrogen bombasını sınaqdan keçirməsi təsdiqlənsə, bu, onun nüvə silahının inkişafı yolunda yeni addım atmasının göstəricisi olacaq: “Bu isə beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurası qətnamələrinin kobud şəkildə pozulması deməkdir. Rusiya hidrogen bombasının sınağını diqqətlə izləyir və mövcud texniki məlumatları təhlil edir. Hazırkı vəziyyətdə bütün maraqlı tərəfləri təmkin nümayiş etdirməyə və regionda gərginliyin idarə olunmaz şəkildə artmasına gətirib çıxaracaq addımlardan çəkinməyə çağırırıq”. M. Zaxarova qeyd edib ki, Rusiya Koreya yarımadasındakı vəziyyətin diplomatik yolla – altıtərəfli danışıqlar vasitəsilə tənzimlənməsini və tezliklə dialoqun başlanmasını dəstəkləyir.

“KXDR-in bu addımı BMT TŞ qətnaməsinin

açıq şəkildə pozulması deməkdir”

Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Konstantin Kosaçev öz “facebook” səhifəsində KXDR tərəfindən nüvə sınağının Rusiyanın milli təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib. Həmçinin ABŞ, Böyük Britaniya, Fransa, Avstraliya da nüvə sınağını pisləyən bəyanat yayıb. “Koreya Xalq Demokratik Respublikasının hidrogen bombasını sınaqdan keçirməsi BMT Təhlükəsizlik Şurasının qətnaməsinin pozulması deməkdir”. Bu sözləri Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano deyib. O, rəsmi Pxenyanı öz öhdəliklərini yerinə yetirməyə çağırıb: “KXDR bu gün (dünən) hidrogen bombasını sınaqdan keçirdiyini bəyan edib. KXDR-in bu addımı BMT TŞ qətnaməsinin açıq şəkildə pozulması deməkdir. Mən, KXDR-i qəti şəkildə BMT TŞ və agentliyin qətnamələrinə əməl etməyə çağırıram”.